Daha bir erməni həyasızlığı – Cavab necə olmalıdır?
Azərbaycan Ermənistanı həm işğal edilmiş ərazilərdə, həm də sərhəd ərazilərində axan çayların qabağını kəsməsi, eyni zamanda Sərsəng su anbarını bağlayaraq, yay aylarında Tərtər kəndlərini susuz qoyması ilə bağlı AŞPA-ya, və ya BMT-yə şikayət edə bilər. Rəsmi İrəvanı bu qurumlara şikayət etməyin nəticəsi ilə bağlı nəsə demək çətin olsa da, ən azından bu məsələni aktuallaşdırmaq olar.
Bunu beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Ermənistan parlamentinin deputatı, baş nazir Nikol Paşinyanın qohumu Sipan Paşinyanın Tovuz rayonu ilə həmsərhəd Doveq kəndində Azərbaycana axan çayın qabağını nümayişkaranə şəkildə ekskovatorla kəsməsi haqda danışarkən deyib.
O bildirib ki, bir ölkənin ərazisindən axan çaylara müdaxilə edib başqa bir ölkəni susuzluqla üz-üzə qoyması beynəlxalq konversiyalarla tənzimlənməyib:
“Bəzi ölkələr öz ərazisindən keçən çayların qarşısına bəndlər çəkməklə və ya çayların istiqamətini dəyişməklə qəsdən, ya da bilməyərəkdən bu kimi problemlər yarada bilir. Təbii ki, bu, digər dövlətlərin etirazına səbəb olur. Adətən bu kimi problemlər dövlətlərarası xoş münasibətlər fonunda qarşılıqlı görüşlərlə həll olunur.
Bu gün Yaxın Şərq ölkələrinin bir çoxu üçün həyati əhəmiyyətə malik çaylar mənbəyini Türkiyə ərazisindən götürür. Türkiyə müxtəlif vaxtlarda su elektrik stansiyaları tikməklə bu çayların axmasında fasilələrin yaranmasına səbəb olmuşdu. Lakin region ölkələri məsələni danışıqlar yolu ilə həll etdi.
Lakin Azərbaycanla Ermənistan faktiki müharibə vəziyyətindədir. Bu mənada heç bir xoş münasibətdən və ya danışıqlardan söhbət gedə bilməz. Digər tərəfdən, ermənilərin həm işğal edilmiş ərazilərdə, həm Ermənistanın sərhəd ərazilərində Azərbaycana axan çayların qabağını kəsməsi ilk hal deyil. İllərdir işğalçılar Sərsəng su anbarını bağlayaraq, yayda Tərtər kəndlərini susuz qoyur. Təəssüf ki, bu məsələ hüquqi konversiyalar ilə tənzimlənməyib”.
Hüquqşünas deyib ki, Sərsəng su anbarı ilə bağlı artıq presedent var:
“AŞPA Sərsəng su anbarı ilə bağlı 1416 saylı qətnamə qəbul edib. Hesab edirəm ki, bu, presedent üçün istifadə oluna bilər və Ermənistan əleyhinə növbəti qətnamənin qəbuluna səbəb olar”./axar.az/