Mustafa Şentop: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Sentyabrın 11-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub. Nümayəndə heyətimiz tərəfindən Azərbaycan xalqının ümummilli liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyulub və xatirəsi anılıb.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Sonra deputatlarımız Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını – “Anıtqəbri” ziyarət ediblər. Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın adından “Anıtqəbri”n önünə əklil qoyulub. Parlamentin Spikeri Xatirə kitabına ürək sözlərini yazıb.

Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü olub.

Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətinin üzvlərini səmimi salamlayan Mustafa Şentop bildirib ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, tək millətdir. Azərbaycanın acısı bizim acımız, Azərbaycanın sevinci bizim sevincimizdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mustafa Şentop diqqətə çatdırıb ki, Ermənistan təkcə Azərbaycana deyil, bütün bölgəyə təhdiddir. Dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycana istənilən mövzuda dəstək olmağa hazırıq. Bu baxımdan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın yanındadır.

TBMM-in sədri qeyd edib ki, Azərbaycan Prezidentinin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər 83 milyonluq Türkiyənin qəlbinə su səpdi. Mustafa Şentop Yunanıstanla bağlı məsələdə Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürünü çatdırıb.

Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşə görə minnətdarlıq edərək parlamentin başçısı kimi ilk olaraq Türkiyəni ziyarət etməsindən məmnunluq duyduğunu ifadə edib. Bildirib ki, ölkələrimiz arasında gözəl bir ənənə formalaşmışdır – yüksək vəzifəli dövlət rəsmilərimiz vəzifələrinin icrasına başladıqdan sonra ilk rəsmi xarici səfərlərini qarşılıqlı şəkildə qardaş ölkəyə edirlər. Mən də bu gözəl ənənəyə sadiq qalaraq ilk xarici rəsmi səfərimi məhz dost ölkə Türkiyədən başladım. Bu, olduqca təqdirəlayiqdir və mən əminəm ki, iki qardaş ölkə arasında bu gözəl ənənə bundan sonra da yaşayacaq.

Sahibə Qafarova təəssüflə bildirib ki, koronavirus pandemiyası səbəbindən bu səfəri daha əvvəl həyata keçirmək mümkün olmadı. Sədr pandemiyaya qarşı aparılan çox təsirli mübarizə ilə bağlı qardaş Türkiyə Cümhuriyyətini təbrik edib.

Azərbaycan-Türkiyə münasibətlərindən danışan Milli Məclisin Sədri qeyd edib ki, dünya siyasi sistemində bunun alternativi yoxdur. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq qardaş parlamentlər xarakterinə sahibdir. Bu qardaşlıq parlamentlər arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda özünü göstərir.

Parlamentlərimizdə qarşılıqlı fəaliyyət göstərən dostluq qrupları vardır. Azərbaycan tərəfdən Əhliman Əmiraslanov, həm də Türkiyə tərəfdən Şamil bəy bu qruplara uğurla rəhbərlik edirlər. Şamil Ayrım Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Dostluq” ordeninə layiq görülüb.

Sahibə Qafarova qeyd edib ki, parlament rəhbərləri ilə yanaşı, dostluq qruplarımız arasında da qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdür. Çünki dostluq qrupları arasında təmasların intensivləşməsi ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə mühüm töhfə verir.

Sədr iyulun 12-də Ermənistan tərəfindən Tovuz istiqamətində sərhəddə törədilən təxribatla bağlı Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya – AK Parti, CHP, MHP və İYİ Partinin ortaq bəyanatla çıxışına görə Türkiyə siyasətçilərinə, siyasi partiyalarına bir daha dərin minnətdarlığını bildirib.

Xanım sədr vurğulayıb ki, bir millət iki dövlət olaraq tariximizdə də çox oxşarlıqlar var. Buna görə gələcəyimizi də gərək elə quraq ki, bunları qoruyub saxlayaq.

Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, cənab Prezidentin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər bütün Azərbaycanın mövqeyidir.

Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanla Türkiyə arasında çox sıx münasibətlər var. Bugünədək iki ölkə arasında 249 sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri təkcə bizim ölkələr üçün deyil, bütün bölgə üçün mühüm layihələrdir və bunu birlikdə həyata keçirməyimiz bizim birliyimizdən, qardaşlığımızdan və dostluğumuzdan xəbər verir. Hesab edirəm ki, biz bu münasibətləri daha da genişləndirməliyik.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password