Türkiyə Fransaya görə Avropanı iflic edə bilər – Şərh

 

Fransanın antitürk siyasəti Avropa Birliyinin başını ağrıda bilər. Çünki Ankara ona qarşı atılan istənilən mənfi qərara ölkədəki miqrantların Avropaya yolunu açmaqla cavab verə bilər.

Bu sözləri politoloq İlqar Vəlizadə Fransanın Avropa Birliyinin (AB) digər üzvləri ilə birgə Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməsi üçün danışıqlar aparmasını şərh edərkən deyib.

O bildirib ki, Fransa Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi əsas gətirərək Avropa Birliyinə rəsmi Ankaraya iqtisadi sanksiya tətbiq etməsi üçün təzyiq edir:

“Ehtimal etmirəm ki, Avropa Birliyi Fransanın təhriki ilə Türkiyəyə iqtisadi sanksiya tətbiq etsin. Məsələ ondadır ki, AB təkcə Fransadan ibarət deyil. Rəsmi Parisin təşkilat daxilində nüfuzu çox olsa da, bu qərarvermə mexanizminə təsir edəcək qədər deyil. Digər tərəfdən, AB-nin digər üzvləri Türkiyə ilə münasibətləri pozmaq istəmir. Xüsusilə Almaniya, Avstraliya, Macarıstan, Rumıniya rəsmi Ankaranı təşkilat üçün mühüm iqtisadi tərəfdaş hesab edir. Bu mənada Fransanın təzyiqləri ittifaqın rəsmi Ankaraya iqtisadi sanksiya tətbiq etməsi üçün yetərli deyil”.

Politoloqun fikrincə, Avropa Birliyinin Türkiyəyə iqtisadi sanksiya tətbiq etməsi ittifaqa baha başa gələ bilər:

“Türkiyə hazırda Avropa üçün qalxan rolunu oynayır. Suriyada baş verən vətəndaş müharibəsi hələ bitməyib və demək olar, hər gün minlərlə suriyalı Türkiyəyə axın edir. Türkiyə suriyalı miqrantları öz ölkəsində saxlamaq məcburiyyətində deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Avropa Birliyinə xəbərdarlıq edib. Türkiyəyə qarşı atılacaq hər hansı bir mənfi addım Ankaranın miqrantları Avropaya buraxması ilə nəticələnə bilər. Bu isə Avropa Birliyi üçün ciddi problem deməkdir. Bu mənada Türkiyəyə qarşı hər hansı bir iqtisadi sanksiyanın tətbiq olunması real səslənmir”.(axar.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password