ÜST-dən həyəcan təbili: Korona buna görə yayılır

Təəssüf ki, ötən həftədən bəri yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar uğursuz dinamika müşahidə olunur. Hər gün virusa qlobal yoluxma hallarında yeni rekordlar qeydə alınır. Yoluxma daha çox Asiya qitəsində, Hindistanda olub. Sutka ərzində burada yoluxanların sayı 80 min artıb. Lakin ABŞ COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayına görə, dünyada birinci yerdədir. Orada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı gün ərzində 24-25 min nəfər artıb. Eyni zamanda, Braziliya, Argentina və Peru kimi bəzi Latın Amerikası ölkələrində də yoluxma halları yüksəkdir. Afrikanın bir hissəsində isə pandemiya ilə bağlı vəziyyət yaxşılaşır, yoluxma halları azalır. Nümunə olaraq Cənubi Afrika, Nigeriya və Efiopiyanı göstərə bilərəm. Buarada yoluxma çox olsa da, yeni yoluxanların sayı azalıb. Bu da yaxşı xəbərdir. Avropada isə yoluxma halları artmaqdadır. Buna səbəb əhalinin sosial məsafə qaydalarına lazımınca əməl etməməsi və kütləvi tədbirlərin keçirilməsidir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Marqaret Harris deyib.

Onun sözlərinə görə, hazırda ölkələrin əksəriyyətində virusun yayılmasına səbəb əsasən insanların qaydaların tətbiqində boşluğa yol verməsidir:

“Məlumdur ki, insanlar birlikdə çoxlu vaxt keçirirlər. Bu isə yoluxma riskini artırır. Xüsusilə qapalı məkanlarda insanların bir yerdə toplaşması doğru deyil. Çünki belə olan halda virus asanlıqla insandan-insana yoluxur. Virus infeksiyalarından qorunmağın əsas yolu gigiyenik qaydalara düzgün əməl etmək sayılır. Koronavirus pandemiyası ilə əlaqədar insanların qapalı və açıq məkanlarda kütləvi şəkildə toplaşması virusun yayılmasına təkan verən ən əsas məqamdır. Yoluxma hallarının qarşısını almaq üçün hər bir kəs şəxsi gigiyena qaydalarına əməl etməli və öz sağlamlığını qorumalıdır. COVID-19-dan qorunmaq üçün sosial məsafənin saxlanılması və əllərin yuyulması ən təsiredici gigiyenik üsul hesab olunur. Qapalı məkanın olması problem deyil. Əsas məsələ həmin məkanın necə ventilyasiya olunmasıdır. Əgər ventilyasiya pis işləyirsə, hava zəif sirkulyasiya etdiyindən insanların virusa yoluxma təhlükəsi daha yüksək olur. Yəni ventilyasiyası pis olan qapalı məkanda virusun daha çox qalma ehtimalı olduğundan insanlar infeksiyaya daha çox tutulurlar. Baş verənlərə daha ciddi və məsuliyyətli yanaşmaq lazımdır. Bununla yanaşı, koronavirusa qarşı ümidverici vaksinlər hazırlanır. Lakin buna baxmayaraq, peyvənd 6 aydan tez hazır olmayacaq. Əgər məsələyə ciddi yanaşmasaq, yeni çətinliklərlə üz-üzə qalmalı olacağıq. Yoluxma sayının daha da artması qaçılmaz olacaq”.

O, həmçinin deyib: “Uşaqların gigiyenik qaydalara əməl etməməsi də virusun yayılmasına şərait yaradır. 12 yaş və ondan böyük uşaqlar virusun çox yayıldığı və fiziki məsafənin mümkün olmadığı məkanlarda maska taxmaqla bağlı böyüklərə aid edilən tövsiyələrə əməl etməlidirlər. Yaşı 12-dən az olan uşaqların maska taxması ilə bağlı qərarı valideynlər verir. Biz başa düşürük ki, maska taxmaq nəfəs almaqda çətinlik yaradır. Lakin uşaqların sağlamlığını da nəzarətdə saxlamaq lazımdır. Yoluxma hallarının artım dinamikasından asılı olaraq şərtlər dəyişə bilər. Beş yaşadək uşaqlara maska taxılmasını tələb etməməyi məsləhət görürük. Bu, uşağın təhlükəsizliyinə və ümumi maraqlarına, eləcə də maskanı minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır. 6-11 yaşlı uşaqların virusun çox yayıldığı məkanlarda parça maska taxıb-taxmaması barədə qərar verərkən böyüklərin müşahidəsi və maskanı təhlükəsiz daşımaq imkanı kimi konkret amilləri nəzərə almaqla risk dəyərləndirməsinə əsaslanan yanaşma tətbiq etmək lazımdır.

Pandemiyadan əvvəlki dövrdə dünyada həkim çatışmazlığı ilə bağlı bəzi problemlər var idi. Lakin koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə modul tipli xəstəxanaların quraşdırılması həkimlərlə bağlı çatışmazlığın aradan qaldırılmasında mühüm rol oynayır. Koronavirus pandemiyası ilə bağlı səhiyyə xidmətlərini müasirləşdirmək və gücləndirmək istiqamətlərində atılan bütün addımları dəstəkləyirik. Əsas məqsəd insanları bu xəstəlikdən qorumaq və onların həyatını xilas etməkdir. Eyni zamanda, vurğulamaq istərdim ki, yeni açılan xəstəxanalarda koronavirusa yoluxmuş xəstələrin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradılması zəruridir. Səhiyyə sahəsində islahatlar çərçivəsində əsas istiqamətlərdən biri də bir sıra yoluxucu xəstəliklərə qarşı mübarizə işini müvəffəqiyyətlə təşkil etməkdir. Virusa qarşı mübarizədə həmrəylik nümayiş etdirsək, ona uğurla qalib gələ biləcəyik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password