Baş infeksionist – “Rayona gedəndə qohumlarla görüşməyin!”
Sabahdan etibarən rayonlara gediş-gəlişin bərpa edilməsi və digər yumşalma tədbirləri vətəndaşları arxayınlaşdırmamalıdır.
Bunu açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, insanlar ictimai nəqliyyatdan istifadə etməsə, yaxud sıxlıq olmasa, hər kəs öz avtomobili ilə rayonlara getsə, yoluxma ehtimalı az olar:
“Bütün hallarda verilən tövsiyələrə əməl etmək lazımdır. Təbii ki, rayonlarda Bakıdakı qədər sıxlıq olmur. Kiminsə rayonda evi varsa, orada istirahət edir. Həmin şəxslərin başqaları ilə təmas ehtimalı Bakıya nisbətən aşağı olur. Ona görə də tövsiyələrə əməl olunması, sosial təcridin, məsafənin gözlənilməsi, maskadan istifadə və şəxsi gigiyena qaydalarına əməl edilməsi vacib şərtdir. Bakıda özümüzü virusdan qorumaq üçün hansı qaydalara əməl ediriksə, rayonlarda da həmin qaydalara riayət olunması vacibdir”.
C.İsayev bildirib ki, rayona gedən şəxslər yaxınları ilə görüşməyə, əlaqə saxlamağa cəhd etməsinlər: “Telefonla danışsınlar, məsafə saxlasınlar. Bizim insanlarımız istiqanlıdır. Rayona gedən zaman qohum-əqrəba ilə görüşməyə can atır. Lakin epidemioloji vəziyyətdə belə görüşlər təhlükə yarada bilər. Görüşmək məcburiyyəti yaransa, mütləq qaydalara əməl etsinlər”.
Baş infeksionist, həmçinin qeyd edib ki, insanlar koronavirusun artıq bitdiyini düşünməsinlər, təhlükə hələ də davam edir.
“Bizdə koronavirusa gündəlik yoluxma sayı üçrəqəmlidir, 100-dən artıqdır. Bu da təhlükəlidir. Hər zaman alovlanma baş verə və yenidən xəstələnmə sayı arta bilər. Bu da səhiyyə işçilərinin, insanların sağlamlığı üçün təhlükəlidir. Qonşu Türkiyədə son günlər xəstələnmə sayı artır. Bu, bizdə də gözlənilə bilər. Ona görə hamıdan xahişimiz və tələbimiz odur ki, qaydalara əməl edək. Çalışaq ki, yoluxma sayı artmasın. Xəstələr ev şəraitində özbaşına müalicə almasınlar. Həkim və mütəxəssis çağırsınlar, qərar verilsin ki, xəstə ev şəraitində müalicə alsın və ya xəstəxanaya göndərilsin. Bunlara əməl edilərsə, yoluxma sayında artım olmaz”./azvision.az/