Azərbaycanda bu tarixdən dərslər ənənəvi qaydada keçirilə bilər – AÇIQLAMA
Koronavirus pandemiyasına görə sentyabrın 15-də dərslər 1-4-cü sinif şagirdləri üçün ənənəvi, yuxarı sinif şagirdləri üçün də onlayn formada keçirilməsi gözlənilir. Ali təhsil müəssisələrində də oktyabrın 1-dən 1-ci kurs tələbələri üçün ənənəvi formada başlanması nəzərdə tutulur. Ümumdünya Səhiyyə Təşilatı koronavirus pandemiyasının 2 il sürəcəyini söyləsə də bəzi mütəxəssislər virusun payızda sönməsi ilə bağı fikirlər səsləndirirlər. Koronavirus pandemiyası payəzın sonuna kimi sönərsə, dərslər orta və ali təhsil müəssisələrində ənənəvi qaydada keçirilə bilərmi?
Bununla bağlı fikirlərini bölüşən professor Adil Qeybulla bildirib ki, orta məktəblərdə dərslərin başlaması ilə bağlı elan verilib:
“Yuxarı sinif şagirdləri əvvəl də müxtəlif yollarla dərsə gəlmirdi. Bu il bu qanuniləşdirildi. Uşaqların kütləvi şəkildə xəstələnməsi halları baş verməyib. Karantin qaydalarına ciddi əməl edilməklə orta məktəblərdə dərslər başlamalıdır. Böyük Britaniyada bununla bağlı başqa fikirlər var. Hesab edirəm ki, biz bunu müxtəlif yollarla həll edə bilərik. Sinifləri səhər, günota və axşam növbəsinə bölməklə dərslər keçirilə bilər. Məktəblərin hər axşam dezinfeksiyası, partaların təmizlənməsi və digər sanitar-gigiyenik qaydalara əməl edərək uğur əldə edə bilərik. Birinci sinif şagirdlərinin dərsə başlaması çox mühümdür. Çünki onlar ilk vərdişlərinə yiyələnirlər. O baxımdan karantin qaydalarına riayət edilməklə orta məktəblərdə dərslər başlamalıdır. Bu məsələ ilk öncə test edilməlidir. Ondan sonra ali təhsil müəssisələrində dərslərin keçirilmə məsələsinə baxıla bilər”.
Adil Qeybulla fikrini belə tamamlayıb:
“Virusun nə zaman sönəcəyi ilə bağlı müxtəlif fikirlər var. Payızın sonuna kimi virusun sönməsi gözlənilir. Əgər payızın sonuna kimi koronaviurs zəyifləyərək sönməyə doğru gedərsə ilin sonunda bütün məktəblərdə və ali təhsil müəssisələrində dərslər ənənəvi qaydada keçirilə bilər. Dəqiq bir söz demək üçün əlbəttə payızın sonunu gözləmək lazımdır. O zaman dəqiq fikir söyləmək olar”.