“Oktyabrda müharibə başlamasa, yaza qədər…” – Rasim Musabəyov

Generalların intensiv qarşılıqlı səfərləri ola bilsin ki, real görünən böyük hərbi toqquşma ərəfəsində atılan addımlardır.

Bu fikirləri Milli Məclisin deputatı, analitik Rasim Musabəyov Azərbaycan Müdafiə naziri Zakir Həsənovun Rusiya, habelə Rusiya müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun Bakı səfəri haqqında danışarkən deyib.

Rasim Musabəyov xatırladıb ki, Rusiya müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun Bakıda səfərdə olduğu zaman müdafiə nazirinin digər müavini Ermənistanda olub: “Bundan başqa, Rusiya Müdafiə naziri Sergey Şoyqu Bakıya səfər etmişdi. Eləcə də Ermənistan Müdafiə naziri David Tonoyan Moskvaya getmişdi. İndi Azərbaycan müdafiə naziri Moskvadadır. Fərz edirəm ki, bu, kifayət qədər real görünən böyük hərbi toqquşma ərəfəsində baş verir. Bir tərəfdən Rusiya erməniləri silahla təmin edir ki, Azərbaycan qarşısında aciz qalmasınlar. Bununla paralel səy göstərirlər ki, böyük müharibə başlamasın. Hamı anlayır ki, sentyabr-oktyabr aylarında müharibə başlamasa, yaza qədər vəziyyət olduğu kimi qorunub saxlanılacaq”.

Deputat qeyd edib ki, erməni tərəfinin son dövrlər təxribatçı və avantürist xətt tutduğu müşahidə olunur.

Onun fikrincə, Tonoyanın son açıqlaması bunu göstərir: “Onlar hesab edirlər ki, sonsuz dəhşətdənsə, dəhşətli son yaxşıdır. Ehtimal edirlər ki, qısa müddətli müharibədə hansısa uğur qazana bilərlər. Hətta uğursuz olduqları təqdirdə böyük dövlətlər bu işə qarışacaq və hər bir halda ermənilər müəyyən əraziləri itirsə də, qazandıqları daha çox olacaq. Yəni bu halda Azərbaycanı məcbur edəcəklər ki, ya mövcud vəziyyəti dondurub saxlasın, ya da sülhə məcbur edəcəklər. Bu halda regionda hər tərəfdən bağlı olan Ermənistanı vəziyyətdən çıxmağa xidmət edə bilər. Amma bu hesablamalar səhv ola və ermənilərin başında çatlaya bilər. Ermənilər bu variantdan da ehtiyatlanırlar”.

Müharibənin başlaması zərurətinin olub-olmadığına gəlincə, Musabəyov bildirib ki, erməni tərəfi özünü üzlü aparır və faktiki danışıqlar prosesini pozub: “Söhbət ondan gedir ki, erməni tərəfi həmsədrlərin 20 il ərzində işlədiyi təklifləri rədd edib hoqqabazlıqla məşğul olurlar. Sülh perspektivi olmadığı təqdirdə gərginlik artacaq. Azərbaycanı da çıxılmaz vəziyyətə qoyurlar. Bizim ərazi bütövlüyümüzü bərpa etməyimiz üçün güc amilindən istifadə etməkdən savayı başqa imkanlar qalmayıb. Sadəcə oturub ermənilərin nə zaman ağıllanacağını gözləmək də mümkün deyil. Biz böyük xərclər çəkib ordumuzu gücləndiririk. Bəyəm erməni dığaları qarşısında aciz qalmışıq? Fərz edirəm ki, Azərbaycan o cümlədən, Türkiyə vasitəsilə bu amili neytrallaşdırmaq üçün səylər göstərir. Mümkün olduğu halda erməniləri əzəcəyik”./teleqraf/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password