Rüstəm Behrudi: “Bu payız ciddi hadisələr olacaq, Türkiyə ilə Rusiya…” – Müsahibə

Aktualinfo.org Teleqraf.com-a istinadən şair Rüstəm Behrudi ilə müsahibəni təqdim edir:

– Rüstəm bəy, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz məntəqəsində baş verən erməni təxribatından sonra xüsusi bir proses müşahidə edilir. Hadisədən dərhal sonra Rusiya-Ermənistan yaxınlaşmasına qarşı Azərbaycan-Türkiyə yaxınlaşması müşahidə edildi. Siz bir türkçü şair kimi bu mərhələni necə qiymətləndirirsiniz və gözləntiləriniz nədir?

– Əslində bu prosesdə qəribə nüanslar var. Ermənilərin Tovuz istiqamətində təxribatçı hücumu baş verdi. Az sonra Azərbaycan və Türkiyə ordusunun birgə təlimlərinə şahidlik etdik. Bu ərəfədə bir qrup adam Türkiyənin Bakıdakı səfirliyi önündə aksiya keçirərək “türk ordusu Azərbaycanda qalsın” şüarsı səsləndirdi. Ola bilsin ki, belə şüar səsləndirlənlərin 90 faizi bunu ürəkdən və sevgi ilə səsləndirirdi.

Amma türk ordusu Azərbaycanda necə qala bilər? Yalnız iki dövlət arasındakı anlaşma əsasında bu mümkündür. Bu müqaviləni də Azərbaycan və Türkiyə dövlət liderləri bağlaya bilər. Bu mənada əgər belə istək və arzu varsa, bu, öz hökumətimizə yönəlməlidir.

Dünyada qanun-qayda, eləcə də ölkələr arasında bağlanan saziş və razılıqlar var. Bu razılıqlara əsasən hansı ölkə hansı ölkəyə hansı vəziyyətdə yardım edə biləcəyi aydınlaşır. Yəni bu məsələlər mitinq və ya hay-küylə deyil, qanunlarla tənzimlənməlidir.

Əslində bu gün Azərbaycanla-Türkiyə arasında hərbi ittifaqın olması lazımdır. Mən hələ 2 il əvvəl açıq elan etmişəm ki, dünyada türk xalqlarına qarşı səlib yürüşü gedir. Hər zaman da belə düşünmüşəm. Dünyada gedən bütün savaşların bir adı var: türk olanlarla türk olmayanların savaşı.

Suriyada, Liviyada, Şərqi Aralıq dənizində və digər yerlərdə gedən müharibələrin əsl adı budur. Bu mənada türk ordusunun Azərbaycanda qalması da qanunla tənzimlənməlidir. Bu, baş verməlidir, amma qanunlar əsasında.

– Siz bunun tərəfdarısınız?

– Niyə də olmasın? Əslində biz belə danışanda bir növ Türkiyə ilə öz aramızda sərhəd qoyuruq. Türk hər yerdə türkdür. Ədirnədən tutmuş Hələbə qədər. Bir türkün başqa bir türk torpağında olması niyə qəribə anlaşılmalıdır? İngilis, fransız və ya rus kimi başqa bir millətin gəlib bir türk torpağında türkü “qoruması” mümkündür, amma türkün türkü qorumasına təhlükə kimi baxılır.

Sözsüz ki, mən türk ordusunun burada qalmasına tərəfdaram. Türkiyə bütün ruhu, imkanları ilə hər zaman Azərbaycanı müdafiə edib. İndi də bu missiyanı yerinə yetirməlidir. Amma qanunu əsasla.

– Ermənistan-Rusiya yaxınlaşmasının xüsusi tərəfləri nədən doğur?

– Türkiyə ilə Azərbaycanın bir-birinə yaxınlaşması məncə, eyni xalqın eyni məqsədlər uğrunda apardığı mübarizənin simvoludur. Lakin Rusiya ilə Ermənistan arasında yaxınlaşma və anlaşmaların arxasında xəyanətlər, maraqlar dayanır.

Rusiya Cənubi Qafqazda öz nüfuzunu itirməmək üçün ermənilərdən əlaltı kimi istifadə edib. Sabah Rusiya bilsə ki, Ermənistanla onun arasındakı əlaqələr bir dövlət kimi ona ziyan gətirir, elə həmin gün Ermənistanı silib atacaq.

Amma indi Ermənistan Rusiya üçün maraqlı və əhəmiyyətlidir. Məhz bu əlaltı vasitəsilə Azərbaycana, Türkiyəyə təzyiqlər etmək niyyəti güdür. Şimal qonşunun Ermənistanda hərbi baza qurması da bu baxımdan təsadüfi deyil.

– Bu proseslərin Dağlıq Qarabağ kimi problemimizin həllində hansı müsbət və mənfi təsirləri olacaq?

– Mən 1996-cı ildə rəhmətlik Heydər Əliyevlə bir qrup yazıçının görüşü zamanı çıxış edib demişəm ki, Qarabağ heç vaxt danışıqlar, başqa dövlətlərin müdaxiləsi ilə geri qayıdacağına inam yoxdur. Bu gün də eyni fikirimdə qalıram. Əsgəri girdiyi torpaqdan ancaq əsgər çıxara bilər. Çünki əsgər qan tökərək torpaq əldə edib. Onu ancaq tutduğu torpaqdan Azərbaycan əsgəri çıxara, qova bilər.

Hesab edirəm ki, bizim əsgərlərimizin bu gücü var. Azərbaycan ordusu güclüdür. Bunu Azərbaycan prezidenti, hökumətin müxtəlif rəsmi şəxsləri dəfələrlə qeyd edib. Çünki ordumuz son 20 ildə dünyanın son model silahları ilə təmin edilib və Qafqazın da ən güclü ordusudur. Niyə də bu ordu Qarabağı almasın və düşməni vətən torpaqlarından qovmasın?

Rəhmətlik Polad Həşimovun vəfatı zamanı minlərlə insan küçələrə çıxdı. Müharibə istəyən on minlərlə şəxs səsini çıxardı. Türk milləti istədiyini əldə etməyə qadirdir.

Bir dəfə bir dövlət adamı ilə söhbət edirdim. Soruşdum ki, niyə Qarabağı ermənidən geri ala bilmirik? Dedi ki, biz bir həftə içərisində bu məsələni həll edə bilərik. Amma dünya dövlətləri, xristian aləmi əleyhimizə çıxacaq. Məncə, buna baxmadan addım atmaq lazımdır. Biz kənardan durub işğal edilən ərazilərimizə baxmamalıyıq. Düşmən bu ərazilərdə yol çəkir, obyekt tikir. İnsanlarda olduğu kimi millətlərdə də eqo olur. Bizim millət kimi eqomuzu özümüzə qaytarmalıyıq.

Bəli, bir zamanlar mən narahat olurdum ki, zaman keçəcək, nəsillər dəyişəcək və Qarabağ unudulacaq. Amma Qarabağı görməyən, işğaldan sonra doğulan gənclərimizi gördük. Onlar zamanı gələndə Ermənistanda daşı-daş üstə qoymayacaq.

-Amma Rusiya faktoru da var…

– Elə bir zaman gəlir ki, bunun qarşısını Rusiya kəsə bilməyəcək. Xatrlayıram, Bozqurd haqqında ilk şeir 30-40 il əvvəl yazmışdım. O zaman məni qınayırdılar ki, adam da heyvana şeir yazar… Mənə hətta lağ edənlər 15-20 ildən sonra bozqurd şeirləri yazmağa başladılar. Demək zaman dəyişir.

Bir vaxtlar bizim ağlımıza gəlməzdi ki, Turan ideyası bu qədər yayıla, inkişaf edə bilər. Ancaq bu günlər mətbuatda xəbər getdi ki, Turan ordusu yaranmağa başlayır. Bu cür böyük düşüncənin qarşısında Rusiya da dayana bilməz. Xüsusilə, nəzərə alsaq ki, Rusiya daxilində kifayət qədər türk yaşayır. Başqırdstan, Tatarıstan, Qraçay-Çərkəz, Çuvaşetiya, Yakutiya və digərləri var.

Düşüncəmə görə, türk məmləkətlərinin hər biri Turan üçün 20 minlik ordu yaratmağa hazırdırlar. Əgər bir türk respublikasında problem olsa, Turan ordusu bir gün içərisində yaranan təhlükəni qaldıra bilər. Hər bir türk məmləkəti bu qədər ordu ayırsa, heç kim onun qarşısında dayana bilməz.

Baxın, zamanında kommunizmin fəal təbliğatçılarından biri Nazarbayev olmuşdu. Amma vaxt ötdükcə Nazarbayev türk toplumunun ağsaqqalına çevrildi. Deməli, türk toplumunda belə adamlar var. Yəni dünya başqa istiqamətdə gedir. Düşünmürəm ki, bu kimi tendensiyalar qarşısında Rusiya dayana bilsin.

Nəhayət, qeyd edim ki, Qarabağ məsələsində Türkiyə ilə Rusiya üz-üzə gəlməyəcək. Çünki bu dövlətlərin heç birinə müharibə lazım deyil. Deməli, müharibə əvəzinə məsələ masada müzakirə oluna bilər. Məncə, bu paylz belə danışıqlar baş verəcək.

Ehtimal edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev də Qarabağla bağlı çox iddialı bəyanatlar verir. Fikrimcə, prezident özünə, orduya arxayın olmasa belə bəyanatlar verməz. Yəqin ki, xarici dəstək də var. Böyük ehtimalla Türkiyə və başqa ölkələrlə anlaşılıb. Düşünürəm ki, bu payız nəsə olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password