Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir – İlham Əliyev
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyevin görüşdəki çıxışından bəzi məqamları təqdim edirık.
“Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Əməkdaşlığımızın çox geniş gündəliyi var. Əvvəla, bizim siyasi dialoqumuz çox fəaldır”.
“Biz iqtisadi sahədə çox yaxşı nəticələr görürük. Çox şadıq ki, yapon şirkətləri Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Onlar yaxşı investorlardır. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar. Ümidvaram ki, iqtisadiyyatımızın digər sektorlarına da maraq olacaqdır. Xüsusilə biznes mühiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını nəzərə alaraq Azərbaycan əcnəbi şirkətlər üçün cəlbedici olmağa davam edir”.
“Biz müxtəlif layihələrə maliyyə dəstəyi göstərdiyinizə görə sizə minnətdarıq. Yapon banklarının və maliyyə institutlarının maliyyə dəstəyi ilə biz enerji infrastrukturumuzun iki mühüm layihəsini icra etdik – iki elektrik stansiyası, sınaq stansiyaları, “Şimal-1” və Şimal-2”. Ümumi gücü 800 meqavata yaxındır. Əlbəttə ki, bu, bizim enerji təhlükəsizliyimizə böyük töhfədir”.
“Biz yapon şirkətlərinin burada çalışdığına şadıq və həmçinin müxtəlif sosial layihələrə göstərdiyiniz könüllü dəstəyinizə görə sizə təşəkkürümüzü bildirmək istəyirik. Bu layihələr təhsil, infrastruktur, müxtəlif kəndlərdə su təchizatı ilə bağlıdır. Biz bu dostluq jestini çox yüksək qiymətləndiririk və buna görə mən bir daha sizin hökumətinizə öz təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, üzümüzə gələn illərdə biz bu sıx əməkdaşlığı gücləndirəcəyik”.