Rusiya Ermənistanda 102-ci bazadan qırıcılarını havaya qaldırdı – Kreml Bakıya hansı mesajı verir?
“Ordu 2020” beynəlxalq hərbi-texniki forumu çərçivəsində İrəvandakı “Erebuni” Rusiya aviabazasında açıq gün keçirilib.
Bu haqda məlumatı “Sputnik Ermənistan” nəşri yayıb.
Mənbə bildirir ki, qonaqlara aviasiya dəstəyi qırıcı və ordu aviasiya ekipajları tərəfindən həyata keçirilən taktiki epizodlar nümayiş etdirilib. Ermənistandakı 102-ci bazadan rus qırıcıları havaya qalxıb. Bununla da ziyarətçilərə aviasiya texnikasının yerüstü nümayişi də təqdim edilib.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin tədbiri açaraq qeyd edib ki, “Ordu 2020” forumunun İrəvanda keçirilməsi onun üçün “simvolik və məntiqlidir”.
“Bildiyimə görə, bu, Rusiya hüdudlarından kənarda ilk dəfə hərbi-texniki forumun keçirilməsidir. Onun Ermənistanda baş tutması, mənim fikrimcə, dərin tarixi ənənələrə və dövlətlərimizin ümumi strateji maraqlarına söykənən qardaşlıq, müttəfiq münasibətlərinin xarakterini çox yaxşı əks etdirir” deyıb.
Onun sözlərinə görə, hərbi forumun vacib bir hissəsinin İrəvanda keçirilməsi Ermənistanla Rusiya arasındakı münasibətlərə xas olan xüsusi – isti və qardaş bir atmosferi əks etdirir.
Qeyd etmək lazımdır ki, Ermənistanda keçirilən forumda 40-dan çox birləşmə və hərbi hissə, 10-dan çox sənaye müəssisəsi, tədqiqat institutu və təhsil müəssisəsi iştirak edir.
Tədbirə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin, Rusiya Qvardiyasının, Fövqəladə Hallar Nazirliyinin və hərbi-sənaye kompleksinin müəssisələrinin 12 mindən çox texnika və silahları cəlb edilib.
Haşiyə: Çox böyük ehtimalla adı çəkilən forumun İrəvanda, məhz 102-ci bazada keçirilməsi Bakı ilə Ankaranın son günlər keçirdiyi hərbi təlimlərə əzələ nümayişidir. Bir sözlə, onlar yenə də Ermənistanın arxasında durduğunu bəyan edirlər. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin çıxışında bu qardaşlığa birbaşa işarə vurub və tədbirin İrəvanda keçirilməsini məntiqli adlandırıb.(konkret.az)