Bir tərəfdən erməni nazir Rusiya hərbçilərini təltif edir, digər tərəfdənsə…
Azərbaycanın Rusiya Federasiyası hərbi və diplomatik rəhbərləri ilə ardıcıl keçirilən görüşləri və aparılan danışıqlar Ermənistan tərəfdən ilk baxışda sakit qarşılanması təəssüratı yaratsa da, əslində düşmən narahatdır.
Narahatçılığının əsas səbəbi əlbəttə Türkiyə Silahlı Qüvvələri ilə birgə hərbi təlimlər, Türkiyənin qətiyyətli mövqe göstərməsi olduğundan Rusiyanın atdığı addımlar düşmən üçün maraq kəsb edir. Ona görə də həmişə olduğu kimi Rusiyaya xoş gələn reveranslar edib ən azı üzdə çox yaxın olduqlarını və sədaqətli vassal obrazını nümayiş etdirməyə başlayıblar. Bunun üçün ən xırda fürsəti qaçırmadan yararlanmağa başlayıblar. Məsələn, Ermənistanın müdafiə naziri David Tonoyan Rusiya hərbiçilərinin guya Ermənistan ordusunda koronavirusun yayılmasının qarşısını aldıqlarına görə onları orden və medallarla, başqa mükafatlarla təltif edib.
Bu barədə respublikanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xüsusilə, RF Silahlı Qüvvələrinin iki hərbiçisi “Marşal Baqramyan” medalı ilə təltif olunub, 4 hərbiçi isə “Hərbi əməkdaşlığa görə” mükafatlarına layiq görülüblər.
Bu gün Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində baş tutan bu mükafatlandırma mərasimində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin, Rusiya səfirliyinin hərbi və hava attaşesi polkovnik Andrey Qriçukun iştirak ediblər.
Mükafatlandıranları təbrik edən David Tonoyan, “koronavirusla mübarizədə göstərdiyi köməyə görə Rusiya tərəfinə minnətdarlığını bildirib və RF Silahlı Qüvvələrinin enerjisi, zəhməti və yüksək peşəkar keyfiyyətləri sayəsində bütün çətinlikləri şərəflə dəf etmək mümkün olduğunu” qeyd edib.
Düşmənin müdafiə nazirinin “RF Silahlı Qüvvələrinin… sayəsində bütün çətinlikləri şərəflə dəf etmək mümkün olduğu” ifadələri diqqət çəkir. Nazir açıq bildirir ki, məhz Rusiyanın sayəsində onlar çətin vəziyyətdən çıxırlar, necə ki, Tovuz döyüşlərində də iki daşın arasında Rusiya özünü yetirib 400 ton silahı ermənilərə çatdırdığı kimi. Bu silahların çatdırılmasında hava məkanından istifadə edilən İranın da rolunu qryd etməliyik. Gürcüstan hava məkanının istifadə olunmasına icazə vermədiyi halda İranın Ermənistana silah çatdırılması işinə yardım etməsi də qeyd olunmalıdır. Diplomatik nüfuzun sayəsində Serbiyanın rəhbərliyi silah satışına görə Azərbaycana gəlib faktiki üzr istədi və görüşlərdə Azərbaycana daha çox dəyər verdiklərini qeyd etdilər. İranın Bakıdakı təzə səfiri ilə bu məsələyə dair danışıq aparan olubmu? İrandakı səfirimiz bu ölkənin düşmənə silah çatdırılması üçün hava məkanından istifadə edilməsinə icazə verilməsinə aydınlıq gətiribmi?
Azərbaycan XİN qarşısında “hücum diplomatiyası” taktikası qoyulubsa Azərbaycanın gələcək təhlükəsizliyi baxımından qeyd olunanların nəzərə alınmasında fayda var.
Ümumiyyətlə, Türkiyə ilə hərbi əməkdaşlıq və birgə fəaliyyət kimləri narahat etməsindən asılı omayaraq daha da genişlənməli, sentyabrda yüksək səviyyədə Türkiyəyə nəzərdə tutulan səfər həyata keçirilməli və perspektiv hərbi-siyasi müttəfiqlik və hərtərəfli əməkdaşlıq bu görüşün nəticəsi kimi öz təsdiqini tapmalıdır. Əks halda konkret düşmən və onun yanında olan ölkələr bizə yuxarıdan aşağı münasibət sərgiləməkdə davam edəcəklər.(moderator.az)