Ballıqaya qətliamından 28 il ötür – Ermənistan ordusu həlak olmuş şəxslərin meyitlərini yandırıblar

1992-ci ilin avqust ayında Goranboy rayonunun Ballıqaya kəndində erməni terrorçu-quldur birləşmələri tərəfindən daha bir qanlı və amansız cinayət – Ballıqaya qətliamı törədilib.

Trend-in məlumatına görə, qətliam 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş verib. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

Qətlə yetirilənlərin əksəriyyəti uşaqlar və qadınlardır. 6 uşaq və 13 qadın amansızlıqla qətlə yetirilib, uşaqlardan ən böyüyünün 12 yaşı var idi, ən kiçiyi Hümbətov Canpolad Vəzir oğlu isə cəmi 6 aylıq olub. Bundan əlavə qətlə yetirilən 24 nəfərdən 6-sı yaşlı şəxslər olub. Onlardan ən yaşlısı Vəliyeva Zeynəb Hüseyn qızı 93 yaşında olub. Onlar xüsusi amansızlıqla, iriçaplı atıcı silahlardan atılan atəş nəticəsində qətlə yetirilib, həlak olmuş şəxslərin bəzilərinin meyitləri yandırılıb.

Qətliam haqqında danışan politoloq Şəbnəm Həsənova bildirib ki, Ballıqaya Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən ağır qətliamlardan biridir:

“Ermənistanın beynəlxalq hüququn heç bir norma və prinsiplərinə əməl etməyərək terroru dövlət siyasəti həddinə çatdırdığının tarix boyu şahidi olmuşuq. Bu mənfur qonşu elə tarix boyu da Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməklə kifayətlənməyib, bu yolda mülki obyektlərimizi və vətəndaşlarımızı da daim hədəfə alıb.

Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə silsilə kütləvi qırğın aktları törədiblər.

Bu qətliamlardan biri və ən amansızı da 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş Ballıqaya qətliamıdır. İnsanlıq və humanizm prinsiplərini ən kobud, qəddar şəkildə tapdalayaraq öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb.

Bu azmış kimi Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib. Ümumilikdə isə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub”.

Ballıqayada 24 nəfər xüsusi amansızlıqla qətlə yetirilib:

A.S.A Doğum tarixi Yaşı
Azyaşlı uşaqlar
1 Hümbətov Elçin Vəzir oğlu 1980 12 yaş
2 Hümbətov Bəxtiyar Vəzir oğlu 1982 10 yaş
3 Hümbətov İsmayıl Vəzir oğlu 1984 8 yaş
4 Hümbətov Nəvadi Vəzir oğlu 1986 6 yaş
5 Hümbətova Gülnar Vəzir qızı 1988 4 yaş
6 Hümbətov Canpolad Vəzir oğlu 1992 6 ay
Qadınlar
1 Abdullayeva Səadət Abdulla qızı 1973 19 yaş
2 Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı 1935 57 yaş
3 Mehdiyeva Ayna Hümbət qızı 1967 25 yaş
4 Mehdiyeva Bəyim Aydın qızı 1959 33 yaş
5 Mehdiyeva Gülayə Əli qızı 1925 67 yaş
6 Mehdiyeva Süraya Məhəmməd qızı 1956 36 yaş
7 Kalbalıyeva Nubar Muradxan qızı 1952 40 yaş
8 Vəliyeva Zeynab Hüseyin qızı 1899 93 yaş
9 Alməmmədova Minaya Əbilqasım qızı 1930 62 yaş
10 Alməmmədova Zeynəb Şəmil qızı 1972 20 yaş
11 Alməmmədova Kəmalə Şəmil qızı 1976 16 yaş
12 Hümbətova Hürzaman Qara qızı 1959 33 yaş
13 Hümbətova Gülnar Vəzir qızı 1988 4 yaş
Qocalar
1 Abdullayev Abdulla Bədəl oğlu 1934 58 yaş
2 Mehdiyev Hümbət Əbulqasım oğlu 1930 62 yaş
3 Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı 1935 57 yaş
4 Mehdiyeva Gülayə Əli qızı 1925 67 yaş
5 Vəliyeva Zeynab Hüseyin qızı 1899 93 yaş
6 Alməmmədova Minaya Əbilqasım qızı 1930 62 yaş

Qətliam zamanı mülki şəxslərə atıcı və ağır silahlardan, atəş açılıb, onların cəsədləri və şəxsi əşyaları yandırılıb. Cinayəti törədən terrorçu dəstənin bilərəkdən mülki şəxsləri, o cümlədən qadınları və azyaşlı uşaqları hədəf aldığını, uşaqlar və qadınlar da daxil olmaqla bütün insanların öldürülməsinin onların əsas məqsədi olduğunu göstərir.

Ballıqaya qətliamı zamanı beynəlxaq humanitar hüququn bir sıra əsas tələbləri kobud şəkildə pozulub. Mülki insanlar birbaşa hədəfə götürülmüş, öldürülmüş, bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar qətlə yetirilib.

Baş vermiş qətliamla bağlı 28 avqust 1992-ci il tarixində Azərbaycan Respublikası, Goranboy Rayon Hərbi Prokurorluğunda cinayət işi başlanıb, aparılmış istintaq tədbirləri nəticəsində qətliamda iştirak edən terrorçulardan bəzilərinin şəxsiyyəti müəyyən edilib. Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırım Muzeyində saxlanılır. Azərbaycan Respublikası tərəfindən aidiyyəti beynəlxalq təşklilatlara və o cümlədən Ermənistan Respublikasına cinayətkarların tapılaraq ədalətə təslim edilməsi ilə bağlı müraciət edilməsinə baxmayaraq, bu günə qədər bu cinayət aktını törədən cinayətkarlar layiqli cəzasını almayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password