Azərbaycan Qarabağa yerləşdirilən ermənilərlə bağlı AŞ-yə müraciət edəcək
“Livandakı erməni ailələrin Şuşaya yerləşdirilməsi ilə bağlı Avropa Şurası və başqa beynəlxalq qurumlara məktub ünvanlayacağıq. Biz onları bu məsələyə münasibət bildirməyə çağıracağıq”.
Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Deputatın sözlərinə görə, Ermənistan rəhbərliyi xaricdə yaşayan ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi istiqamətində konkret agitasiya və ailələrin dəvət olunması işləri ilə məşğuldur:
“Təəssüflər olsun ki, Ermənistan öz provokativ əməllərindən əl çəkmir və hər bir fürsətdən istifadə edərək, o cümlədən baş vermiş faciələrdən də, xüsusilə Livandakı partlayışdan sui-istifadə edərək öz məkrli siyasətini aparmaqdadır. Bununla əlaqədar, bizdə olan məlumata görə, Ermənistan rəhbərliyi bəzi erməni ailələrin qeyri-qanuni şəkildə Qarabağa yerləşdirilməsi ilə məşğuldur. Hətta məlumata görə, artıq 1-2 ailənin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı məsələlərin həll olunmasını belə bəyan ediblər”.
S.Seyidov qeyd edib ki, Ermənistanın etdikləri birbaşa beynəlxalq cinayətdir:
“Bu yalnız beynəlxalq qanunu pozmaq deyil, beynəlxalq cinayətdir: işğal olunmuş torpaqlarda məskunlaşma prosesini aparmaq bu birbaşa cinayətin tərkib hissəsidir. Biz bununla bağlı nəinki beynəlxalq təşkilatlara, o cümlədən Minsk qrupunun həmsədrlərinə də müraciət etməliyik. Niyə onlar susurlar? Axı bu məlumat bizdə varsa, bu təxribatları onlar edirlərsə, bunlar hamısı danışıqlar prosesinə təsir göstərir. Özü də nəzərə almaq lazımdır ki, Avropa Şurası vaxtilə bununla bağlı xüsusi bir məruzə hazırlayıb: bu məskunlaşmanın gerçəkləşməsi qeyri-qanuni və cinayətdir”.
Komitə sədri Azərbaycanın Avropa Şurası da daxil olmaqla, bir sıra beynəlxalq qurumlara müraciət edəcəyini açıqlayıb:
“Bununla bağlı Azərbaycan Parlamentinin beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurası, başqa beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri rəsmi olaraq müraciətlər edəcəklər. Həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Amerika-Azərbaycan dostluq qrupunun rəhbəri kimi ABŞ-ın həmsədrinə müraciət edəcəyəm. Ancaq həmin həmsədrlər də buna münasibət bildirməlidirlər. Bəlkə, bu, informasiya təxribatıdır? Yox, əgər informasiya feyki deyilsə, həqiqətdirsə, onların axı imkanları var: ATƏT-in həmsədrlərinin xüsusi nümayəndəsi var, Anjey Kaspşik var, o bunu yoxlayıb araşdırmalıdır, qeyri-qanuni məsələlərdən çəkindirməklə bağlı fikir söyləməlidirlər”.