İrəvana gedən hərbi yüklər və Şoyqunun Bakıdakı açıqlaması…
Sergey Şoyqunun verdiyi izaha o vaxt tam etibar edərdim ki, Rusiyadan Ermənistana təyyarələr vasitəsilə göndərilən silahlar beynəlxalq qanunlar çərçivəsində deklarasiya olunardı. Ancaq biz bunu müçahidə etmədik.
Bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun Rusiyadan Ermənistana təyyarələr vasitəsilə daşınan silahların bu ölkədəki rus bazalarına göndərildiyi barədə izahatını şərh edərkən deyib.
Politoloq deyib ki, Rusiya Ermənistandakı 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarını Gürcüstan üzərindən də göndərə bilərdi:
“Şoyqunun sözlərinə görə, Ermənistana məlum uçuşlar Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. O zaman belə bir sual ortaya çıxır: Rusiya niyə bu daşınmanı Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanı ilə dolayı yolla göndərib? Halbuki bunu Gürcüstan üzərindən də göndərə bilərdi.
Məsələ ondadır ki, Gürcüstan qanunvericiliyinə görə, heç bir ölkə hava məkanı vasitəsilə ikinci bir ölkəyə silah yardımı edə bilməz. Yəni rəsmi Moskva həqiqətən də Şoyqunun dediyi kimi, 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan materiallar göndərsəydi, bunu çox rahat və daha qısa yolla – Gürcüstan üzərindən edə bilərdi. Buna görə də Rusiyanın Ermənistana silah göndərməsinə dair şübhələr böyükdür”.
Politoloq hesab edir ki, Rusiya bundan sonra Ermənistana hər hansı bir yardım edərkən Azərbaycan xalqının və ölkə başçısının narazılığını nəzərə almalı olacaq./ axar.az/