Camal ZEYNALOĞLU – Günah
Camal ZEYNALOĞLU
Günah
(hekayə)
Soltanın arvadı bir ildən çox idi ki, rəhmətə getmişdi, qohum-qardaş yığışıb ona qonşu kənddən dul bir qadın aldılar. Soltanın əvvəlki arvadından uşağı olmamışdı. Neçə il həkimə getdilərsə, müalicə götürdülərsə, bir nəticə alınmadı. Deyilənə görə, Sərvinaz məhz elə çoxlu dərman qəbul etdiyi üçün də xərçəng xəstəliyinə tutuldu, dünyasını dəyişdi…
Soltanın ikinci arvadından bir qızı oldu. Cəmilənin artıq altı yaşı vardı, təzəcə məktəbə gedirdi. Onun gəlişi ailəyə də saflıq gətirmişdi. Soltan kişinin rəngi-ruhu özünə gəlmiş, sanki cavanlaşmışdı. Həmişə küskün, qaraqabaq görünən Soltanı son bir neçə ildə tanımaq olmurdu. Lakin el içində bir söz dolaşır: Sən saydığını say, gör fələk nə sayır… Tale bu ailənin üzünə təzə-təzə gülmüşkən, bədbəxtlik yenidən onun qapısını döydü…
Gülxas ikinci uşağa hamiləydi. Amma Soltanın bundan xəbəri yox idi. Soltan bir oğlan övladının olmasını da arzulayırdı. Gülxas isə daha ikinci uşağı istəmirdi. Hamiləliyin üçüncü ayı olardı. Gülxas ərinə demədən, ikinci uşağı aldırmaq qərarına gəldi. O, bir cana qıyacaqdı. Bu da günah sayılırdı.
Günah mənəvi boşluq, yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atılmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Peyğəmbərimiz günah haqqında belə buyurub: “Günah sənin vicdanını narahat edən və başqalarının bilməsini istəmədiyin əməldir”.
Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Bəs görəsən, etdiyimiz günahlardan xilas ola bilərikmi? Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyə bilərikmi?!.
Görəsən, Gülxas bətnindəki körpəsinə qıyanda, etdiyi böyük günahdan xəbəri vardımı? O, qonşusu Sənubərlə rayona paltar alamaq adıyla getdiyini Soltana söyləmişdi. Əslində isə körpəni aldırmaq üçün rayon xəstəxanasına, həkimin yanına getmişdilər. Gülxas yolda Sənubərə dönə-dönə tapşırdı, xahiş elədi ki, bu məsələdən kimsə xəbər tutmasın…
Həmin gün hava çox isti idi. Soltan günorta vaxtı həyətdəki böyük tut ağacının altına klyonka sərərək tut çırpırdı. Doşab tutacaqdılar. İşini qurtarandan sonra klyonkanı dörd qatlayaraq eləcə tut ağacının altına qoydu.
Gülxas ərinə yorğun olduğu üçün dincəlmək istədiyini bildirdi. Qarın nahiyəsində hələ də ağrıları vardı. Yataq otağına gedib çarpayısına uzandı. Qonşu otaqda isə Cəmilə yatırdı. Soltan isə bir az həyətdə var-gəl etdikdən sonra darıxdığı üçün heç kimə bir söz demədən qardaşıgilə getdi.
Bir azdan Cəmilə yuxudan ayıldı. Gözlərini ovuşdura-ovuşdura həyətə endi. Həyətdə kimsə yox idi. O, tut ağacının altına gəldi. Klyonkadakı çırpılmış tutdan yemək istədi, amma birdən “ana!”- deyə qışqıraraq əyilib sağ ayağını tutdu. Bu vaxt qara bir ilan klyonkanın arasından çıxaraq
ağaclıqlara doğru sürünməyə başladı. İlanlar tut yeməyi xoşlayarlar. Görünür, ilan klyonkanın arasında imiş. Cəmilə bilmədən onu tapdalayıb, ilan da qızcığazın ayağından cancıb. Qızın canı ağrıdığından ağlamağa başladı. Səsə anası Gülxas oyanıb həyətə yüyürdü. Get-gedə qızın ağlamağı zarıltıyla əvəz olunurdu. Handan-hana qızının ilan cancdığını hiss edən Gülxas ucadan: “Evim yıxıldı, ay qonşular, balam əldən gedir!”- deyərək qışqırmağa başladı. Səsə qonum-qonşu həyətə axışdı. “Nə olub, ay Gülxas? Niyə haray-həşir salmısan?”- deyə soruşdular. “Qızımı ilan cancdı! Onu təcili xəstəxanaya çatdırmaq lazımdır!”- Gülxas indi də dırnaqları ilə üz-gözünü cırır, başını, sifətini döyəcləyirdi.
Rayona, təcili yardıma zəng vurdular. Bəziləri məsləhət gördülər ki, təcili yardım gəlincən gec olar, Cəmiləni rayona tez çatdırmaq lazımdır. Bu vaxt Soltanla kənd həkimi Rəsul həyətə girdi. Soltanın rəngi özününkü deyildi. Bircəcik qızını anasının qolları arasında halsız şəkildə uzanmış görüncə, gözlərinə qaranlıq çökdü, başı gicəlləndi, yıxılmamaq üçün əlləri ilə başını tutub, yerə oturdu.
– Yol verin görək, – Rəsul həkim adamları aralayıb qızcığaza yan aldi.
Həkim Cəmilənin nəbzini tutdu. Qızın köksü güclə qalxıb enirdi, zorla nəfəs alırdı.
– Artıq gecdir, zəhər uşağın qanına yeriyib, – kənd həkimi ümidsiz halda dilləndi.
– Həkim, sən nə danışırsan? Necə yəni gecdir?! – hamı təəccüblə Rəsul həkimə baxdı.
– Qurbanız olum, qızımı xilas edin! – Gülxas fəryad edərək, yalvarıcı tərzdə baxışlarını tək həkim deyil, başına toplaşanların hamısının sifətində gəzdirdi.
“Budur, Fəxrəddin gəldi!” – deyə kimsə ucadan dilləndi. Həyətə “2106” markalı “Jiquli” maşını daxil oldu. “Tez olun, Cəmiləni maşına aparın!”- hamı bir ağızdan dilləndi. Soltan cəld qızını qucağına götürüb maşına mindi. Gülxasınsa halı özündə deyildi, başı gicəllənir, mədəsi bulanırdı. Amma buna baxmayaraq gücünü toplayıb o da arxada, ərinin yanında oturdu. Maşın sürətlə həyətdən çıxıb, rayona istiqamət götürdü. Həyətə toplaşanlar maşının arxasınca baxa-baxa Allahdan Cəmiləyə şəfa diləyirdilər. Rəsul həkim isə dərindən köks ötürüb:
– Qızcığazın yaşamasına çox az şansı var, o da xəstəxanaya çatdıra bilsələr… – dedi.
On-on beş dəqiqədən sonra Fəxrəddinin “Jiquli”si Soltanın həyətindən hansı sürətlə çıxmışdısa, eynən o sürətlə də geri döndü. Maşından düşən Gülxas qucağındakı cansız qızına baxaraq vay-şivən qoparırdı. Soltan da dözməyib arvadının səsinə səs verərək hönkür-hönkür ağlayırdı. Həyətdən təzəcə dağılmış qonşular, kənd camaatı yenidən Soltanın həyətinə toplaşdılar. Məlum oldu ki, qızcığaz rayona çatmamış, yarıyolda canını tapşırıbmış. Azca sonra həyətə “Təcili yardım” maşını daxil oldu. Amma artıq gec idi… Hər ehtimala qarşı həkim ananın qucağındakı Cəmilənin nəbzini yoxladı. Dərhal da “başınız sağ olsun!”- deyib ayağa durmaq istəyirdi ki, Gülxasın bayıldığını gördü. Həkim onun təzyiqini ölçdü. Təzyiqi çox yüksək idi. Ard-arda ona bir neçə iynə vurdu. Amma o özünə gəlmədi, elə bayğın vəziyyətdəcə gözlərini bir nöqtəyə zilləyib durmuşdu. Gülxas nə tərpənir, nə də ondan səs-səmir çıxırdı. Kimsə: “Bəlkə, rayon xəstəxanasına aparaq” – deyə dilləndi. Həkim isə: “onu yerindən tərpətmək olmaz, beyninə qan sızıb. Xəstənin hazırkı durumu bunu deməyə əsas verir,” – dedi.
…Gülxasın qaranlığa qərq olmuş şüuru bir andaca bəyaz lövhə ilə əvəzləndi, sanki hər tərəf ağ örpəyə bürünmüşdü. Bu bəyazlığın fonunda ona tərəf qızı Cəmilə qaçırdı. Qızı anasına yaxınlaşıb əlini uzatdı: “Anacan, bura çox soyuqdur, qalx ayağa, mənimlə gedək. Məni burada yalqız buraxma. Mən səninlə qalmaq istəyirəm”. Ana kəlmə kəsmədən ayağa qalxdı, qızının ona uzanmış əlindən tutaraq, birlikdə ucu-bucağı görünməyən bəyaz səhralığa doğru irəliləməyə başladı…
Bir neçə dəqiqə sonra Gülxas da canını tapşırdı. Yas-yasa qarışdı. Kənd camaatı heyrət içindəydi, hamı çaşıb qalmışdı. Bir gündə eyni evdən iki meyit çıxarılacaqdı….
05.11.2019