Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Hökumətinin sədr müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Aleksey Overçuk ilə görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlığından məmnunluq ifadə edilib. İqtisadi Əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın cari ilin iyun ayında keçirilən son iclası zamanı razılaşdırılan məsələlərin həyata keçirilməsi, eləcə də müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətə dair yol xəritələrinin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Tərəflər humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın möhkəmləndirilməsi mövzularını müzakirə ediblər. Regionlararası əməkdaşlığın genişləndirilməsi və bu əməkdaşlığı təşviq edən tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Qarşılıqlı sərmayə qoyuluşları, o cümlədən Rusiya şirkətlərinin maşınqayırma, əczaçılıq, dəmir yolu və digər sahələrdə istehsala sərmayə qoyuluşu məsələsi müzakirə edilib.
İqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyəti olan Şimal-Cənub nəqliyyat dəhlizi və Samur çayı üzərində tikilmiş yeni körpünün istifadəyə verilməsinin qarşılıqlı əlaqələrə təkan verəcəyi qeyd edilib.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.(AzərTAc)