“Bu cür təxribatlar cəbhə bölgəsində toqquşma ehtimalını daha da artırır” – Politoloq
Xəbər verdiyimiz kimi Ermənistan dövləti Goranboy istiqamətində növbəti təxribatını həyata keçirib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb. Bu təxribatın maraqlı tərəfi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Ermənistanda olduğu zaman törədilməsidir. Qeyd edək ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu avqustun 25-də Bakıya səfər edəcək.
Bununla bağlı fikirlərini söyləyən politoloq Elxan Şahinoğlu bildirib ki, Goranboy istiqamətindəki təxribatı Ermənistan hakimiyyətinin Azərbaycanın hərbi planları ilə bağlı narahatlığı ilə əlaqələndirirəm:
“Yəni Ermənistan düşünür ki, Azərbaycan torpaqlarını güc yolu ilə azad etməyə hazırlaşır. Bu həqiqətən də belədir. Dövlət başçısı hər dəfə çıxışlarında açıq vurğulayıb ki, danışıqlar nəticə vermir, yekun həllə hazırlaşmalıyıq. Yekun həlli də Ermənistan hakimiyyəti və cəmiyyəti yaxşı anlayır. Ona görə də Ermənistan Azərbaycanın hərbi planlarını öyrənmək üçün biz tərəfə bu cür kəşfiyyat qurupları göndərir, təxribatlara çalışırlar. Amma əks nəticə ilə üzləşirlər. Əslində bu cür təxribatlar cəbhə bölgəsində toqquşma ehtimalını daha da artırır. Çünki Rusiya Müdafiə naziri Ermənistanda idi. O, Ermənistanda ola-ola ermənilər bu cür təxriabta imza atdı. Sergey Şoyqunun Bakıya səfəri zamanı bu məsələ onun qarşısında qaldırılmalıdır. Bundan əlavə Rusiya vasitəçi ola-ola Ermənistana silah daşıdığı məsələsi də müzakirə olunmalıdır. Sergey Şoyqunu başqa məsələlər maraqlandıracaq. Azərbaycan nə dərəcə də Türkiyə ilə hərbi əməkdaşlığı inkişaf etdirəcək və yaxud da hərbi bazalar Azərbaycana yerləşdiriləcəkmi? Dövlət başçısı İlham Əliyev də bildirdi ki, Azərbaycan bundan sonra Türkiyədən də hərbi texnika alacaq. Çünki Türkiyə hərbi sənaye kompleksi çox inkişaf edib. Halbuki biz bu günə kimi əsas hərbi texnikanı Rusiyadan alırdıq. Bu da görünür Rusiyanı narahat edir. Biz də narahat edən məsələləri açıq deməliyik. Bizim strateji müttəfiqimiz Türkiyədir. Türkiyə ilə hərbi əməkdaşlığı inkişaf etdirmək təbii haqqımızdır”.(konkret.az)