Azərbaycanda dünyada rəqabət apara biləcək pambıq sortları yaradılıb
Azərbaycan dünyada rəqabət apara biləcək pambıq sortları yaradıb.
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə İnstitutunun direktoru Elçin Xəlilov deyib.
Onun sözlərinə görə, tezyetişən və keyfiyyəti dünya standartlarına cavab verən yerli pambıq sortları “Gəncə-110”, “Gəncə114”, “Gəncə 160”, “Gəncə-182” və “Gəncə-183” sortları yüksək məhsuldarlığı ilə seçilir: “Bu sortların məhsuldarlığı və keyfiyyətini Yunanıstan etiraf edib. Yunanstan etiraf edib ki, artıq Azərbaycanın bu pambıq sortları dünyada ən yüksək keyfiyyətli pambıq sortları ilə rəqabətə girə bilər. Azərbaycan alimləri bu sortları yetişdirib və artıq əkininə başlanıb. Eyni zamanda bu sortlar toxuculuq sənayesinin də tələbatını ödəyir”.
E. Xəlilov bildirib ki, Azərbaycanın yeni yerli sortları kifayət qədər keyfiyyətə malik olsa da. ölkəyə gətirilən xarici sortların toxumu yerli toxumlardan daha bahadır: “Yerli sortların çiyid toxumunun kilosu 50 qəpik, Türkiyə sortlarının çiyidinin kiloqramı isə 6 manatdır. Yerli sortlar Türkiyə sortlarından fərqli olaraq daha tez yetişir. Türkiyə sortları isə daha gec yetişir. Aqrotexniki qaydalarla yütişdsirilən yerli sort pambıqlar 55-60 sentner məhsul verir. Hazırda Saatlı, Sabirabad, Neftçala və digər rayonlarda həmin yeni yerli soretlar yetişdirilir”.
İnstitut direktoru bildirib ki, bu sortlar içərisində “Gəncə – 160”, “Gəncə – 182” və “Gəncə – 183” xarici stress amillərinə qarşı daha davamlı və məhsuldar sortlar hesab edilir: “2018-ci ildə Seleksiyanın nailiyyətləri üzrə ekspert komissiyası tərəfindən “Gəncə – 182” pambıq sortunun respublika üzrə rayonlaşdırılması qərara alınıb. Yeni sortun əsas üstünlüklərindən biri ondan ibarətdir ki, bu, ölkə üzrə ən tez yetişən pambıq sortudur. “Gəncə – 182” pambıq sortunun yetişmə müddəti 115 gündür. Pambığın yığılmasına avqust ayının sonlarından başlanır və sentyabrın sonu, oktyabrın birinci ongünlüyündə isə yığım sahələrdə başa çatdırılır. Bu da fermerlərin növbəti əkin işlərinə başlamasına və mövsüm ərzində daha çox gəlir əldə etməsinə imkan verir. Amma hazırda Azərbaycanda yetişdirilən Türkiyənin 5 sort pambığının yığımı noyabr-dekabr aylarına çəkir. Azərbaycanda yetişdirilən Türkiyə sortları “Karizma”, “Beyaz altun”, “Adenin”, “Kiləş” sortlarıdır. Həmin sortlar məhsuldar olsa da, fermerə baha başa gəlir. Pambığın qiymətində isə heç bir fərq yoxdur. Yerli sortlar da, Türkiyə sortları da eyni qiymətə satılır”.
E. Xəlilov bildirib ki, “Gəncə – 182” pambıq sortunun lif keyfiyyəti də yüksəkdir: “Pambıqdan 200-dən çox məhsul alınsa da, onun əsas məhsulu mahlıc hesab olunur. Məhz “Gəncə – 182” pambıq sortunun lif keyfiyyəti toxuculuq sənayesinin tələblərinə cavab verir. Məhsulun lif çıxımı da yüksəkdir – 40 faiz. Pambığın qozaları iri – 6,5 qram ağırlığındadır. Aqrar Xidmətlər Agentliyinin Salyan Dayaq Məntəqəsində “Gəncə – 182” sortunun məhsuldarlığı bir hektara 58 sentner olub. Hazırda respublikada pambığın toxumçuluq işi qurulub. Belə ki, Gəncə Regional Aqrar Elm Mərkəzində “Gəncə – 182”nin toxumları istehsal olunub və elit toxumçuluq təsərrüfatlarına paylanıb. İndi bir çox fermerlər öz təsərrüfatlarında məhz bu sortdan istifadəyə üstünlük verirlər”.
Direktor deyib ki, bu il Seleksiyanın nailiyyətləri üzrə ekspert komissiyası tərəfindən daha bir yeni pambıq sortu – “Gəncə -183” rayonlaşdırılıb: “Bu sortun isə əsas xüsusiyyəti ondan ibarətdir ki, o, yüksək lif çıxımına malikdir. “Gəncə – 183” yerli seleksiyaçılar tərəfindən alınmış yeganə sortdur ki, 42,1 sentner məhsul verir və Yunanıstan, İsrail, Türkiyə kimi ölkələrdən gətirilmiş sortlarla rəqabət apara bilir. Məhsulun qozası iri, lif çıxımı isə yüksəkdir. Bu sortun məhsuldarlığı Salyan Dayaq Məntəqəsində 50 sentner olub. Türkiyə sortlarından fərqli olaraq, yerli sort pambıqlar xəstəlik və zərərvericiliyə daha davamlıdır.
Ümumilikdə həm “Gəncə – 182”, həm də “Gəncə – 183” yeni pambıq sortları xarici mühitin stress amillərinə qarşı davamlıdırlar. Bu sortlar arasında “Gəncə – 160” quraqlığa daha davamlıdır. Bitkini vegetasiya dövründə iki dəfə suvarmaqla hər hektardan 45-50 sentner məhsul almaq olar”.