Bu soyğunçuluqdur! – Ekspert bağlanan banklardakı əmanətlərdən danışdı
“Əmanətlərin Sığortalanması Fondu bu il bağlanmış 4 bankın qorunmuş əmanətlərini hələ də qaytarmayıb”.
Bunu açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.
Ekspert bildirib ki, Konstitusiya Məhkəməsinin 10 gün əvvəl verilmiş müsbət qərarına və “Əmanətlərin sığortalanması haqqında” qanunla müəyyən edilmiş 3 aylıq müddət başa çatıb:
“Məlumat var ki, 500000 manat həcmində olan əmanətlər ümumiyyətlə, qaytarılmır. Digər əmanətlər üzrə isə ən yaxşı halda əsas məbləğ qaytarılır, faizlər isə yox. Bank bağlanan günə hesablanmış faizlər də verilməlidir. “Ata Bank”, “ƏmrahBank” aprelin 28-i, “NBC Bank”, “AGBank” mayın 12-si bağlanıb. Həmin günə kimi hesablanan faizlər qaytarılmalıdır. Amma vermirlər. Hətta onları məcbur edirlər ki, faizlərdən imtina ərizəsinə də qol çəksinlər. Mən bilmirəm, onu necə adlandırım. Bu soyğunçuluqdur”.
Əkrəm Həsənov qeyd edib ki, vətəndaşlarda banklara etimad qalmayıb:
“Bu, onsuz da faktdır. Son illərdə insanlar bank sisteminə etimad edərək əmanət qoymurdu. Əmanətlərin Sığortalanması sisteminə etimad edərək əmanət qoyurdular. İndisə qoymayacaqlar”.
Əkrəm Həsənov bildirib ki, həmin vətəndaşlar məhkəməyə müraciət etməklə əmanətlərinin faizlərini tələb edə bilərlər.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bank – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”ın bağlanması haqqında qərar verilib.(qaynarinfo)