“Ermənistanın provakativ bəyanatları Azərbaycanı müharibəyə təhrik edir” – Nüşabə Məmmədova
Ermənistanın Dağlıq Qarabağ ərazisində yaratdığı qondarma rejimin lideri Araik Arutyunyanın Gəncəni vurmaq barədə təhdidi, əslində Ermənistanın təşkil etdiyi növbəti təxribatdır.
Bu sözləri Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.
Alyansın sədrinin sözlərinə görə, işğalçı ölkə diqqəti gündən-günə gərginləşməkdə olan sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq məqsədi ilə təxribatlara sürüklənir:
“Ermənistanı bu təxribata sürükləyən səbəb nədir? Özünün işğal hərbi strategiyasını həyata keçirən Ermənistanın 12-16 iyul tarixlərində Tovuz rayonu istiqamətində Azərbaycan ərazisinə hücum cəhdi iflasa uğradıqdan sonra, bu bəyanatla Ermənistan hakimiyyəti “hərbi gücə” sahib olduğuunu nümayiş etdirmək, həmçinin diqqəti ölkədə gündən-günə gərginləşməkdə olan sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq niyyəti güdür”.
N.Məmmədova bildirib ki, Ermənistan bu bəyanatı ilə özünün işğalçılıq siyasətini bir daha açıq formada bildirdi və münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bəyan etdi:
“30 ilə yaxındır ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və dialiog yolu ilə həllini bəyan edirlər. Bu müddət ərzində Minsk Qrupu münaqişənin həlli istiqamətində səy göstərsə də, bu günə qədər nəticə əldə olunmayıb.
Ermənistanın Azərbaycana qarşı bu cür provakativ bəyanatları regionda yarana biləcək qlobal təhlükəni əks etdirir və Azərbaycanı müharibəyə təhrik edir. Münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupu Ermənistanın bu təhdidlərinə, bu kimi bəyanatlara göz yummamalı, problemin həllinə konstruktiv yanaşmaqla öz missiyasını yerinə yetirməlidir”.
Babək Göyüş