Camal ZEYNALOĞLU – Oxşarlıq (hekayə)

 

Camal ZEYNALOĞLU

 

Oxşarlıq

(hekayə)

 

Payız fəsli idi. Qəzetimizin yubiley nömrəsinin – 50-ci sayının işıq üzü görməsi münasibətilə hamı bir yerə toplaşmışdı. İş yoldaşlarımız bir- birini təbrik edirdilər. Həmin sayda redaksiyanın, demək olar ki, bütün əməkdaşlarının şəkilləri verilmişdi. Bundan əvvəlki saylarda mənim “Əxlaq və mənəviyyat” rubrikası altında serial yazılarım dərc olunurdu. Bu yazılara oxucu marağı böyük idi. Bunu hər gün redaksiyamıza daxil olan telefon zəngləri, çoxsaylı oxucu məktubları da sübut edirdi. Təbii ki, bu tip yazılara cəmiyyətin bütün dövrlərində mənəvi ehtiyac duyulub…

Həmin gün hər kəs qəzetdə şəklinin necə düşdüyünü müzakirə edirdi. Bəziləri şəklinin yaxşı alınmadığını, bəziləri də əla olduğunu deyib qürurlanırdı. Açığını deyim ki, qəzetimiz günortaya kimi köşklərdən satılıb qurtarırdı. Mən ehtiyat üçün hər dəfə mətbəədən əlavə olaraq yüz qəzet götürüb redaksiyada saxlayırdım. Çünki oxucularımızdan bəziləri elə yerdə işləyirdi ki, köşklərdən qəzet almaq imkanı olmurdu. Tez – tez zənglər edilirdu ki, qəzetimizin tirajını artıraq. Bunu nəzərə alaraq, qəzetin tirajını da artırdıq. O illərdə qəzetimiz ən oxunaqlı mətbu orqanlarından sayılırdı.

Qəzetin yubiley sayı çıxan günün səhəri mənə zəng gəldi. Bir qadın idi. Mənimlə hökmən görüşmək istədiyini bildirirdi. Razılıq verdim. Qərara aldıq ki, axşam saat yeddinin yarısında metronun “Sahil” stansiyasının qarşısında görüşək. Bir-birimizə verdiyimiz nişanələrə görə, xanımın əynində sarı rəngli plaş, mənim əlimdə isə qəzet olacaqdı…

Nə görüş yerinə gecikməyi, nə də kimisə çox gözlətməyi xoşlayıram. Təyin elədiyimiz yerə vaxtında gəldim. Xeyli gözləməyimə baxmayaraq, deyilən nişanədə qadın gözümə dəymədi. Görüşəcəyimiz vaxtdan isə artıq on dəqiqəydi keçirdi. Darıxdığımdanmı, yaxud, əsəbiləşdiyimdənmi qeyri-ixtiyar olaraq küçədə var-gəl etməyə başladım. Hər yerdə olduğu kimi, mən də beynəlxalq etik gözləmə vaxtının, yəni 15 dəqiqənin tamam olmasını gözləyirdim. Ondan sonra çıxıb gedəcəkdim. Elə bu zaman səs eşidib arxaya çevrildim. Cavan bir qız idi. Gülümsəyərək soruşdu:

– Bağışlayın, Pərviz siz deyilsiniz ki?

– Xeyr, xanım qız, mən Pərviz deyiləm, – acığımı onun üstünə tökürmüş kimi dilləndim.

– Eləsə bağışlayın, – qız bunu deyib, məyus halda məndən aralandı.

On beş dəqiqə tamam olmuşdu. Mən daha gözləmədim, evə getmək üçün metronun girəcəyinə daxil olub, eskalatorlara tərəf addımladım…

Ertəsi gün işə təzəcə gəlmışdım ki, iş telefonum zəng çaldı. Dünən məni görüşə çağıran xanım idi. Görüşə gələ bilmədiyi üçün bir xeyli üzürxahlıq elədi. Səbəb də onu gətirdi ki, guya yatıb, yuxuya qalıbmış. Oyananda isə artıq gec imiş… Mən vaxtında gəldiyimi, onu xeyli gözlədiyimi söylədim. Xanım bu gün özü redaksiyaya gələcəyini dedi. Gəlişindən məmnun olacağımızı bildirdim.

Nahar fasiləsindən sonra xanım sözünə əməl edərək, redaksiyamıza təşrif buyurdu. Tanışlıq xatirinə adını söylədi. Adı Sevinc idi. Sevinc xanım çox qalmayacağını bildirdi, məni sabah evinə dəvət elədi və ünvan yazılmış kağız parçasını mənə uzatdı. Əvvəlcə tərəddüd etmək istədim, vaxtımın imkan vermədiyini bəhanə gətirdim. Amma onun, “istəyən adam vaxt məhdudiyyətinə baxmaz” – fikrini ortaya atması, mənim ilkin tərəddüdümə son qoydu və cəsarətimə impuls verdi.

Ertəsi gün işlərimi tez yekunlaşdırıb, Sevincin verdiyi ünvana yollandım. İlk baxışdan təmtəraqlı ev-eşik, səliqə-sahman, hər əşyanın öz yerində səliqə ilə düzülüşü, lüks rahatlıq gözümdən yayınmadı. Bir sözlə, otaqlardakı hər şeyin zövqlə yerləşdirilməsi Sevinc xanımın da yüksək zövq sahibi olmasına dəlalət edirdi.

Xanımın təklifi ilə növbəti otağa keçib, üstünü hər növ şirniyyat, meyvə və meyvə mürəbbəsi bəzəyən böyük bir stolun arxasında əyləşdim. Sevinc çay tədarükü üçün mətbəxə keçdi. Mənsə hələ də ətrafa göz gəzdirirdim. Birdən servantdakı şəkil nəzərimi cəlb elədi. Mənim şəklim idi! Təəccübləndim. Şəklə bir də diqqət kəsildim. Başqa cür ola bilməzdi. “Bu, nə sirdir, İlahi?” – öz-özümə sual verdim.

Sevinc otağa qayıdanda ilk sualım məhz şəkil barəsində oldu. Şəklimin onun əlinə necə düşdüyünü soruşdum. Cavab verdi ki, bu, onun mərhum nişanlısının şəklidir. Qızın bu gözlənilməz cavabından sonra çaşbaş halda oturduğum yerdən qalxıb, şəkillə üzbəüz dayandım. Doğrudan da şəkildəki adam mənə çox oxşayırdı. Necə deyərlər, sanki bir almanı yarıya bölmüşdülər.

Mən Sevincdən xahiş elədim ki, mümkünsə, nişanlısı barədə danışsın. Qız əvvəlcə xəyala qapıldı, nəzərləri uzun-uzadı məchul bir nöqtə üzərində ilişib qaldı. Handan-hana xəyallar aləmindən ayrılıb, nişanlısı ilə aralarında olan qeyri-adi sevgi macəralarından söhbət açdı. Söylədi ki, nişanlısı onu saf, ülvi bir məhəbbətlə sevirdi. Demək olar ki, hər gün görüşürlərmiş. Təəssüf ki, bu xoşbəxt günlərin ömrü az olur. Zalım fələk araya girir və bu iki gənci bir-birindən ayırır, – avtomobil qəzası Sevincin nişanlısını əlindən alır. Beləliklə, Sevinc -Vüqar məhəbbəti yarımçıq qalır…

Sevinc mənim şəklimi qəzetimizin yubiley sayında görəndə, gözlərinə inanmayıb. Necə olur-olsun məni tapmağı, mənimlə görüşməyi qarşısına məqsəd qoyur…

Hiss edirdim ki, qız mənə qarşı biganə deyil. Ona görə də ilk növbədə mənim evli olub-olmadığımı soruşdu. Mən evli olduğumu dedim. Sevinc söhbət əsnasında həm də öz tərcümeyi-halı barədə məlumat verdi. Söylədi ki, anası beş il öncə dünyasını dəyişib. Evin yeganə varisidir. Atası nazirlər kabinetində şöbə müdiri vəzifəsində çalışır. Evin bütün mükəlləfiyyəti onun adına bağlıdır. Qız ona da eyham vurdu ki, jurnalistlər daim ehtiyac içində çapalayır, birini tapanda, o birisini tapa bilmir, çox vaxt dost-tanış yanında maddi durumları aşağı olmalarına görə sıxılır, mənəvi əzab çəkirlər. – Pul, var-dövlət hər zaman hakimi-mütləq olub. Kişini puluyla, sərvətiylə tanıyıblar. İndiki zamanədə hamının, hər kəsin pula ehtiyacı olduğunu və sairə bu kimi məsələləri də mənə eşitdirdi. Mən isə Sevincə anlatmaq istədim ki, pul məni heç vaxt maraqlandırmayıb, heç vədə pul hərisi olmamışam. Çünki mən mənəviyyat adamıyam və həmişə mənəviyyatımı qorumuşam.

Sevinc dönə-dönə, həm də çox təəssüflə bildirdi ki, mənim evli olmağım onun bütün planlarını alt-üst elədi, ümidlərini qırdı. Üstəlik, bu vaxta qədər evsiz olduğumu, kirayədə yaşadığımı eşidəndə maddi durumumdan narahatlıq hissi keçirdiyini də dilə gətirdi. Bütün bunlardan sonra, heç olmasa həftədə bircə dəfə mənimlə görüşməyi təklif etdi və xanım bunun müqabilində mənə hər şey: dəbdəbəli ev də, yüksək vəzifə də, maşın da vəd edirdi. Mən isə onunla görüşmək təklifini rədd etdim. Bir daha evli olduğumu və ailəmə bağlılığımı onun nəzərinə çatdırdım…

Son cavabım Sevinc xanımın qəzəb, hiddət və hikkəsinə səbəb oldu:

– Cavan oğlan, – deyə səsinə güc verdi, – mənim təklifimi kimsə rədd edə bilməz. Mən həyatda istədiyimi əldə edə bilən qadınlardanam. Kimsə məndən canını asanlıqla qurtara bilməz. Sənə xəbər göndərəndə, əlində təcili işin olsa da, onu kənara qoyub özünü mənə çatdırmalısan. Qarşımdakının

mənə etiraz etməsini heç sevmirəm. Onu da deyim ki, məndən ötrü əldən-ayaqdan gedən o qədər cavan oğlan var ki. İstəsəm bu saat yüzünü buraya çağıraram. Səndə Vüqarımın nişanələrini, cizgilərini gördüyüm üçün səni seçdim. Maşını ardınca göndərəndə sakitcə əyləşib gələcəksən, yoxsa… sənə yazıq olar.

– Sevinc xanım, nəzərinizə çatdırmaq istəyirəm ki, mən də kimsənin kuklası olmağı heç cür qəbul edə bilmərəm. Buna mənim kişilik qürurum yol verməz. Bu işin hədə-qorxu yolu ilə olmasını da sevmirəm, – deyə sakit tərzdə, təmkinlə ona bildirdim.

– Bundan sonrası daha sənin öz işindir, çünki mən son və qəti sözümü dedim. Dediyim sözdən də heç vaxt vaz keçmərəm, – deyə Sevinc xanım yüksək əda ilə bildirdi…

Mən başıma nə böyük bir bəla açdığımın fərqinə çox gec vardım. Gecə-gündüz: “bu xanımdan canımı necə qurtaracağam?” – deyə düşünürdüm. Dərdimi kiməsə də anlada bilmirdim. Sanki yolum dalana dirənmişdi. Düzdür, mənim yerimə kim olsaydı bəlkə də: “istədiyin idi yar, yetirdi Pərvərdigar” şüarını hər şeydən üstün tutub, qızın təklifini məmnuniyyətlə qəbul edərdi. Amma mən…

 

12.01.2019

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password