İrəvanın Bakıya növbəti təxribatı: Buna səssiz qalmaq olmaz!
Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni vurmaqla bağlı səsləndirdiyi hədələr qəbuledilməzdir. ATƏT-in Minsk Qrupu həmsədrləri turist diplomatiyasından əl çəkib, məsələyə konstruktiv yanaşma sərgiləməlidirlər.
Bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Dağlıq Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanın Gəncəni vurmaqla hədələməsini şərh edərkən deyib.
Politoloq bildirib ki, qondarma rejim nəinki Gəncəni, heç cəbhədəki mövqelərimizi vurmaq imkanına malik deyil:
“Arutyunyanın Gəncəni vurmaqla bağlı boş və mənasız hədələri onun deyil, işğalçı Ermənistanın provokasiyasıdır. Ermənistan bu yolla ilk növbədə öz ictimaiyyətinə Azərbaycan qarşısında hərbi cəhətdən güclü olduğunu göstərməyə çalışır. Bu cür boş və əsassız iddialar münaqişənin sülh yolu ilə həllinin olmadığını bir daha sübut edir”.
Politoloqun sözlərinə görə, Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsinə səssiz qalmaq olmaz:
“Beynəlxalq təşkilatlar münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini bildirirlər. Bununla belə, Ermənistan işğalçı siyasətindən əl çəkməməkdə israr edir. Ermənistanın Gəncəni vurmaqla hədələməsi açıqca işğalçı siyasətinin göstəricisidir. Təəssüf ki, münaqişənin danışıqlar yolu ilə həllini təklif edən beynəlxalq təşkilatlar Ermənistanın nə bu kimi əsassız ərazi iddialarına, nə də işğalçı siyasətinə adekvat cavab verir. Düşünürəm ki, Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinə sərt xəbərdarlıq etməlidir. Bu, şikayət mahiyyətli deyil, rəsmi İrəvana qarşı görüləcək tədbirlər üçün xəbərdarlıq olmalıdır. Ermənistanın istənilən təxribatına qarşı Azərbaycanın görəcəyi tədbirlərdən rəsmi İrəvan məsuliyyət daşıyır”.(axar.az)