“Paşinyana dövlətimizin əsaslarını sarsıtmasına imkan verməyəcəyik” – Artur Vanetsyan
Dünən Ermənistanın Vayotsdzor vilayətində “Vətən” parrtiyasının ərazi nümayəndəliklərinin və “Vətən” inkişaf fondunun açılış mərasimi keçirilib.
Bu haqda məlumatı erməni mediası yayıb.
“Vətən” partiyasının sədri Artur Vanetsyan qeyd edib ki, gündən-günə böyüyən regional strukturlar cəmiyyətlə əlaqələrini gücləndirir və iş daha da genişlənir.
“Fəaliyyətimizin mərkəzində hüquq və azadlıqları olan bir insan dayanır. Bu hüquq və azadlıqları qorumaq üçün buradayıq” deyib Artur Vanetsyan.
O, bu bölgədə turizm və kənd təsərrüfatı sahələrini mümkün qədər inkişaf etdirməyin vacibliyini qeyd edib.
Partiya başçısı bu bölgənin respublikanın turizm mərkəzinə çevrilməsi üçün real potensiala malik olduğuna diqqət çəkib.
Mərasimə qatılanlar “Vətən” partiyasının sədri ilə gəlirlərinin kəskin azalmasına səbəb olan turist axınının azalması ilə bağlı narahatlıqlarını bölüşüblər.
“Bu epidemiya və hökumətin laqeydliyi bölgəmizin onurğasını sarsıtdı. Koronavirusun bütün sahələri vurduğunu başa düşürük, amma turizm ən çox zərər gördü, çünki biz turizm gəlirləri ilə yaşayırıq. Turizm yoxdursa, demək olar ki, dolanışıq da yoxdur”. Bölgə sakinləri belə deyib.
Bölgə sakinləri epidemiya ilə mübarizənin uğursuz olması, yeni təhsil standartlarının tətbiqi ilə əlaqədar ölkədə baş verən təhlükəli proseslərdən narahatlıqlarını ifadə ediblər.
Artur Vanetsyan bir daha qeyd edib ki, “Vətən” partiyasının ideologiyası milli dəyərlərə söykənir və onları tapdalayan insanlar layiqli cavablarını alacaqlar.
“Biz Paşinyanın mənasız hökumətinin dövlətimizin əsaslarını – tarixini, dilini, kilsəsini və ailəsini sarsıdacağına icazə verməyəcəyik. Hətta rəhbərlik etdiyimiz quruma qarşı sifarişli cinayət işləri uydurulsa belə dayanmayacağıq”. Artur Vanetsyan fikrini belə tamamlayıb.(konkret.az)