Ərdoğanla Putin bu dəfə bizdən danışmadılar, çünki… – Politoloq
“Kreml Ankaradan Liviyada barışıq istəyir”.
Bunu politoloq Elxan Şahinoğlu Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon görüşündən danışarkən deyib. Politoloq qeyd edib ki, prezidentlərin budəfəki əsas mövzusu Liviya böhranı olub:
“Sonuncu dəfə prezidentlər iyulun 27-də telefonla danışmışdılar. Həmin söhbətdə əsas mövzu Azərbaycan-Ermənistan sərhədindəki döyüşlər olmuşdu. Bu dəfə bizdən danışmadılar, çünki bölgəmizdə yenə nisbi sakitlikdir. Bu dəfə əsas mövzu Liviya böhranı olub. Kreml Ankaradan Liviyada barışıq istəyir. Əslində Türkiyə Liviyada istədiyinin böyük hissəsini əldə edib. Liviyanın mərkəzi hakimiyyətini qiyamçı general Haftarın hücumlarından qorudu, geriyə atdı və paytaxt Tripolinin təhlükəsizliyini təmin etdi. Əlbəttə Türkiyə Liviyanın tamamını qiyamçılardan azad etmək istəyərdi. Ancaq indiki şərtlər altında bunun reallaşması çətindir, Misir öz sərhədinə yaxın Liviyanın Sirt şəhərinin mərkəzi hakimiyyətin nəzarəti altına keçməsini mane olmağa hazırdır”.
Elxan Şahinoğlu bildirib ki, münasibətlərin gərgin olmasına baxmayaraq, Türkiyə-Misir qarşıdurmasını hər iki tərəf də istəmir:
“Ona görə də Liviyada atəşkəs Ankaranın və Moskvanın maraqlarına cavab verir. Ankara üçün o da vacibdir ki, Kreml Aralıq dənizi hövzəsində yaranan gərginlik fonunda anti-Türkiyə – Fransa ilə Yunanıstan blokunda yer almayıb”.