Camal ZEYNALOĞLU – Sonun başlanğıcı (hekayə)

 

Camal ZEYNALOĞLU

 

 Sonun başlanğıcı

(hekayə)

 

Əşrəf dənizkənarı parka çatanda gün günortanı adlamışdı. Payız fəsli olsa da hava mülayim idi. Azca sahil boyu gəzdikdən sonra boş skamyaların birində əyləşdi. “Nədən bu vəziyyətə düşdüm, İlahi? Nə üçün belə tüfeyli, miskin adama çevrildim… Vaxtilə hər kəsə lazım olan Əşrəf müəllim indi çoxları üçün sanki lazımsız əşyaya çevrilib. Hansı günahlarıma, buraxdığım hansı səhvlərə görə bu günə qaldım? Mən ki hamıya kömək əlimi uzadırdım, xeyirxahlıq edirdim. İdarədə hər bir işçinin dərdini öz dərdim hesab edirdim, – sevincinə sevinir, kədərinə şərik olub üzülürdüm… Bəs harda səhvə yol verdim, harda səhv addım atdım? Hələ də bir şey anlamıram… Bəlkə insanlara çox güvəndiyim, etibar etdiyim, tabeliyimdə olanlarla həddindən artıq mülayim, səmimi və demokratikcəsinə davranmağım, yaxud da rüşvətə qarşı açıq mübarizə apardığım üçün bütün bunlar gəldi başıma?! Bəlkə də idarəçilikdə rəhbər işçiyə aqressiv, amirlik, totalitar, eqoism və s. olmaq gərəkmiş?! Axı bu keyfiyyətlərin heç biri məndə yoxdur, heç olmayıb da… Yoxsa bu, mənim taleyimdir, alın yazımdır, belə də olmalıymış,” – deyə o, xəyalən bir xeyli özü-özüylə danışdı.

Əşrəf müəllim fikrə dalaraq, əvvəlcə tələbəlik illərini, sonra sevgi dolu məhəbbət hekayəsini, təmtəraqla başa çatan toy mərasimini, habelə, evlilik dövrünü, qayınatasının köməyi sayəsində vəzifəyə gətirilməsini yadına saldı… Onun idarəçilik sistemində yenilik etməsi bəzilərini qıcıqlandırırdı. Bu sahədə ilk işi idarədə rüşvətin qarşısına sipər çəkmək oldu. Amma rüşvətin yığışdırılması məsələsi yuxarılarda heç də yaxşı qarşılanmadı.

… Əşrəf Sadıqov idarədə hamıya inanırdı. Xüsusiylə də müavininə. Müavinini özünə dost, arxa hesab edirdi. Lakin çox keçmədi ki, müavini də ona xəyanət etdi, – ayağının altını qazmağa başladı – Əşrəf haqqında mütəmadi olaraq yuxarılara danos ötürdü…

Qayınatası ilə ilk münaqişəsi, başqalarından fərqli olaraq, onun rüşvət almaması üstündə yarandı. O, kürəkənini bacarıqsızlıqda, səriştəsizlikdə qınayırdı. Əşrəf müəllim isə kimsənin diktəsi ilə, kimsənin dediyi ilə durub-oturmayacağını qayınatasına açıq bəyan elədi. Bununla da Əşrəfin qayınatası, kürəkəninə bir də arxa durmayacağını söylədi…

Bu münaqişəni eşidən pusquda dayanmış “yalquzaqlar” dərhal idarə rəhbərinə qarşı hərəkətə keçdilər. İdarədə yerli-yersiz yoxlamalar başladı, kollektivdə işin ahəngi pozuldu və bu da istər-istəməz işçilər arasında narazılıqlara səbəb oldu…

Yoxlama aparanlar idarədə heç bir neqativ hal aşkar edə bilmədilər. Yoxlamaların onların xeyrinə bir nəticə vermədiyini görən qara qüvvələr bu dəfə idarədəki xain və satqınlar vasitəsilə Əşrəf müəllimə qarşı “gözdənsalma kampaniyası”na başladılar. Böhtan, iftira dolu anonim məktublar Baş idarəyə ayaq açdı. Həmin məktublarla əlaqədar idarədə dəfələrlə iclas keçirildi. Əməkdaşlarla sorğu aparıldı. İşçilərin əksəriyyəti idarə rəhbərini müdafiə edirdilər…

Əşrəf müəllimi müdafiə edənlərdən biri də idarənin şöbə müdiri Vüsal Babayev idi. O, idarədə baş verənlərin, qara qüvvələrin idarə rəhbərini gözügötürməyənlərin işi olduğunu dönə-dönə israr edirdi. Bununla belə, daxili münaqişələr, çəkişmələr ara vermirdi…

Deyərlər, gizli düşmən ilan kimidir, sürünə – sürünə səssiz gələr. Rəqiblər Əşrəf müəllimə daha bir tələ qurmağı planlaşdırdılar. Onlar gizlicə bir-bir Əşrəf müəllimin yanına gəlib, onu inandırmağa çalışırdılar ki, bu işləri törədən elə Vüsal Babayevdir. Yoxlamaların da, ananim məktubların da arxasında o dayanır. Guya Vüsal onun yerinə göz dikib.

İclaslarda yalandan – gözə kül üfürmək üçün onu müdafiə edir…

İdarə rəhbərinin qulağını belə fikirlərlə o qədər doldurdular ki, Əşrəfin içində Vüsala qarşı şübhələr yaranmağa başladı…

Əlbəttə, belə bir qarışıqlıqda Əşrəfin ağlına hər cür qara fikir gələ bilərdi. Yalan və doğrunun harda qərar tutduğunu ayırd edə bilmirdi. O, Vüsala həmişə inanmışdı, ona etibar etmişdi. Vüsal idarədə ən ləyaqətli, məsuliyyətli, doğru-dürüst, işgüzar, işinə can yandıran birisiydi. O, inana bilməzdi ki, Vüsal ona nə vaxtsa xəyanət edə bilər. Ancaq qəlbinə yol açmağa çalışan şeytani hisslər, inandığı insana qarşı olan inamı yox etmək üzrə idi…

Beləliklə, Vüsal haqqında üst-üstən idarə müdirinə verilən yalan və iftira dolu məlumatlar Əşrəf müəllimi həmişə dostu bildiyi, güvəndiyi şöbə müdiri barədə səhv qərar çıxarmağa vadar elədi. Vüsal işindən uzaqlaşdırıldı… Vüsal işdən gedərkən Əşrəfə təmkinlə: “Əşrəf müəllim, mənim sizə çox böyük hörmət və rəğbətim vardı. Çünki sizin iş prinsipiniz digər idarə rəhbərlərinin iş prinsipindən tamamilə fərqli idi. Doğru-dürüst, xeyirxah, işçilərin qədrini bilən, onlarla daim səmimi rəftar edən bir insan kimi sizə hörmət edirdim. Elə indi də edirəm və edəcəyəm. Amma siz ətrafınızdakı o xain və satqınları görmədiniz və mənə qarşı haqsızlıq etdiniz. Səhvinizi başa düşəndə isə artıq gec olacaq. Necə deyərlər, sonrakı peşmançılıq heç vaxt fayda vermir… Mən idarədə sizə bəlkə də sadiq olan yeganə işçi idim. Sizsə bunu görə bilmədiniz. Alaq otu kimi sizi dövriyyə alan o satılmışlar yalan məlumatlarla etibarlı, yaxşı işçilər barədə sizdə yanlış fikirlər yaratdılar. Vaxtı gələndə həmin satılmışlar sizə də arxadan zərbə vuracaqlar. İndi isə onlar ətrafınızdakı yaxşı, işgüzar, işini bilənləri sizdən uzaqlaşdırmaq istəyirlər ki, gələcəkdə öz çirkin əməllərini rahat, maneəsiz həyata keçirə bilsinlər. Çünki tək-tənha, heç yerdən köməyi olmayan adama qalib gəlmək asan olur. Son deyəcəyim odur ki, ətrafınızdakılardan ehtiyatlı olun, Əşrəf müəllim. Di, salamat qalın,” – deyib otaqdan çıxdı.

İdarədəki qalmaqallar azmış kimi, ailədə də Əşrəfə qarşı narazılıqlar yarandı. Müdir barədə şantaj xarakterli söz-söhbətlər qayınatasına qədər gedib çıxdı. Guya o ailəsinə xəyanət edir… Əşrəf nə qədər and-aman içdisə, həyat yoldaşı ona inanmadı. Qayınatası qızının ərindən boşanmasını təkid etdi və təcili boşanma barədə məhkəməyə müraciət etdilər…

Həyat yoldaşı Əşrəfdən boşandıqdan sonra uşaqları da götürüb atası evinə getdi. Beləliklə, sağlam bir ailənin təməl daşı yerindən oynadı…

Tənhalıq Əşrəfi sıxır, sarsıdır, əsəbiləşdirirdi. Bu da onun işdə bir-birinin ardınca yanlış qərarlar verməsinə səbəb olurdu. Gün keçdikcə o, idarəetməni itirir, süstləşir, əvvəlki güc və enerji ilə işləyə bilmədiyindən ictimaiyyət qarşısında aciz duruma düşürdü…

Çox çəkmədi ki, işdə yol verdiyi nöqsanlara, idarədə yaranan hərc-mərcliyə görə Əşrəf müəllimi tutduğu vəzifədən kənarlaşdırdılar…

Rəqiblər bununla da kifayətlənmədilər, Əşrəfi tamam müflis etmək qərarına gəldilər. Belə ki, bu dəfə onlar sabiq idarə müdirinin bir il öncə Tahirə adlı bir qadını zorlaması ilə bağlı polisə

şikayət verdilər. Əşrəf özünü müdafiə etmək, ona qarşı qurulmuş tələdən, şər-böhtandan xilas olmaq, qurtulmaq üçün evini satmağa məcbur oldu. Nəhayət, pul gücünə ona qarşı irəli sürülən bütün dedi-qodulardan, şər-böhtanlardan, şantajlardan çətinliklə xilas ola bildi…

Qalmağa yeri olmayan, sərgərdən vəziyyətə düşən Əşrəf harda gəldi gecələyir, səfil həyat sürürdü…

Bir gün Vüsal küçədə Əşrəflə qarşılaşdı. Diqqətlə baxmasaydı tanımayacaqdı. Əşrəf qısa vaxt içərisində çox dəyişmiş, tanınmaz olmuşdu. Keçmiş müdirini dilənçi vəziyyətində görmək Vüsalın qəlbini ağrıtdı. Bu mənzərə onun insanlıq qüruruna toxundu. Və qəti qərara gəldi ki, nəyin bahasına olur-olsun Əşrəf müəllimə kömək etməlidir…

Əslində, Vüsal işindən uzaqlaşdırılsa da, mütəmadi olaraq Əşrəf müəllimin düşdüyü böhranlı vəziyyətlə maraqlanırdı. Hadisələri izləyirdi. “O artıq uçurumun bir addımlığındadır. Hər şeyini, – işini-gücünü, malını-mülkünü, hətta, yaşadığı evini də itirərək, səfillər cərgəsinə qoşulduğu anlarını yaşayır… Onu düşdüyü bu bataqlıqdan mütləq xilas etmək lazımdır,” – ürəyində götör-qoy edən Vüsal çox çəkmədi ki, keçmiş müdirinə öz evində sığınacaq verdi, onu çalışdığı şirkətdə işə düzəltdi…

Əşrəf müəllim isə gec də olsa, buraxdığı səhvlərini başa düşdü və ömür kitabına yeni səhifələr yazmağa b

25.04.2019

 

 

Tale quşu

(hekayə)

 

Onlar qonşuydular. Hər iki qonşu qadının taleyi oxşar idi. Belə ki hər iki qonşu ailə başçısını itirmişdi. Hər iki qonşunun qadını dul qalmışdı. Hər iki qonşunun ərə getməli bir qızı vardı. Talelər nə qədər oxşar olsa da, bəxt ulduzları tam fərqli parlayırdı. Belə ki Fatimə və qızı Xədicə qonşuluqda ədəb-ərkanlılığı, əxlaqlığı, mehribançılığı, səmimiyyəti, canıyananlığı, hay-haraya yetməyi, hər kəsə kömək əlini uzatmağı, hamıya gülərüzlə, qayğıkeşliklə yanaşmanı, nahaqdan kimsənin günahına batmamağı, haqqı-nahaqqa verməməyi, hər zaman sözün düzünü danışmağı və s. xoş məramları özlərinin həyat amalına çevirmişdilər. Digər qonşu Gülzar və qızı Sevda isə bunların tam əksi idi.

Fatimə orta məktəb müəlliməsi idi. Xədicə isə ali təhsilini yenicə başa vurmuşdu. Amma hələ ki iş axtarırdı. O, savadlı və ağıllı qız idi. Zahiri görkəmi də pis deyildi, boy-buxunlu idi Xədicə. Abır-həyası, əxlaqı, tərbiyəsi də öz yerində.

Gülzar evdar qadındı. Qızı Sevda isə qısaboy idi, boyu heç bir metr yarım ola, ya olmaya, sarışın, çəlimsiz bir qız idi. Sevdanın oxumaqla işi olmadı. Ona görə də orta məktəbi birtəhər bitirən kimi, ərə getməyə qərar vermişdi. Gülzar da qızının istəyinə qarşı çıxmamış – onu uzaq qohumlarından birinə ərə vermişdi. Amma bu evlilik uzun sürməmişdi – cəmi-cümlətanı səkkiz aydan sonra Sevda ərindən ayrılaraq yenidən ata evinə qayıtmışdı. Beləliklə, “müstəqil həyat”a qədəm qoymuş, necə deyərlər, öz əli, öz başı, yəni bir özü, bir də dizi olmuşdu. Atını istədiyi səmtə dörd nala çapmaqda davam edirdi. Tez bir zamanda Sevdanın namı-nişanı bütün məhəllədə tanındı. Anasının ona verdiyi təlim-tərbiyə, öyüd-nəsihətlər də havaya sovrulmuşdu. Gülzar xəcalətindən qonum-qonşu içinə çıxa bilmirdi.

Sevdanın bu müstəqilliyi bir il davam etdi. Günlərin birində Gülzar qonşusu Fatiməyə dedi ki, qızını istəyən var. Fatimə də məsləhət bildi ki, bu dedi-qodulara, söz-söhbətlərə son vermək üçün Sevdanı təcili ərə vermək lazımdır. Bəlkə bu dəfə taleyi onun üzünə güləcək?! Gülzar bu izdivaca icazə verdikdən sonra, Sevda ikinci dəfə ərə getdi. Amma bu evlilik də qısa oldu. “Mən rayonda yaşaya bilmirəm”, – deyə Sevda şələ-şüləsini yığıb yenidən anasının yanına qayıtmışdı. Ana artıq qızı ilə bacara bilmirdi. O, artıq papaq kimi başlarda gəzirdi, fərq qoymadan həm özündən kiçik, həm də özündən çox-çox yaşlı kişilərlə mazaqlaşırdı. Hətta qonşusu, taksi sürücüsü yetmiş yaşlı Mahmud kişi ilə də görüşürdü. Bu isə əndazəni aşmaq demək idi. Digər qonşular Sevdadan anasına şikayətə gəlmişdilər. Onlar gileylənirdilər ki, məktəb yaşlı övladlarını yoldan çıxarır Sevda…

Sevdanın üzü üzlər gördüyündən tamam sırtılmışdı. Ağzına gələni zəvzəkləyir, dilinə sahib çıxa bilmirdi. Amma bütün bulara baxmayaraq bir gün Sevdanın bəxt ulduzu parladı, bəxt üzünə güldü, çiyninə tale quşu qondu. Anası Gülzar qonşulara haray saldı ki, yaxınlarda qızının təmtaraqlı toyu olacaq. Toy mərasimi də çox möhtəşəm bir sarayda keçiriləcək. Qonşular bu xəbərə əvvəlcə inanmadılar, inana bilmədilər, Gülzarın zarafat etdiyini düşündülər. Amma qonşuları tərəfindən onlara Sevdanın toy dəvətnaməsini verəndə şoka düşdülər. Özü də Gülzar dəvətnaməni qonşularına təqdim edərkən demişdi: “Seva dedi ki, heç bir şey lazım deyil, qonşularım elə belə gəlib, toyumda iştirak edərlər. Onları xərcə salmaq istəmirəm. Onsuz da onların mənim toyumdakı stolun pulunu ödəməyə gücləri çatmaz. Çünki bir stolun qiyməti 500 manatdır”. Amma qonşular: “yaxşı deyil, biz də gərək bir şey edək” , – deyə bir yerə yığılıb bir “beşlik” qızıl aldılar. Gülzar qonşularına onu da

xatırlatmışdı ki, toy günü düz saat 6-da adı qeyd olunan şadlıq sarayının həyətində olsunlar. Çünki saraya daxil olmamışdan öncə, həyətdə bəylə gəlinin qarşılanma mərasimi olacaqdı. Qonşuların heç biri indiyə kimi bu şadlıq sarayında olmamışdı. Gülzar onu da bəyan etmişdi ki, Sevda bu dəfə onun evindən gəlin çıxmayacaqdı. Beləliklə, qonşular toy gününü intizarla gözləyirdilər. Bu axı Sevdanın üçüncü rəsmi toyu olacaqdı.

Möhtəşəm şadlıq sarayı böyük bir ərazidə yerləşirdi. Deyildiyi kimi toya dəvətlilər saat 6-da sarayın həyətinə toplaşıb, bəylə gəlini gözləyirdilər. Bu zaman havada bir vertolyot göründü. Sevdanın anası Gülzar qonşusu Fatimənin qulağına pıçıldadı: “Qızım indi kürəkənlə birlikdə vertolyotla sarayın həyətinə enəcək. Görürsən də, qızım Şadlıq sarayına vertolyotla gəlir”.

Toya təşrif buyuranların əksəriyyəti vəzifəli adamlardı. Onların arasında ən məzlumu elə Gülzarın qonşularıydı. Hamının nəzəri vertolyotda idi. Nəhayət, vertolyot göydə üç dəfə dövrə vurduqdan sonra aramla sarayın həyətinə endi. Gülzarın qonşuları təəccüb içindəydilər. Gördüklərinə inanmırdılar, mat-məəttəl qalmışdılar. Sanki möcüzə baş verirdi.

Bəylə gəlin vertolyotdan yerə endilər. Qonşular bəyi gördükdə gözləri bərəli, ağızları açıq qaldı. Boy-buxunlu, pəhləvan cüssəli, yaraşıqlı, sanki Tanrı bu oğlanı öz qüdrətli qələmiylə çəkmişdi. Qonşuların, eləcə də digərlərin nəzəri ancaq bəyə tuşlanmışdı. Sevda oğlanın ancaq qurşağından olardı. Təzadlı bir cütlük. Pıça-pıç başladı… “Bu cür yaraşıqlı oğlanın seçdiyi qıza bir bax!”, Gəlin bəyə qətiyyən yaraşmır”, “Oğlan daha yaraşıqlı və cazibədardır”, “Görəsən, oğlan bu qızın nəyinə aşiq olub?”, “Qızın bəxti gətirib”, “Armudun yaxşısını meşədə ayı yeyər” kimi söz-söhbətlər, atmacalar, xosunlaşmalar baş alıb gedirdi…

Bəylə gəlin saraya daxil olandan sonra adamlara içəri keçməyə icazə verdilər. Stolun üstündə nə desən vardı. Amma qonşuların boğazına bir tikə də olsun loxma getmirdi. Onlar elə hey yaraşıqlı bəyə baxırdılar…

Toyun necə başa çatdığını qonşular hiss etmədilər. Qonşular fürsət tapıb, Gülzarı yanlayaraq, gətirdikləri qızıl “beşliyi” ona vermək istədilər. Amma Gülzar bunu özü götürməyib, qızını çağırdı: “Seva, xalaların səni çağırır, sənə hədiyyələri var”. Sevda bir anlıq bəydən aralanıb, qonşularına yaxınlaşdı: “Xoş gəlmisiniz” , – dilucu dedi. Sonra anası əlavə elədi: “Seva, xalaların sənə bu qızıl “beşliyi” gətiriblər. Onu neyləyim?!”

– Mama, onu özündə saxlarsan. Sonra bizə gələndə o “beşliyi” evimdəki xidmətçi qadına verərəm., – deyə Sevda əda ilə dilləndi və dərhal ərinin yanına tələsdi.

Qonşular pərt olmuşdular. Gülzar bunu hiss etdi və dərhal söhbəti dəyişmək istədi. Bu zaman qonşu Zivər soruşdu: “Gülü, bal ayların da yəqin ki, Maldiv adalarında keçirəcəklər, eləmi?!”

– Yox, Sevanın fikri də eləydi, ancaq Rövşənin işi buna imkan vermir. Ona görə də kürəkən bal ayı hədiyyəsi olaraq Sevaya dördotaqlı mənzil alıb, – deyə Gülzar bildirdi.

– Yəqin ki kürəkən Sevaya maşın da alar? – Zivərin dili dinc durmadı.

– Hə, Seva Rövşənə ona “Qallenvaqen” almağı sifariş verib. Eyni ilə Rövşənin maşınından, ancaq ağ rənglisindən. Axı Rövşəninki qara rəngdədir. Seva deyib ki, biz bir-birimizdən fərqlənməliyik də… Həmin gecə ilan vuran yatdı, Gülzarın qonşuları yata bilmədi. Çünki onlar hələ də toyun təəssüratlarından ayrıla bilmirdilər. Onlar bu toyun, bu təmtərağın, bu dəsgahın gerçək olduğuna hələ də inanmırdılar…

Fatimə müəllimə də qızının tale quşunun onun çiyninə nə vaxt qonacağını, bəxt ulduzunun nə vədə parlayacağını intizarla gözləməkdəydi…

16.04.2019

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password