Səfir Eldar Həsənovu həbsxanaya salan əsl səbəb…
Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Hersoqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənovun bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq tədbirləri çərçivəsində həbs olunması şok effekti yaratdı.
Bu həbsin xüsusilə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfəri və az öncə baş verən anlaşılmazlığın aradan qaldırılması, siyasi münasibətlərin nizamlandığı bir məqamda baş verməsi böyük rezonans doğurdu.
Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünü və Bakının beynəlxalq hüquqa uyğun olan mövqeyini bir daha dəstəkləyən Serbiyanın şirkətlərinin Ermənistanla silah ticarəti razılaşması ilə bağlı səfirliyimizin məlumatlı olması və buna qarşı vaxtında fəaliyyətə keçməsi vacib idi. Serbiya nümayəndə heyətinin Bakıya səfəri də bir daha təsdiqlədi ki, bu ölkə Azərbaycanla siyasi-iqtisadi əlaqələrə mühüm önəm verir və müsəlman Azərbaycan Respublikasının Serbiyanın ərazi bütövlüyü məsələsində tutduğu prinsipial mövqeyi olduqca yüksək qiymətləndirir. Beləliklə, rəsmi Belqradın Azərbaycan-Serbiya münasibətlərini heç bir halda Ermənistana bir neçə milyonluq silah ticarətinə qurban vermək niyyətində olmadığı ortadadır.
Bu, beynəlxalq münasibətlərdə olduqca mühüm faktordur və Azərbaycanın nüfuzunu, dünyadakı yerini göstərir. Getdikcə daha ciddi regional oyunçuya çevrilən Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamaq artıq dünya dövlətlərinin diqqətini çəkirsə, bu, ölkəmizin siyasi-iqtisadi inkişafının göstəricisi, artan beynəlxalq nüfuzudur. Prezident İlham Əliyev hər zaman tərəfdaş ölkələrlə münasibətlərdə “qazanmaq və qazandırmaq” prizmasından çıxış edir. Başqa sözlə desək, bütün ikitərəfli və çoxtərəfli münasibətlərdə də, regional layihələrdə də qonşu və tərəfdaş ölkələrin iqtisadi maraqları nəzərə alınır, hər kəsin iqtisadi səmərə götürməsi üçün şərait yaradılır. Bu siyasət isə Azərbaycana böyük rəğbət yaratmaqla bərabər, ölkəmizin nüfuzunu daha da artırır və Bakı ilə iqtisadi layihələrdə iştirak etməkdə hamı maraqlı olur. Bu siyasi-iqtisadi münasibətlər əlbəttə ki, ölkəmizin milli maraqlarının və beynəlxalq hüquqa söykənən ədalətli mövqeyinin dəstəklənməsinə də əhəmiyyətli dərəcədə təsir edir.
Yəni dünya ölkələri “qazanıb və qazandıran”, sürətlə regional oyunçuya çevrilən və ərazisini işğalda saxlayan Ermənistan istisna olmaqla, heç bir qonşusu ilə problemlər yaşamamaq siyasəti aparan, böyük layihələrə imza atan Azərbaycanla çalışmaqla həm iqtisadi-siyasi divident əldə edir, həm də beynəlxalq hüquqa əsaslanmış olur. Belə halda ölkələr niyə Ermənistan kimi heç bir perspektiv vəd etməyən, heç bir layihəsi olmayan, iqtisadi bataqlıqda çırpınan bir ölkə ilə əməkdaşlıq etməli, Azərbaycanla münasibətləri korlamalı, üstəlik, beynəlxalq hüquqa uyğun olmayan mövqe sərgiləməyə məcbur olmalıdırlar?
Demək, qalır Bakının apardığı uğurlu siyasəti diplomatlarımızın olduqları yerdə milli maraqlarımız üçün istifadə etməsi… Serbiya nümunəsində müşahidə etdik ki, bu ölkədəki səfirimiz hətta məlum olaylar zamanı da aktivliyi ilə seçilmədi.
Bu baxımdan Eldar Həsənovun səfir vəzifəsindən birbaşa təcridxanaya getməsinin səbəbləri sırasında çox ciddi məqamların olduğu şübhəsizdir. Maliyyə pozuntusuna yol verən səfirimiz sərəncamla işdən azad olunmadan, geri çağırılmadan və birdən-birə, həm də niyə çalışdığı ölkənin – Serbiyanın DİN rəhbəri və TŞ katibi Bakıdan gedəndən bir gün sonra həbs edilsin? Ermənistana silah göndərən Serbiya şirkətləri haqda Eldar Həsənova nə məlumdur, onlarla hansı əlaqələri var və niyə vaxtında ölkəmizin maraqları naminə Serbiya hakimiyyəti ilə bu mövzuda diplomatik əlaqələrə keçərək, o şirkətlərin qanunsuz silah satışının qarşısını almaq istiqamətində çalışmayıb?
Yəqin ki, DTX istintaqı zamanı bir çox məsələlər üzə çıxacaq…(axar.az)