Qənirə Paşayeva: “O ölkələr də Ermənistana silah daşınmasına etiraz etməyib”
“Rusiya Ermənistana hansı əsaslarla silah satır? Niyə Ermənistana silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı ilə bağlı iki ölkənin mediasında heç bir bilgiyə rast gəlinmir. Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun üç həmsədrindən biridir və Ermənistana silah göndərir. Özü də, Rusiya Ermənistana silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır. Dünən belə olub, bugün də belədir… və belə ola-ola, tərəflər arasında vasitəçilik institutnun həmsədri olmaqda davam edir. Bu əlbəttə təzaddır”
Bu, fikirləri Rusiyanın Ermənistana silah satışını şərh edərkən millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkilinin sözlərinə görə, Ermənistanın Rusiyadan silah alması yaxud Rusiyanın Ermənistana silah verməsi xüsusi bir mövzudur.
“İctimaiyyətə də bəlli olduğu kimi, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək, iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi hücumu barədə məlumat verib. Dövlət başçımız Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Cənab Prezident Ermənistan silahlı qüvvələrinin sərhəd boyu yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
Prezident İlham Əliyev deyib ki, Ermənistanın bu hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir. Azərbaycan Prezidenti Rusiya Prezidentinin diqqətinə çatıdırıb ki, Ermənistan-Azərbaycan sərhəddində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-sindən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurur.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhəddində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək, bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.”
Millət vəkili əlavə edib ki, iyul ayının 17-dən avqust ayının 4-dək Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Qonşu Gürcüstan silahların özünün hava məkanından daşınmasına icazə vermədiyi üçün reyslər Rostov-Minvod(RF)–Aktau(QR)–Türkmənbaşı(TR)–Novşer-Rəşt (İİR) – Mehri – İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb.
“Çox təəssüflər ki, Gürcüstandan fərqli olaraq, Qazaxıstan, Türkmənistan və İran, Ermənistana göndərilən silahların özlərinin hava məkanlarıyla işğalçı Ermənistana Azərbaycana qarşı işlətməkçün silah-sursat daşınmasına etiraz etməyiblər. Əlbəttə, Gürcüstan kimi, adıkeçən dövlətlər də belə bir bəd əmələ icazə verməsəydilər, bu, həm beynəlxalq hüquq normalarına uyğun olardı, həm də, biz, qardaş və qonşuların dəyanətini görmüş olardıq. Azərbaycan öz tərəfindən belə dəyanəti qonşu və qardaşlarına qarşı dəfələrlə göstərib.
Son günlərdə Rusiyanın Ermənistana verdiyi silahlar nədən ibarətdir? Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. “Hədəf ölkə” haradır? Heç bir şübhə yeri yoxdur ki, söhbət Azərbaycan Respublikasından gedir”, – deyə Q.Paşayeva bildirib.