“HƏR İKİ ÖLKƏ ARTIQ QƏRARINI VERİB…” – “Azərbaycan-Türkiyə hərbi əlaqələri üst səviyyəyə qaldırılır”

 

Avqustun 12-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitləri Azərbaycana səfərə gəlib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Türkiyə hərbi rəhbərlərinin Azərbaycana səfəri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfərindən bir gün sonraya təsadüf edir. Avqustun 11-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanın xarici işlər və müdafiə nazirləri – Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib.

Görüş zamanı aparılan danışıqların məzmunu açıqlanmayıb. Ekspertlər Ermənistan-Azərbaycan sərhədində gərginlik fonunda iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin, Türkiyənin Azərbaycana hərbi-texniki və hərbi dəstəyinin təmin edilməsi üzrə addımların həyata keçirilməsi məsələsinin görüşün əsas müzakirə mövzusu olduğunu düşünür.

Elxan Şahinoğlu: “Hər iki dövlət qərarlarını veriblər, hərbi ittifaq daha üst səviyyəyə qaldırılacaq”

 

 

Politoloq Elxan Şahinoğlu  bildirib ki, hadisələr Türkiyə-Azərbaycan arasında hərbi, siyasi müttəfiqliyin daha üst səviyyəyə qalxmasına doğru inkişaf edir. Ekspert vurğulayıb ki, iki qardaş ölkə illərin müttəfiqidir, amma o, ilk dəfədir belə hadisə müşahidə edir, əlaqələr bu qədər intensivləşir, səfərlər həyata keçirilir. “Azərbaycan cəmiyyətinin sifarişinə çevrilib ki, Türkiyə ilə hərbi-siyasi müttəfiqliyi daha üst səviyyəyə çıxarmaq lazımdır”, – deyə politoloq vurğulayıb.

E.Şahinoğlu hazırda Azərbaycan cəmiyyətində iki mövzunun ciddi müzakirə olunduğunu bildirir: “Birinci məsələ – mən də illərdir səsləndirirəm ki, Türkiyənin Azərbaycanda hərbi bazaları qurulmalıdır. İkinci mövzu isə gələcəkdə hər iki ölkənin konfederativ münasibətlərinin inkişafı ilə bağlıdır. Bu da mümkün variantlardan biridir. Əlbəttə, konfederasiya məsələsi geniş müzakirə mövzusudur, bu uzun müddət çəkə bilər. Amma hərbi bazaların Azərbaycanda yerləşdirilməsi labüddür, aktualdır. Düşünürəm ki, hadisələr ona doğru inkişaf edir. Fikir verin, yeni Xarici İşlər naziri Ceyhun Bayramov ilk səfərini Ankaraya etdi, amma Müdafiə naziri Zakir Həsənovun Türkiyədə olması haqda məlumat yox idi. XİN rəhbəri türkiyəli həmkarı ilə görüşlər keçirdi, mətbuata birgə bəyanatlar verdilər, telekanalların qonağı oldu. Amma Zakir Həsənovun səfəri bir qədər kölgədə qalsa da, Türkiyə prezidenti onu da Ceyhun Bayramovla birgə qəbul etdi. Üstündən bir gün keçməmiş xəbər yayıldı ki, Türkiyənin Müdafiə naziri, Baş Qərargah rəisi və başqa yüksək rütbəli hərbçiləri Bakıya gəlir. Bu proseslər təsadüfə oxşamır. Bu o deməkdir ki, hər iki dövlət qərarını verib və hərbi ittifaq daha üst səviyyəyə qaldırılacaq”.

Qulu Məhərrəmli: “Hərbi-siyasi münasibətlərin dərinləşdirilməsi labüddür”

 

 

Siyasi icmalçı, professor Qulu Məhərrəmli də  bildirib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi təmaslar artdıqca haqqında çoxdan danışılan, amma xəyal olan məsələlərin reallaşdırılması diqqəti cəlb edir: “Burada hansı nüanslar var? Əvvəla ondan başlayaq ki, niyə məhz indi, tarixin bu günündə bu əlaqələrin intensivləşməsinə ehtiyac yarandı. Təbii ki, ilk növbədə Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində cərəyan edən hadisələr, bunun region üçün hansı fəlakətlər yaradacağı, həmçinin hərbi əməliyyatların genişlənəcəyi təqdirdə Türkiyənin hansı iqtisadi zərərlər çəkəcəyi nəzərə alınır. Bu məsələnin iqtisadi tərəfidir. Hazırki dünya siyasətində də önəmli olan iqtisadi maraqların qorunmasıdır. İstər Yaxın Şərqdə cərəyan edən hadisələr, Suriyada gedən proseslər, istərsə də Qafqazda, Krımda cərəyan edən hadisələrdə iqtisadi maraqlar öndədir. İkinci bir tərəfdən dar bir zolaqdan keçən Gəncə-Batumi istiqamətində çəkilmiş enerji xətlərinin hamısı Türkiyənin iqtisadi maraqlarına bağlanır. Birinci növbədə bunu qorumağa ehtiyac var. İkincisi, Türkiyə Azərbaycanın tarixi əlaqələri baxımdan bu gun hərbi-siyasi münasibətlərin dərinləşdirilməsi labüddür. 1918-ci il hadisələri, Nuru Paşanın Qafqaz İslam Ordusu ilə birgə Azərbaycanda xilaskarlıq missiyası unudulmayıb”.

Professor ikitərəfli münasibətlərin regionda cərəyan edən digər hadisələr fonunda təhlil edərək ilk növbədə Ermənistan-Rusiya və Yerevanın Türkiyəyə qarşı kəskinləşən münasibətlərinə diqqət çəkdi. Qeyd etdi ki, bu münasibət Ankaranı konkret addımlar atmağa vadar edir.

Doğrudanmı Türkiyənin Azərbaycanda hərbi bazaları yaradıla bilər? Bu suala cavabında siyasi icmalçı dedi ki, hərbi bazaların qurulması barədə razılaşmanın əldə olunması bir qədər tezdir: “Amma Türkiyə Azərbaycan ordusuna çox ciddi dəstək verə bilir. Azərbaycan Silahlı Qüvvələrinə Türkiyə ordusunun döyüş təcrübəsinin öyrədilməsinə çox ciddi ehtiyac var. Peşəkar türk hərbçilərinin ordumuzun təşkilatlanmasına cəlb olunması mümkün variantlardan biridir. Hesab edirəm ki, indi gedən proseslər bunu reallaşdırmağa imkan verəcək”.

Qulu Məhərrəmlinin sözlərinə görə, Rusiya bundan narahat olur, amma onları narahat edən təkcə Türkiyə ilə birgə hərbi təlimlərin keçirilməsi deyil. “Rusiyanı qorxudan onun çevrəsindəki demokratiya ab-havasının genişlənməsidir. Moskvanın Ukraynaya, Gürcüstana hücumları da bununla bağlıdır. Burada məsələ təkcə ərazilərin ələ keçirilməsi deyil, demokratik dəyişikliklərin Rusiya sərhədlərinə yaxınlaşması və içinə sızması təhlükəsi ilə bağlıdır. Demokratik ölkələrin əhatəsində yaşamaq Kremlin planlarına daxil deyil. Ona görə proseslər Rusiyanın bu maraqları konteksində də nəzərdən keçirilməlidir.

Hesab edirəm ki, Azərbaycan-Türkiyə hərbi əlaqələrinin intensivləşməsi heç bir kənar ölkənin əleyhinə deyil. Ərazisi işğal olunmuş, əhalisinin bir hissəsi qaçqın-köçkünə çevrilmiş, milli heysiyatı tapdalanmış Azərbaycan xalqına Türkiyə dövlətinin, xalqının yardımıdır və bu dəstəyin tez bir zamanda nəticələr verməsinə ümid edirik”, – deyə Q. Məhərrəmli vurğulayıb.

Xatırladaq ki, bu il iyulun 29-dan avqustun 10-dək Azərbaycanda Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. /azpolitika.info/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password