Taleyi üzünə gülməyən Taleh

 

                                                                                       (Elegiya)

 

“Bağçamda güllər soldu, evimdə çırağım söndü! Ürəyimə köz basıldı! Arzularım qara libas geyindi! Ahım ərşə dirəndi! Bu necə gedişdi, ay oğul?! Heç olmasa atanın ilini yola verəydin. Məni niyə yalqız qoydun? Niyə tələsdin bu son gedişə? Niyə məni diri-diri yandırıb-yaxdın?! Məgər övlad anasına qarşı bu qədər amansız, qəddar olarmı heç? Bəs bilmədinmi səndən sonra bu dərdi Anan necə çəkəcək? Bunu düşünmədinmi heç? Məni kimin ümidinə qoyub getdin? Atandan sonra yenə bir Taleh təsəllim vardı. Yeganə təsəllimi də sən apardın. İndi mən Cavanşir və Taleh dərdini birlikdə necə çəkəcəyəm? Buna gücüm çatarmı heç?! Əlbəttə, gücüm çatmaz. Kimsənin gücü çatmaz bu qəm yükünü daşımağa. Heç kim daşıya bilməz bu, dağ boyda dərd yükünü. Ona yanıb-yaxılıram ki, çox tez tərk etdin bizi. Niyə tələsdin? Bilirəm, atan Cavanşirə tez qovuşmaq istədin. Onun gedişinə dözə bilmədin, uğursuz Talehim mənim! Həyatda yeganə həyanım, Oğul! İndi mənim yaşamağımın bir önəmi varmı?! Bəli, sizdən sonra yaşamağımın heç bir mənası yoxdur! Ana ürəyi buna tab gətirə bilərmi heç?! Mən heç atanın əbədi gedişinə inanmırdım. Sənin gedişinə necə inanım?! “Harasa gedib, axşama evə qayıdacaq” deyə öz-özümə təsəlli verirəm. Sənin vaxtsız gedişinə fələyi çox qınayıram. Bu, cavan yaşında niyə qıydı sənə? Oğul, görəsən fələk taleyinə qələm çalanda, bu, ağır dərd yükü altında sızlayan, ürəyi Cavanşir həsrətindən param-parça olan Ananı heç düşündümü? Heç olmasa atanın ruhuna görə sənə qıymayaydı fələk! Amansız fələk, acımasız fələk, zalım fələk!

Canım-ciyərim oğul, sən məni heç düşünmədinmi? Cavanşir dərdinə birtəhər “sən varsan” deyə dözürdüm. Bəs indi mən sənin də yoxluğuna necə dözüm?! Cavanşir deməyəcəkmi, Taleh, anan səni niyə belə tez yola saldı yanıma?! Buna görə atan məni çox qınayacaq. Sənin belə vaxtsız gedişinə Cavana deməyə söz tapa bilməyəcəyəm. Ömrümün tacı oğul, atan qarşısında məni xəcalətli qoydun. Atan düşünəcək ki, Azadə məndən sonra Taleh balamıza sahib çıxa bilmədi. Ən çox da buna üzülürəm, buna yanıb-yaxılıram. İndi bala dağıyla necə yaşayacağam?!” deyə Hacı Azadə xanım için-için ağlayır, sızlayır, yanıb-yaxılır…

Allah kimsənin sinəsinə bala dağı çəkdirməsin. Amin! Taleh balamızın vaxtsız gedişi Hacı Azadə xanım üçün çox böyük itkidir. İndi siz deyin, Azadə xanım bu itkinin yerini nə ilə, kimlə və necə doldursun. Bu mümkün olan iş deyil. Bu ağır dərd yükü daşınacaq, çəkiləcək yük deyil. Azadə xanıma təsəlli veriləcək söz də tapa bilmirəm.

Allahdan səbr və dözüm diləyirəm Azadə xanıma. Mən Azadə xanımın sözünə xitabən deyirəm: “Əziz bacım, Cavanşir və Taleh sizi meydanda yalqız qoyub

getmədilər. Bunu bilməlisiniz ki, sizə bundan sonra həyatda hər zaman arxa və həyan duracaq çoxlu etibarlı qəlb və qələm dostlarınız var”.

Mən bir onunla təsəlli tapıram ki, Azadə xanımın yüzlərlə insana göstərdiyi köməkliyi, xeyirxahlığı indi onun dadına çatacaq. Mən qəlbən inanıram ki, həmin insanlar Azadə xanımı bundan sonra tək qoymayacaqlar, həmişə onunla birlikdə olacaq və Azadə xanıma həyan duracaqlar…

Ruhunuz şad olsun, Cavanşir və Taleh! İndi Hacı Azadə xanımın bu ağır dərd yükünü birlikdə daşıyacaq dostları, yaxınları və məsləkdaşları var. Bu sarıdan arxayın ola bilərsiniz…

 

Camal Zeynaloğlu

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password