Prezident Bakıya gətirilmiş yeni “London taksi”ləri ilə tanış olub

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ”Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd “London taksi”si vətəndaşlar üçün xidmətə hazırdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevə yeni taksilərin xüsusiyyətləri barədə məlumat verib.

Bildirilib ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub. “TX” modelli yeni taksinin bir sıra üstünlükləri var. Belə ki, bu model taksilər yanacaq əvəzinə elektriklə işləyir. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. Smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.

Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm də sərnişinlər üçün təhlükəsizdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür.

Yeni taksilərin sərnişin kabinası digər “London taksi”lərindən fərqli olaraq daha genişdir və altı oturacağı var. Avtomobillərdə USB portlar, “Wi-Fi” və GPS quraşdırılıb. Sürücü ilə sərnişin arasında əlaqəni minimuma endirmək üçün şüşə arakəsmə mövcuddur. Bu isə pandemiya dövründə təcrid və sosial məsafə baxımından da olduqca əlverişlidir. Kabinada sürücü ilə əlaqə üçün xüsusi mikrofon, görmə qüsurlu sərnişinlər üçün brayl əlifbası ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün isə təlimat lövhəsi var. Avtomobil fiziki əngəllilər üçün pandusla təchiz edilib. Bu taksilərdə ödənişi pos-terminal vasitəsilə də həyata keçirmək mümkün olacaq.

Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda paytaxtda ”Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1200 taksisi sakinlərə xidmət göstərir. London “TX4” modelləri 5 nəfərlikdir.

Onu da qeyd edək ki, yeni gətirilən taksilər “Android” sistemi ilə təchiz edilib. Bu isə sürücülər üçün geniş imkanlar açır. Belə ki, sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilir.

Sonra Prezident İlham Əliyev yeni taksini idarə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password