Mədəniyyət Nazirliyinin sözçüsü işdən çıxdı
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov işdən çıxıb.
Bu barədə İ.Hümbətov özü “Facebook” səhifəsində paylaşım edib.
O, paylaşımında 2000-ci ildən müxtəlif vəzifələrdə çalışdığı Mədəniyyət Nazirliyində fəaliyyətini bu gündən etibarən başa vurduğunu qeyd edib:
“Bu illər ərzində nazirlik tərəfindən ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği və tanıdılması, Azərbaycan dövlətinin mədəniyyət siyasətinin həyata keçirilməsi ilə bağlı görülən işlərdə mənə həvalə edilən vəzifə səlahiyyətlərinə müvafiq olaraq fəal iştirak etmiş, xüsusilə nazirliyin kütləvi informasiya vasitələri ilə əlaqələrinə məsul şəxs kimi bu qəbildən çoxsaylı layihələrin, respublikamızda, eləcə də müxtəlif xarici ölkələrdə Azərbaycan mədəniyyəti adına reallaşan tədbirlərin mediada dolğun işıqlandırılması üçün səy və bacarığımı əsirgəməmişəm. Böyük məmnunluq hissi keçirirəm ki, bu sahədə fəaliyyətim, xidmətlərim dövlətimizin başçısı tərəfindən də qiymətləndirilib.
İnanıram ki, möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyəti bundan sonra daha da inkişaf edəcək, dünyada daha geniş miqyasda təbliğ və təqdim olunacaq. Bu işdə Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinə uğurlar arzulayıram. Arxada qalan illər mənə çalışdığım sahədə təcrübə, səriştə qazandırmaqla bərabər, daim təmasda olduğum media sahəsində çoxlu dostlar, dəyərli həmkarlar da bəxş edib. Onların də hər birinə uzunmüddətli əməkdaşlığa görə minnətdarlığımı bildirir və işlərində nailiyyətlər arzu edirəm”.