Deputat: “Türkiyənin hərbi nümayəndə heyətinin Azərbaycana səfərinin strateji əhəmiyyəti var”

“Türkiyə bütün hallarda Azərbaycanın yanındadır və həmişə dəstəyini davam etdirəcək”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, son dövrlər Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın daha da artan inkişafı müşahidə edilir:
“Birgə təlimlərdən sonra Azərbaycan rəsmiləri Türkiyəyə səfər edib və səfər müddətində iki ölkə arasındakı tərəfdaşlığın genişləndirilməsi məsələsi də müzakirə edilib. Türkiyə Müdafiə nazirinin, Baş qərargah rəisinin Azərbaycana səfəri hərbi əməkdaşlığın yeni mərhələsindən xəbər verir. Bu, birmənalı şəkildə Türkiyənin Azərbaycanla həmrəyliyidir. Ermənistanın Tovuz istiqamətindəki təxribatından sonra rəsmi Ankaranın bu dəstəyi çox vacib idi. Belə əməkdaşlığın genişləndirilməsi strateji əhəmiyyət daşıyır”.
Millət vəkili bildirib ki, qarşılıqlı səfərlər Azərbaycana Türkiyənin dəstəyinin nümayişi ilə yanaşı, düşmən ölkələrə də mesajdır:
“Bu, bir daha təsdiq edir ki, Türkiyə bütün hallarda Azərbaycanın yanındadır və dəstəyini davam etdirəcək. Güman edirəm ki, bu dəstək hər iki ölkə üçün kifayət qədər strateji əhəmiyyət daşıyır. Bu da Azərbaycan Ordusunun peşəkarlığının artırılmasına, hərbi təcrübələrin mübadiləsinə səbəb olur”.
Qeyd edək ki, bu gün Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş qərargah rəisi ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password