Statistika ASCO-da Rauf Vəliyevin fəaliyyətindən nələr göstərir?

 

“Dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz.

Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə,digər infrastruktur layihələrinin icrasına.Bu pul haradan gəlir?Dövlət büdcəsindən, özü də böyük vəsait.Xəzər Dəniz Gəmiçiliyi. Düzdür,digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər,tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik – yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik,sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə.Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu,böyük sualdır.“Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür,böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir.

Bu sözləri  Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Ölkə başçısının məlum çıxışından sonra dövrü mətbuatda AZAL Dövlət Konserninin sədri Cahangir Əsgərovun çoxmilyonluq var dövləti ilə bağlı məlumatlar yayılmağa başladı.Əslində konsern rəhbərinin var dövləti barədə məlumatlar çoxdan mətbuatın gündəmində idi.Prezidentin məlum iradlarından sonra Cahangir Əsgərovun var dövlətinin siyahısına sadəcə bəzi əlavələr olundu.Ölkə başçısının “Azərenerji”ASC ilə bağlı səsləndirdiyi fikirlər də ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Belə ki,bu iradların 2018-ci ilin 4 sentyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərenerji” ASC-nin prezidenti təyin edilmiş Balababa Rzayevə,yoxsa quruma uzun illər rəhbərlik etmiş Etibar Pirverdiyevə aid edildiyi sual altında qaldı.Çünki Baba Rzayev “Azərenerji” ASC-də rəhbərliyə başladığı az müddət ərzində müəyyən işlər görülüb,stansiyalar, yarımstansiyalar tikilib.Bunu ölkə başçısı məlum çıxışında da dedi.”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti isə zənnimizcə müzakirə mövzusu deyil və hər şey göz qabağındadır. 2015- ci ilin fevral ayından “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunmuş Cavid Qurbanovun son illərdə dəmir yolu sistemində gördüyü işlərin ən yaxşı qiymətini elə ölkə başçısı özü də verdi.

Qaldı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti.Qeyd edək ki,burada da vəziyyət ürəkaçan deyil.Bunu biz özümüzdən yazmırıq.Dövlət Statistika Komitəsinin məlumatlarından belə çıxır.

Yuxarıda adları çəkilən şəxslərin hamısı uzun müddət vəzifə başında olduqları üçün ictimaiyyət arasında müəyyən qədər tanınmış simalardır.Hamısı da millət,dövlət üçün gördükləri işlərlə deyil, ölkədəki və xaricdəki çoxmilyonluq sərvətləri ilə tanınır.Bəs “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri kimi 2013-cü ildən tanınan Rauf Vəliyev kimdir?”Bu dövlət üçün Rauf Vəliyev nə kimi işlər görüb,onun nə kimi sərvətləri var?Qeyd edək ki,“Xəzərdənizneftdonanma” İdarəsində müxtəlif vəzifələrdə işləmiş Rauf Vəliyev 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007-2013-cü illərdə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Rauf  Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.Yəni Cavid Qurbanovun,Cahangir Əsgərovun 10-15 il əvvəl  getdiyi yolu,Rauf Vəliyev hələ indi gedir. Buna baxmayaraq artıq püxtələşib.

Aktualinfo.org-un Rauf Vəliyevin rəhbəri olduğu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəliyyəti ətrafında apardığı araşdırmalarda bir sıra maraqlı məqamlar ortaya çıxıb.Belə ki,Dövlət Statistika Komitəsinin məlumatlarında son illərin göstəricilərinə görə Xəzər Dəniz Gəmiçiliyi QSC-nin də heç də mənfəətlə işləmədiyi bəlli olur.Belə ki,son üç ilin göstəricilərinə görə QSC-nin daşınmalarına 2016-cı ildə 173 959,9 min, 2017-ci ildə 162 393,9 min,2018-ci ildə isə 174 676,7 min manat xərc çəkmişdir.Son üç ildə daşınmalardan əldə olunan gəlirlərin ümumi  göstəriciləri isə belədir. 2016-ci ildə 160 095,9 min, 2017-ci ildə 179 724,5 min, 2018-ci ildə isə 170 566,6 min manat.

Bunlardan yük daşınmalarına 2016-cı ildə 170 702,8 min manat xərclənib,159 397,8 min manat gəlir əldə edilib. Növbəti,2017-ci ildə yük daşınmalarına 159 354,0 min manat xərclənib, 178 792,6 min manat gəlir əldə olunub. 2018-ci ildə isə yük daşınmalarına 171 413,9 min manat vəsait xərclənib,168 951,5 min manat gəlir əldə olunub.

Sərnişin daşınmalarına 2016-cı ildə 3 257,1 min manat vəsait xərclənib, 698,1 min manat gəlir əldə edilib.Növbəti, 2017-ci ildə 3 039,9 min xərclənib,931,9 min gəlir olub,2018-ci ildə isə sərnişin daşınmalarına 3262,8 min manat vəsait xərclənib,1 615,1 min manat gəlir əldə edilib.

Əsas kapitala investisiya qoyuluşu 2016-cı ildə 53,136,8 min,2017-ci ildə 112 256,5 min,2018-ci ildə isə 115 409,2 min manat olub.Dövlət Statistika Komitəsin məlumatlarına görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən 2016-cı ildə 5807,3 min ton,2017-ci ildə 8344,5 min ton,2018-ci ildə isə 8236,1 min ton yük daşınmışdır.Yük daşımaların həcminə Rauf Vəliyevin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəis təyin olunmazdan əvvələ və sonrakı illərə baxsaq nələrin şahidi olarıq. Əvvəlki sədr,yəni Aydın Bəşirov vəzifəsindən azad olunmamışdan əvvəlki üç ilə və Rauf Vəliyev sədr təyin edildikdən sonrakı illərdə yükdaşımaların həcmi özü hər şeyi izah edir. Belə ki,Aydın Bəşirovun dövründə, 2011-ci ildə 12499,1 min ton,2012-ci ildə 12371,2 min ton,2013-cü ildə isə 11509,7 min ton yük daşınmışdır. Cəmiyyətə Rauf Vəliyev  sədr təyin edildikdən sonrakı üç ilə nəzərə salsaq nələri görmüş olarıq? 2014-cü-ildə 9934,1 min ton,2015-ci ildə 6625,9 min ton,2016-cı ildə isə 5807,3 min ton yük daşınmışdır.Maraqlıdır,2013-cü ildən sonra yükdaşımalarının həcmi birdən-birə niyə bu qədər azalmağa başlayıb? Qeyd edək ki,Aydın Bəşirovun dövründə investisiya qoyuluşuna,daşınmalara Rauf Vəliyevin dövründəkindən müəyyən qədər az xərc çəkilməsinə baxmayaraq, daşınmalardan əldə olunun gəlirlər də çox olub.

Mərhum Aydın Bəşirov yada düşmüşkən. Aktualinfo.org xatırlatmaq istəyir ki,hələ 2013-cü ildə sənədləşdirlilməyən xam neftin qaçaqmalçılıq yolu ilə daşınması işinin üstünün açılması respublikada böyük ajiotaj yaratmışdı. Həmin ilin avqust ayına qədər Xəzər Dəniz Gəmiçilik İdarəsinin sabiq rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirovla  ARDNŞ-ın Xəzər Dəniz Neft Donanması İdarəsinin sabiq rəisi,Aydın Bəşirovun qudası Mübariz Mədətovun həyata keçirdikləri bu “əməliyyatlarda” minlərlə ton xam neft sənədləşdirilmədən daşınmışdır.Hansı ki,hər iki şəxsin şərikli biznesinin sərəncamında 40-a yaxın yükdaşıma gəmisi olmuşdur. Xatırladaq ki, Rusiya Federasiyasının FTX-sı tərəfindən 2013-cü ilin avqustun 4-də  saxlanılan  “Naftalan” tankeri və heyət üzvləri qaçaqmalçılıq yolu ilə daşıdığı 45 min ton xam neftlə birlikdə həbs edilmişdilər.Rusiya tərəfi ARDNŞ-dan M.Mədətovun, DXDGİ-dən isə A.Bəşirovun oğlunun saxta sənədlərlə Xəzərdə oğurluq neft daşınması ilə  məşğul olmalarını təsdiq etmişdilər.Elə“İslam Səfərli”gəmisində də neft qaçaqmalçılığı ilə bağlı oxşar hadisə baş vermişdir.

Bu qalmaqallı hadisədən sonra Aydın Bəşirovla  Mübariz Mədətovun idarələri ləğv edilərək yerində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldı və rəhbərliyinə də Rauf Vəliyev gətirildi. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, Xəzərdə Azərbaycana məxsus gəmilərdə yüklərin daşınması prosesində sənədlər bu gün də saxtalaşdırılır, yükün həcmi bilərəkdən az göstərilir.Bu proses 2020-ci ilin fevral ayına qədər, yəni ölkələrdə karantin qaydaları tətbiq olunandək və neftin qiymətində kəskin ucuzlaşma baş verənədək plan üzrə davam etmişdir.Yəni,2013-cü ildən 2020-ci ilin fevral ayınadək  yalnız, iş icraçıları dəyişmişdir. Yüklərin gizlədilməsi,sənədlərin saxtalaşdırılması əməliyyatları olduğu kimi qalmış,hətta bir az çoxalmışdır.Bunu Rauf Vəliyevin fəaliyyəti dövründə yükdaşımalarının həcminin birdən-birə kəskin azalması da təsdiq edir.

Etibarlı mənbənin verdiyi məlumatlara görə SOCAR rəhbərliyində təmsil olunan bəzi şəxslərin göstərişi əsasında hazırda da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan tankerlərdə Xəzər dənizində yük daşımaları tam şəkildə rəsmiləşdirilmir.Saxta sənədləşmə üzrə tankerlərdən istifadə zamanı gəmilərin icarə haqqı ödənilmir.Elə sədrin müavini cənab Cəbrayıl Mahmudlu da işçilərinin AXDG QSC  rəhbərliyinə maddi yardım üçün müraciətlərinə rəsmən yazdığı 04.05.2020-ci il tarixli cavab məktubunda qeyd edir ki, “Cəmiyyətin büdcədən kənar vəsaitlər üçün yetərincə maddi imkanı yoxdur.” Yəni, belə başa düşülür ki, QSC-nin tankerləri neft daşımaları ilə məşğul olsa da icarə haqqı ödənilməmiş, AXDG-nin büdcəsinə yetərincə vəsait daxil olmamışdır.Bunlar Xəzər Dəniz Gəmiçiliyi QSC-nin yükdaşınmaları ilə bağlı araşdırmaların nəticələri oldu.Qurumun tabeliyində olan Gəmiqayırma zavodlarında nələr baş verir,bir qədər sonra.Bizi izləyin.

 

Aktualinfo.org

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password