“Qarabağ”ın rəqibi haqda bilmədiklərimiz – Cəmi 1 dəfə mərhələ keçib
“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu ilə üz-üzə gələcək. Ağdam təmsilçisi bir görüşdən ibarət olacaq mərhələnin oyununu evdə keçirəcək.
Kratovonu təmsil edən “Sileks” Şimali Makedoniya çempionatınının koronavirus pandemiyasına görə yarımçıq dayandırılan ötən mövsümündə 23 turaa topladığı 36 xalla 2-ci olub.
Komanda 3-cü yerdəki “Şkendiya”nı cəmi 1 xal qabaqlayıb, çempion “Vardar”dan isə 10 xal geri qalıb. Ancaq “Vardar” avrokuboklara iştirak lisensiyası ala bilmədiyindən “Sileks” Çempionlar Liqasında yarışmaq hüququ qazanıb.
55 yaşlı klub indiyə qədər 3 dəfə ölkəsində çempion adını qazanıb. Bunlar ötən əsrin son 10 illiyinə təsadüf edir. “Sileks” 1996-1998-ci illər arasında ölkədə ən güclü olub.
Sportinfo.az yazır ki, ev oyunlarını 1 800 azarkeş tutumuna malik “Qradski” stadionunda keçirən klub 6 dəfə çempionatı ikinci yerdə bitirib. “Sileks”in uğurları sırasında 4 dəfə ölkə kubokunu qazanmaq, 1 dəfə ikinci liqanın qalibi olmaq da var.
Komandanı 45 yaşlı Qoran Simov çalışdırır. “Sileks”in heyəti tamamilə Şimali Makedoniya və Serbiyadan olan futbolçulardan qurulub. Daha doğrusu, heyətdə 7 serb oyunçu var, qalanları isə yerlilərdi.
Ötən mövsüm komandanın ən sərrast futbolçusu 4 qolla İvan İvanovski olub. Keçən yay “Səbail”ə transfer olunsa da, qısa müddət sonra Bakı klubundan ayrılan Daniel Bojinovski bu komandanın əsas qapıçısıdı.
“Transfermarkt”a görə “Sileks”in ümumi dəyəri 2,98 milyon avrodu. Müqayisə üçün qeyd edək ki, “Qarabağ”da bu rəqəm 11,78 milyon avrodu.
“Sileks”in Avropada çıxışı bir o qədər də uğurlu alınmayıb. İndiyə qədər qitəmiqyaslı yarışlarda 18 oyun keçirən komanda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 11 matçda isə məğlub olub. 18 top vuran kratovolular 32 qola üzülüb.
“Sileks” indiyə qədər avrokuboklarda cəmi 1 dəfə mərhələ keçib. Bu uzaq 1995/96 mövsümündə baş verib. Həmin zaman keçirilən Kubok Qalibləri Kubokunun yarışan klub ilk mərhələdə Macarıstan təmsilçisi “Vaç”ı keçsə də, ardınca Münhenqladbax Borussiyasına uduzaraq, mübarizəni dayandırıb.
Bundan sonra İntertoto Kuboku, UEFA kuboku/Avropa Liqası və Çempionlar Liqasındakı bütün cəhdlər uğursuz olub.
“Sileks” sonuncu dəfə 2016/17 mövsümündə avrokuboklarda oynayıb. Avropa Liqasında yarışan kollektiv I təsnifat mərhələsində iki oyunun cəmində Lixtenşteyn “Vaduts”una iki 2:5 yenilərək mübarizəni dayandırıb.