“Ay yoldaş deputatlar, dədəniz sizə rus toyu edib?” – Baloğlan Əşrəfov

Azərbaycanda koronavirus epidemiyasına görə kütləvi mərasimlər, o cümlədən toylar təxminən 5 aydır ki, qadağan edilib, kafe və restoranlar işləmir. Bu da əsas gəlirlərini el şənliklərindən əldə edən sənət adamlarının bəzilərinin etirazına səbəb olub. 

Mövzu barədə danışan Əməkdar artist Baloğlan Əşrəfov musiqiçilərin yalnız bu sahədən gəlir əldə etdiklərini deyib:

“Karantin uzananda buna etiraz edənlər arasında ilk sıralarda mən olmuşam. Musiqiçilərin nə qədər əziyyət çəkdiyini bildirmişəm. Məndən sonra başqa müğənnilər də etiraz etməyə başladılar. Müğənnilər başqa iş görə bilməzlər, Allah insanları yaradanda hərəyə bir sənət yazıb. Bəzisinin iqtisadi biliklərə malik olur, bəzisi siyasətçi olur, musiqiçilərin də taleyinə də oxumaq yazılıb. Onlar buna öyrəşiblər, bununla pul qazanırlar. Özünüz fikirləşin, Arif Babayev, Canəli Əkbərov, Əlibala Məmmədov və başqa korifeylər hamısı oxumaqla pul qazanıblar. Onlar hardan biləydilər ki, 21-ci əsrdə elə olacaq ki, musiqi qadağan olacaq, toylar olmayacaq və oxuya bilməyəcəklər? Belə bir şey tarixdə nə vaxtsa olsa idi hamı fikirləşərdi ki, bu sənətlə yanaşı başqa bir şey də öyrənim, sabah ac qalanda o işlə məşğul olum. O yazıqlar nə etsinlər?”

Sənətçi toy məclislərini 50-100 nəfərlə keçirilməsi ilə bağlı edilən təkliflərə sərt cavab verib:

“Mən dəfələrlə demişəm, yenə də deyirəm Allah musiqiçilərin dadına çatsın. Bizim görkəmli musiqiçilərimizdən birinin sözü var, “Hansı ölkədə bir top atılsa, onun qəlpəsi gəlib Azərbaycandakı musiqiçilərə dəyir”.  Musiqiçilər yeganə təbəqədir ki, o yazıqlar yas olur oxumurlar, müharibə, aclıq, Ramazan, Məhərrəmlik olur yenə oxumurlar. Bu yalnız musiqiçilərə aid olur, amma digər sənət sahibləri öz işləri ilə hər zaman məşğul ola bilirlər. Allah Operativ Qərargahdakılara insaf versin. Hətta o gün mən bir deputatın ağzından bir şey eşitdim. Deyir, toylar olsun, amma 50-100 nəfər olsun. Qardaşım, siz öz işinizlə məşğul olun, toy bizim elimizin dədə-baba adətidir. Bu adət belə gəlib, belə də gedəcək. Toya bütün el yığılmalıdır, biz rus, fransız deyilik ki, 50 nəfər yığılaq, bir dənə də şampan şüşəsi partladaq.  Bu bizə xas olan şey deyil. Allah koronavirusa lənət eləsin. Bu dəqiqə Moskvada, Gürcüstanda, dünyanın bir çox yerində toylar necə lazımdır keçirilir. Heç kim köhnə bazara yeni nırx qoymayıb”.

İfaçı onunla birgə çalışan musiqiçilərinin maddi durumunun pis olduğunu da bildirib:

“Nəsə deyəndə də oluram günahkar. Baloğlan nə desin? Mənim musiqiçilərim var, onların halına baxıram, əsəbləşirəm, dilxor oluram. Onlar musiqi üçün yaranıblar, 20 ildir musiqi ilə dolanırlar. Mən onlara necə deyim ki, get pinəçi işlə?! 89-cu ildən bəri mənim kollektivimin üzvləri toyla, konsertlə dolanırlar. Mən onlara nə deməliyəm? Bunları nəzərə almaq lazımdır, artıq yoluxma sayı da azalır, çimərlikləri açdılar, mağazaları açdılar, yaxşı etdilər, bəs yazıq musiqiçiləri niyə incidirsiniz? Niyə toyu bu qədər rəsmiyyətə çevirmisiniz, qəti şəkildə “toy olmaz” deyirsiniz. Onlara başa sala bilmirəm ki, toy əvvəlki formada deyil, şadlıq evlərində hamı öz həyat  yoldaşı, ailəsi ilə yaxın olur. Lazımi qaydalara əməl edəndən sonra qoyun camaat getsin, dincəlsin. Məgər şadlıq evi dəlixanadır? Dünyanın heç bir yerində Azərbaycanda olan qədər şadlıq evləri yoxdur. Şadlıq evləri Azərbaycan milli mentalitetinə uyğun şəkildə tikilib və orada hər şeyə nəzarət olunur. Şadlıq evi çimərliklərdən daha pisdir? Çimərliklərdə nə qədər desən murdarlıq baş verir. Mən bunları düşündükcə əsəbləşirəm, qərarları verənlər arasında bir-iki nəfər var, onların həyat təcrübəsi heç mənim bildiyimin yarısının yarısı qədər belə deyil. Çıxırlar orada bəlağətlə fikirlərini irəli sürürlər. Bilmirəm kim onları orada formalaşdırır. Toya  gedən adam onsuz da natəmiz şəkildə şadlıq sarayına getmir. Xəstə olan adam evində qalır, məclisə getmir. Toyxanalar niyə bizim bəzi məmurların gözünə əcinnəxana kimi görünür?! O gün bir sosioloqun yazısını oxuyuram, deyir, bu müğənnilərin toyu, pulu qurtarıb, etiraz edirlər. Ay bədbəxtin balası, söhbət müğənnilərdən getmir, müğənnilərin yanında onlarla musiqiçi var. Onlar günəmuzd işləyirlər, bəs onlar nə etsin. Tutaq ki, 50 nəfər müğənni dar günü üçün pul yığıb, özünü dolandıra bilir, bəs qoşanağara çalan nə etsin? Ay yoldaş deputatlar, yoldaş sosiaoloqlar niyə müğənnilərdən yapışmısınız? Yapışıblar ki, müğənnilərin toyu yoxdu, pulları bitib. Sizin dədəniz, babanız sizin üçün rus toyu edib?  Sizin toyunuz necə olub? Sizlərin toyunda musiqiçilər olmayıb? Musiqiçilər bir yana, bəs şadlıq evlərində işləyən yüzlərlə ofisiantlar, qabyuyanlar necə olsun? Onlar insan deyil? Yerindən duran bəlağətlə deyir ki, müğənninin pulu qutarıb. Sizi görüm müğənnilərin gününə düşəsiniz! Mən təklif edirəm ki, madam ki, bu qədər qarşı çıxırlar, onda karantini idarə edənlərin maaşları dövlət tərəfindən tutulsun və aztəminatlı ailələrə verilsin. Onların maaşları tutulsa aləmi dağıdarlar”.(yenisabah.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password