Səfir: “Ermənistanı məcbur etmək üçün heç bir mexanizm…”

Enerji resursları sahəsində tanınan “Energi Intelligence Group” media şirkətinin “Nuclear Intelligence Weekly” həftəlik buraxılışında Azərbaycan Respublikasının Vyanadakı Beynəlxalq Təşkilatlar yanında daimi nümayəndəsi səfir Qalib İsrafilovla müsahibə dərc olunub.

Müsahibədə Azərbaycanla beynəlxalq qurum arasında əməkdaşlıq, Ermənistanın Metsamor AES-in region üçün doğurduğu təhlükə, eləcə də son dövrlərdə spekulyasiyalara yol açan bir sıra fikirlər barədə danışılıb.

Səfir Q.İsrafilov müsahibədə AEBA-nın Baş direktoru Rafael Qrossiyə ötən ay ünvanlanan müraciətindən bəhs edərkən bildirib ki, seysmik həssas zona yaxınlığında yerləşən Metsamor AES-in fəaliyyətinin davam etdirilməsi regionun təhlükəsizliyi üçün ciddi problem yaradır. Bu narahatlığın təşkilatda təmsil olunan üzv dövlətlər və İdarə Heyəti üzvlərinə, eləcə də Təhlükəsizlik departamentinə çatdırıldığını deyən səfir hazırda AEBA-nın bu narahatlıqlarla məşğul olmaq üçün mexanizmlərinin olmadığını bildirib, çünki Ermənistan tərəfi bu məsələləri nəzərdən keçirmək arzusunda deyil. Beləliklə, ilk növbədə, Ermənistan hökuməti regiondakı qonşuları ilə daha şəffaf olmaq üçün siyasi niyyət və iradəsini nümayiş etdirməli, həmçinin AES-in təhlükəsizliyinə dair narahatlıqlarla bağlı daha açıq mövqe tutmalı idi. Bunlar olmadığı təqdirdə, Ermənistanla yalnız ikitərəfli razılaşma bağlamış agentlik Ermənistanı məcbur etmək üçün heç bir mexanizmi işə sala bilməz.

Səfir diqqətə çatdırıb ki, Azərbaycan tərəfi buna görə də AES-in təhlükəsini müvafiq dairələrə çatdırmaq üçün siyasi narahatlığın ifadəsini yeganə vasitə kimi görür. Eyni zamanda, Metsamor AES ilə əlaqəli narahatlıqlar regiondakı təhlükəsizlik kontekstindən kənarda həll edilə bilməz. Regiondakı təhlükəsizliyi isə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və əraziləri davamlı şəkildə işğal altında saxlaması ciddi şəkildə pozur.

Müsahibədə, həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Müdafiə Nazirliyinin rəsmisinin iyul ayında verdiyi müvafiq açıqlaması yalnız yuxarıda qeyd edilən təhlükəsizlik kontekstində başa düşülməlidir. Səfir xüsusilə diqqətə çatdırıb ki, hədə ritorikasına gəldikdə, Ermənistanın ən yüksək dövlət rəsmilərinin silsilə açıqlamaları mövcuddur. Belə ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hələ 2014-cü ildə Azərbaycanın böyük şəhərlərinə ballastik raketlərlə zərbələr endirə biləcəklərini elan etmişdi. Ermənistan tərəfi mütəmadi olaraq Azərbaycanın mülki hədəflərinə zərbələr endirəcəklərinə dair açıqlamalar versələr də, bu açıqlamalar nədənsə mətbuatın diqqətindən kənarda qalıb. Lakin bir Azərbaycan hərbçisinin erməni tərəfinin sözlərinə cavab açıqlamasından isteriyaya düşən erməni tərəfinin səs-küyü medianın diqqətini özünə cəlb etməsi yalnız təəssüf doğurur.

Q.İsrafilov bir daha Azərbaycan tərəfinin mövqeyini diqqətə çatdıraraq vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisində heç bir mülki obyekt və infrastrukturu hədəfə almır. Azərbaycan Silahlı Qüvvələri qarşısında belə bir tapşırıq qoyulmayıb və bu mövzudakı bütün spekulyasiyalar əsassızdır.

Müsahibə zamanı, həmçinin AEBA çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatın nüvə enerjisindən dinc məqsədlər üçün istifadəyə nəzarət mexanizmləri, multilaterial çərçivədə fəaliyyət imkanları və digər mövzularda suallar da cavablandırılıb.(publika.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password