Lukaşenkodan Putin haqqında şok sözlər… – Video

Belarus Prezidenti Aleksandr Lukaşenkonun məşhur jurnalist Dmitri Qordona müsahibəsində Rusiya lideri Vladimir Putin haqda fikirləri dünya mediasının gündəmini zəbt edib.

Sözügedən müsahibədən bir hissəni təqdim edirik:

– Mən deyə bilmərəm ki, o (Vladimir Putin – red.) hər şeyi başa düşən insandır. O, özünəməxsus xarakteri olan adamdır. Yəni başqalarına bənzəmir. Onun bir cəhəti xoşuma gəlmir. Bu, bir siyasətçi üçün əslində əla bir şeydir: Putin heç kimə inanmır.

– Bəlkə keçdiyi məktəb…

– Məktəb də ola bilər. Məsələn, məndə bu cəhət çatışmır. Bilirsiniz, bu qədər açıq olmaq olmaz. Belə hər şeyi aşkara çıxarmaq lazım deyil: Gəl gir və hər şeyi götür. Amma o, bu cəhətdən qapalı və təmkinli insandır.

O, yaxşı idmançıdır, hətta xizək sürə-sürə belə əlində bir qədəh şərab içərək zarafat edə və gülə bilər. Dostlarla əylənə bilər, amma bu, gizlindədir. Yəni bütün bunları məxfi edir, mənimki kimi aşkarda deyil. Mən orda qaça bilərəm, xokkey oynaya, qucaqlaşa, öpüşə, hətta otura bilərəm. Yanımda hətta qızlar da otura bilər. O isə bu cəhətdən daha qapalı adamdır. Amma bu o demək deyil ki, o, bunları etmir. Yəni mən belə hesab edirəm. Bilmirəm, bəlkə səhv düşünürəm.

– Bu düzdür ki, sizin Putinlə münasibətiniz lap əvvəldən alınmayıb və bütün bu illər ərzində gərgin olaraq qalır?

– Desəm ki, tam doğru deyil, bu, mənim tərzimdə cavab olmayacaq, yəni yalan olar. Bəli, aramızda bəzi gərginliklər var. Çünki hər ikimiz güclü şəxsiyyətlərik.

– Bilirsiniz, mən ondan fərqli olaraq, sizi elə ilk andan sevmədim. Çünki hər ikiniz efirdə görüş zamanı – bir-birinizi qucaqlamağınızı gördükdə bu, elə sizi sevməmək üçün bir səbəbdir. Əlbəttə, indiki halda onun xətrinə dəymək istəməzdim.

– Mən bunu ürəkdən edirəm. Həqiqətən, Vladimir Vladimiroviç Putini öz böyük qardaşım hesab edirəm. Yəni sən böyüksən, biz burda balacayıq, bu planda deyil. O, həm yaşına, həm də nüfuzuna görə böyük qardaşdır, amma kiçik və böyük qardaşın davranışları… Bilmirəm, sizin böyük qardaşınız var, ya yox…

– Yoxdur…

– Mənim də yoxdur. Bəlkə də elə buna görədir. Düşünürəm ki, böyük qardaş həmişə kiçik qardaşa dəstək olmalıdır. Bizim kənddə həmişə belə idi. Böyük qardaşlar kiçik qardaşları arxasınca aparırdı. Bu, mənim beynimdədir. Tez-tez Putinə deyirəm ki, böyük qardaş kömək etməli, yol göstərməlidir. Nəsə etmək istədikdə yıxılana təpik vurmamalıdır. Dayaq durmalıdır. Mən onu belə görürəm, dayaq olan biri kimi. Onunla belə münasibət yaratmağa çalışmışam. O, bir az başqadır, şəhərtiplidir.

– Bu illər ərzində tez-tez mübahisələriniz olurdu?

– Elə mübahisələrimiz olub ki! Bütün bu şeylərə baxmayaraq, biz çox yaxşı dostuq. Ümid edirəm ki, hələ də dost olaraq qalırıq. Yəni ona nə lazımdır deyə bilərəm. O da həmçinin, mənə deyə bilər. Hətta kişi-kişiyə söhbət də edə bilərik.

– Mənə deyiblər ki, bəzən bir-birinizin üstünüzə qışqırmısınız…

– Xeyr!

– Yəni qışqırmamısınız?

– Heç vaxt qışqırma olmayıb. Çünki mən bu cəhətdən diqqətli adamam. Putinin qışqırmaq kimi bir xüsusiyyəti yoxdur. Bunun bir mənası yoxdur, bunun üçün heç bir zaman səbəb də olmayıb, axı. Amma emosionallıqla hansısa mövzuları müzakirə etmişik. Yəni belə şeylər hər dəfə təkbətək görüşümüz zamanı olur.(axar.az)

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password