Manata təzyiqlər: Qərarı MB verəcək – Millət vəkili
Bütün hallarda manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın verəcəyi qərardan asılıdır. Biz onun tərəfdarıyıq ki, Mərkəzi Bank tərəfindən mütəmadi olaraq ictimaiyyətə məzənnə, eləcə də makro-iqtisadi stabilliklə bağlı məlumatlar təqdim olunsun.
Bunu açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Milli Məclisdə manata təzyiqlərin artması barədə səsləndirilən fikirləri şərh edərkən deyib. Millət vəkili bildirib ki, ölkənin əsas bankı bu istiqamətdə kommunikasiyasını genişləndirib:
“2020-ci ildə ölkədən icrac olunan məhsulların həcmi pandemiya səbəbindən təxminən 40 faiz azalacaq. Bu halda Mərkəzi Bank praktik olaraq mövcud aktivləri hesabına tələbi ödəyə bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, beş ayın nəticəsinə görə, idxal göstəriciləri də 40 faizdən çox aşağı düşüb. Altı aylıq yekunlarda da təxminən 30 faiz azalma var. Nəzərə alaq ki, ölkədəki valyutanın əhəmiyyətli hissəsi – təxminən 90 faizi məhz idxal məhsulları üçün sahibkarlar tərəfindən alınır, o baxımdan da bu nüans Mərkəzi Banka müəyyən manevr imkanları verir. Amma bütün hallarda manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılıdır”.
Vüqar Bayramovun sözlərinə görə, birmənalı şəkildə Mərkəzi Bank məzənnə siyasətində aparıcı mövqeyə malikdir:
“Azərbaycanda üzən məzənnə siyasətinə tam keçilmədiyi üçün Mərkəzi Bankın qərarı əsasdır və manatın məzənnəsini də MB təyin edir”.