Zelenski Lukaşenko ilə Rusiyadan gələn yaraqlılar haqqında danışdı: “Onları bizə verin!”
Ukrayna Prezidenti Vladimir Zelenski Minsk yaxınlığında saxlanılan yaraqlılarla bağlı Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb.
Bu barədə 5 avqust çərşənbə günü dövlət başçısı Tvitterdə yazıb.
“Prezident Lukaşenko ilə telefon danışığım oldu. Ümid edirəm ki, Ukrayna ərazisindəki terror fəaliyyətində şübhəli olanlar mövcud beynəlxalq hüquqi sənədlərə uyğun olaraq mühakimə olunmaq üçün bizə təhvil veriləcək” deyə Zelenski yazıb.
Prezident Aparatının mətbuat xidməti öz növbəsində bu məsələ ilə bağlı hər iki ölkə arasında əməkdaşlığın vacibliyini vurğulayıb.
“Dövlət başçıları özəl hərbi şirkət Vaqnerə məxsus bir qrup şəxsin iyulun sonunda Belarus ərazisində saxlanması ilə bağlı məsələləri ətraflı müzakirə etdilər. İki dövlətin səlahiyyətli orqanlarının daha da səmərəli qarşılıqlı fəaliyyətinin əhəmiyyəti vurğulandı” deyə Prezident Aparatı bildirib.
Söhbət Rusiya Federasiyasının Belarusda saxlanılan və özəl hərbi şirkətə məxsus olan yaraqlılarından gedir.
Bildirilib ki, iyulun 29-na keçən gecə iğtişaşlar hazırlamaqda şübhəli bilinən Rusiya Federasiyasının 33 vətəndaşı tutulub.
Daha sonra Ukrayna Daxili İşlər Nazirliyi Belarusda tutulanların ən azı doqquzunun Donbasda Ukraynaya qarşı vuruşan Ukrayna vətəndaşları olduğunu bildirib.(konkret.az)