Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir. DSX əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.
DSX-dən bildirilib ki, 04 avqust tarixdə, saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Horadiz-İmişli istiqamətindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən qara rəngli “Hyundai” markalı 99-TF-671 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb etmişdir.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Horadiz-Bakı avtomaqistral yolunun Bəhrəmtəpə qəsəbəsinin yaxınlığındakı ərazidə hərəkətdə olan avtonəqliyyat vasitəsi saxlanılmışdır.
Avtomobilin sürücüsünün 1989-cu il təvəllüdlü Cəbrayıl rayonunun Mehdili kəndində anadan olan Səfərov Xəqani Aydın oğlu olması müəyyənləşdirilmiş, onun üzərinə və avtomobilə baxış keçirilən zaman ümumi təxmini çəkisi 23 kiloqram 600 qram narkotik vasitə və psixotrop maddəyə (1 kq 62 qr “marixuana”ya, 15 kq 256 qr “heroin”ə, 3 kq 964 qr “metamfetamin”ə, 2 kq 122 qr “həşiş”ə və 1460 ədəd “Metadon-40” həbinə) oxşar maddələraşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.