İran agentliyi cəbhədəki gərginlikdə Ermənistanı suçladı – “VƏZİYYƏT OLDUQCA KRİTİKDİR” – TƏHLİL
“İSNA”, İran
Dünyanın sanki çoxdan unudulmuş müharibələrindən biri yenidən xəbər başlıqlarında yer almağa başlayıb.
ISNA xəbər verir ki, Ermənistanla Azərbaycan arasında uzun illərdir davam edən münaqişə bu günlərdə yenidən qızışıb. Tərəflər arasında hərbi toqquşmalar bir neçə gün davam edib. Münaqişənin əsas səbəbi Dağlıq Qarabağ bölgəsidir. Lakin bölgədəki vəziyyətə Rusiya ilə Türkiyə arasında getdikcə artan rəqabət də təsirsiz ötüşməyib.
Son toqquşmalarda hər iki tərəfdən 16-dan çox hərbçi həlak olub. Tərəflər qarşıdurmanın başlamasına görə bir-birini ittiham edirlər.
Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında son toqquşmalar 2016-cı ilin aprelində baş vermişdi. Bundan başqa, əvvəllər qarşıdurmalar əsasən Dağlıq Qarabağ bölgəsi ətrafında baş verirdisə, son qarşıdurma Ermənistanla Azərbaycanın dünya birliyi tərəfindən tanınan dövlət sərhədində olub.
Beynəlxalq ictimaiyyət dərhal tərəfləri toqquşmaları dayandırmağa çağırıb. ABŞ, Avropa İttifaqı, ATƏT-in Minsk qrupu vəziyyəti stabilləşdirmək üçün çağırışlar edib.
Son toqquşmaların nədən qaynaqlandığı dəqiq məlum olmasa da, görünən odur ki, gərginliyin artmasında Ermənistan böyük rol oynayıb. Ermənistanın son dövrlərdə sərhəd bölgəsində yeni hərbi postlar yaratdığına dair xəbərlər var idi.
Silahlı toqquşmalar başlar-başlamaz, Türkiyə Azərbaycana ciddi hərbi dəstək verib. Yerevan isə məsələyə, faktiki olaraq, Rusiyanın rəhbərlik etdiyi, özünün də üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxilə etməsini istəyib.
Lakin blok tərəfləri sərhəddə vəziyyəti normallaşdırmağa çağırmaqla kifayətlənib. Rusiyanın Ermənistana, şifahi də olsa, dəstək verməməsi əslində, Azərbaycanın mövqeyini gücləndirib.
Bütün bunların fonunda qarşıdurmaya Türkiyə ilə Rusiyanın cəlb olunması riski var…
Ermənistan-Azərbaycan münaqişəsi KİV-in diqqətində olsa da, onun gündəmə o qədər də gəlməyən daha bir aspekti var. Söhbət münaqişənin enerji bazarlarına təsirindən gedir.
Bu münaqişə, həqiqətən də, enerji bazarları üçün böyük təhlükədir. Münaqişə bölgəsi Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Orta Asiya ölkələri üçün neft-qaz nəqlində vacib dəhlizdir. Son hərbi qarşıdurmaların Bakıdan Türkiyəyə çəkilmiş neft-qaz boru kəmərləri sisteminə bilavasitə yaxın ərazidə baş verməsi bu mənada xüsusi narahatlıq yaratmalıdır.
Hər halda, hərbi əməliyyatlar bölgənin neft- qaz infrastrukturunu risk qarşısında qoyur. Münaqişə böyüyərsə, bölgənin neft və qazından asılı olan Türkiyə ciddi zərər görə bilər.
Son toqquşmalar Azərbaycanın Tovuz rayonu istiqamətində baş verib. Cənubi Qafqaz Boru Kəməri məhz bu ərazidən keçir. TANAP vasitəsilə nəql edilən və Ankaranın Rusiyadan enerji asılığını xeyli azaldan təbii qaz TANAP-a qədər məhz Cənubi Qafqaz Boru Kəmərilə daşınır.
Türkiyə illərdir enerji idxalını şaxələndirməyə çalışsa da, bu məsələdə hələ də Moskvadan çox asılıdır. Üstəlik, Rusiya qazı Türkiyəyə avropalı alıcılarla müqayisədə ikiqat baha başa gəlir. Məhz bu səbəbdən Ankara Rusiyadan idxalı azaltmağa çalışır. TANAP vasitəsilə Azərbaycandan qaz almağa başlamış Türkiyə bu sahədə xərclərini əhəmiyyətli dərəcədə azaltmağa nail olub.
Türkiyə ilə Rusiya arasındakı qaz sazişi 2021-ci ildə uzadılmalıdır. Lakin tərəflər razılığa gələ bilmədikləri üçün danışıqları hələlik dayandırıblar. Bunun fonunda, Azərbaycanla Türkiyə arasında əməkdaşlıq daha da dərinləşə bilər. Bunun Rusiya üçün çox vacib bir bazarın itirilməsiylə nəticələnəcəyi istisna deyil.
Bu arada, Azərbaycandan Türkiyəyə qazın tədarük edildiyi Bakı-Tbilisi-Ərzurum xətti də Azərbaycanın Tovuz rayonu ərazisindən keçir. Beləliklə, söhbət, həqiqətən də, strateji bölgədən gedir. Türkiyənin Suriya və Liviya ilə bağlı davranışlarını da nəzərə alsaq, onun Ermənistan-Azərbaycan münaqişəsinə hərbi müdaxiləsi istisna deyil. Başqa sözlə, Azərbaycanın mövcud neft-qaz infrastrukturuna zərbə vurularsa, Türkiyə məsələyə müdaxilə edə bilər.
Hər halda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da son açıqlamalarından birində bildirib ki, Ankara Azərbaycanın hüquqlarına və ərazisinə ediləcək istənilən hücuma reaksiya verməkdə heç bir tərəddüd etməyəcək.
Son hərbi toqquşmaları təxribat adlandıran Ərdoğanın bu sözlərindən sonra Türkiyənin hökumətyönlü KİV-i dərhal məsələyə Rusiyanı da qatıb. Türkiyə mətbuatı yazır ki, Ermənistanı Azərbaycana hücuma məhz Moskva təşviq edib.
“Oil Price” yazır ki, son toqquşmaların səbəbi nə olursa-olsun, vəziyyət olduqca kritikdir. Baş verənlər fonunda Azərbaycan tərəfi Ermənistanın “Metsamor”AES-ə zərbə endirə biləcəyini bildirib.Ermənistan belə təhdidlərə cavab kimi,Azərbaycanın neft-qaz infrastrukturuna işarə edir.Vəziyyət bu həddə çatarsa, bunun nəinki Avropa,bütünlükdə dünya miqyasında fəsadları olacaq.(tərcümə strateq.az)