Büdcədə nələr dəyişəcək?- “Neft Fondunun xərclərinin artacağı gözlənilir…”
Milli Məclisin Sədri Sahibə Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb. Qeyd edək ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib. Spiker daha sonra qanunvericiliyə uyğun olaraq, deputatları avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılıb.
İyulun 30-da Azərbaycan Maliyyə Nazirliyi (MN) 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib. Qanun layihəsindəneftin bir barelinin qiyməti 35 ABŞ dollarına bərabər götürüləcək.Bundan başqa koronavirus pandemiyası ilə əlaqədar iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün əlavə 100 milyon manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.
Qeyd edək ki, müstəqil ekspertlər hələ 3 ay öncədən belə bir dəyişikliyə ehtiyac olduğunu bildirirdilər.
İqtisadçı Natiq Cəfərli şərhində bildirib ki, ya Maliyyə Nazirliyinin, ya hökumətin planlamasında qüsurlar var.
“Öncədən problemləri görüb həll etmək əvəzinə, dərinləşməsinə imkan yaratdıqdan sonra həlli ilə bağlı müəyyən addımlar atılır”-deyə ekspert qeyd edib.
N. Cəfərliyə görə, büdcəyə yenidən baxılması zərurəti həm xərc, həm də gəlir hissədə ciddi azalmaların olması ilə bağlı yaranıb. O deyib ki, İcmal büdcədə xüsusilə azalmalar var, çünki icmal büdcəyə Neft Fondunun büdcəsi də daxildir.
İqtisadçının fikrincə, amma Neft Fondunun büdcəsinin gəlir hissəsində bu il ciddi problemlər yaşanacaq: “Səbəb də budur ki, büdcənin gəlir hissəsində neftin orta qiyməti 55 dollardan hesablansa da, bu günə ortalama qiymət 39-40 dollar civarındadır”.
İqtisadçı xatırladır ki, hökumət pandemiya ilə bağlı 3.5 milyard manatlıq iqtisadi paket açıqlayıb: “Bura həm 600 min insana 190 manatlıq birdəfəlik ödəmənin verilməsi, həm də vergi güzəştləri, biznes çevrələrinin götürdükləri kreditlərin bir hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi daxildir. Belə güzəşt paketləri var ki, tam yerinə yetirilməyib, ilin sonuna kimi müəyyən dərəcədə yerinə yetirilə bilər. Bunların büdcənin xərc hissəsində yeri yox idi, indi xərc hissəsinə salınacaq”.
N. Cəfərlinin dediyinə görə, büdcənin gəlir hissəsində də ciddi problemlər var. İqtisadçı hesab edir ki, Neft Fondu transfertlərdə üzərinə düşən öhdəliyi yerinə yetirəcək, amma vergi toplanmasında, gömrük ödəmələrində ilin geri qalan hissəsində ciddi problemlər yaşanacaq: “Çünki neft sektorundan gələn gəlirlərdə azalmalar müşahidə olunub, ilin sonuna kimi də müşahidə olunacaq”.
İqtisadçınin fikrincə, bütün bu şəraiti nəzərə alaraq büdcəyə əlavə və dəyişikliklərin edilməsi bir zərurətə çevrilmişdi: “Çünki xərclər ayrılır, amma o xərcin yetərli mənbələri yoxdur, gələcəkdə də gəlirlərin azalmasını nəzərə alsaq, o gəlirlərin yerini kompensasiya edəcək mənbələr yoxdur. Çox güman ki, büdcədə dəyişikliklər olacaq, xərc və gəlir hissələrinəəl gəzdiriləcək. Böyük ehtimal, başqa mənbə olmadığıüçün Neft Fondunun xərc hissəsi artırılacaq”.(azpolitika.info)