Türkiyə Qafqazda ön plana çıxır – Ankaranın Qarabağ planı nədir?

 

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. İyulun 27-də baş tutan danışıqda Türkiyə və Rusiya prezidentləri Azərbaycan-Ermənistan qarşıdurmasını detallı şəkildə müzakirə ediblər. Hər dəfə Suriya və Liviyadakı hadisələri müzakirə edən Ərdoğan və Putinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı detallı fikir mübadiləsi aparmaları ilk haldır. 

Ona görə də bu dəfə telefon danışığının təşəbbüskarının hansı prezidentin olduğu maraq doğururdu. Çünki, telefon danışığının kimin təşəbbüskar olmasından məhz hansı prezidentin həmkarı ilə Azərbaycan-Ermənistan qarşıdurmasını müzakirəsinə marağı ortaya çıxacaqdı. Xəbərlərdə telefon danışğının təşəbbüskarı haqqında məlumat yox idi, sadəcə yazılırdı ki, “prezidentlər arasında telefon danışığı olub”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirir ki, onda olan məlumata görə, telefon danışığının təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. O zaman aydın olur ki, məhz Ərdoğan rusiyalı həmkarı Putinlə Azərbaycan-Ermənistan qarşıdurmasını müzakirə etmək istəyib.

Elxan Şahinoğlunun fikrincə, Rusiya Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllinə heç vaxt maraq göstərməyib: “Buna dair sadəcə iki misal göstərmək olar. Birincisi, Vladimir Putin bir neçə il əvvəl Moskvada geniş mətbuat konftransı keçirirdi. Mətbuat konfransında iştirak edən azərbaycanlı jurnalistlərdən biri tədbir boyu Rusiya Prezidentinə israrla sual vermək istəyirdi. Mətbuat konfransı bitdikdə ayağa qalxan Putin azərbaycanlı jurnalistin israrını müşahidə edərək ayaqüstü ona kinayəli şəkildə belə cavab vermişdi: “… yəqin yenə Qarabağdan sual verəcəksiniz”. Bu cavabın özü Qarabağ mövzusunun Kreml sahibi üçün maraqsız olduğunu göstərirdi.

İkincisi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bir neçə il əvvəl rusiyalı həmkarıyla görüşdükdə müxtəlif mövzularla yanaşı Qarabağ mövzusunu müzakirə etmək istədikdə Putin ona qısaca belə cavab vermişdi: “Bu çox mürəkkəb məsələdir”. Putin bununla faktiki Ərdoğana demək istəmişdi ki, mən Səninlə Suriyanı müzakirə etməyə hazıram, ancaq Cənubi Qafqazdakı əsas problemi Səninlə müzakirə etməyə marağım yoxdur. Başqa sözlə Kreml Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığını qəbul etmirdi”.

Politoloq bildirib ki, indi durum fərqlidir. Kreml istəməsə belə, Türkiyə Cənubi Qafqazda əsas oyunçulardan birinə çevrilib. Bunun bir səbəbi Azərbaycanla Türkiyə arasındakı strateji münasibətlərin inkişafıdırsa, ikinci səbəbi Azərbaycanın iştirakçısı olduğu böyük enerji və nəqliyyat layihələrinin Türkiyəyə uzanmasıdır. “Yəni, Azərbaycana qarşı istənilən həmlə Türkiyənin təhlükəsizlik maraqlarına toxunur və Ankara baş verənlərə seyrçi qala bilməz. Türkiyə bundan sonra Azərbaycanın milli və təhlükəsizlik maraqlarına toxunacaq proseslərdən kənarda qala bilməz və qalmayacaq.

Bu səbədən Tovuz istiqamətindəki döyüşlərə ən sərt reaksiya verən dövlət məhz Türkiyə oldu. Türkiyənin rəsmiləri sərhəddəki döyüşlər fonunda açıq şəkildə dedilər ki, Azərbaycana istənilən hərbi dəstəyi verməyə hazırdılar. Bu mesaj işğalçı Ermənistanla yanaşı həm də Rusiyaya ciddi mesaj idi. Buna görə də artıq Rusiya prezidenti də anladı ki, Türkiyəni Cənubi Qafqazdakı proseslərdən kənarda saxlamaq fiziki baxımdan mümkün deyil”, – deyə həmsöhbətimiz qeyd edib.

Elxan Şahinoğlu əlavə edib ki, Ərdoğan Putinə telefon zəngindən bir neçə saat əvvəl vacib strateji gediş etdi, Türkəyinin ordu birlikləri Naxçıvana daxil oldu və bununla Kreml fakt qarşısında qaldı. Bundan başqa Türkiyə Azərbaycanla birgə ölkəboyu geniş hərbi təlimlərə başlayır. Türkiyə bir sıra ölkələrdə olduğu kimi bir anda Cənubi Qafqazda da oyun qurucusuna çevrildi.

Ərdoğanın siyasi müstəvidə əsas tərəfdaşının “sülh  ənənəsinin”,  nədən istənilən səviyyədə effekt vermədiyini incələməsi  regionda əminamanlığın möhkəmlənməsi üçün real, əməli yolların irəlidəki mesajıdır. Bu vəziyyətdə Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan qarşıdurmasını geniş şəkildə müzakirə etməyə bilməzdi.

Politoloq qeyd edib ki, Ankaranın Azərbaycanla bağlı strateji planı Kremli narahat edir. Məhz ona görə Putin Ərdoğanla telefon söhbətində gərginliyin eskalasiyasına kömək edəcək hər cür fəaliyyətə imkan verməməyin vacibliyini qeyd edib: “Kremldə şübhələnirlər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların faydasız olduğunu anlayan rəsmi Bakı işğal altındakı torpaqların azad olunması üçün müxtəlif variantlar üzərində ciddi düşünür və bu planların reallaşmasında Türkiyənin dəstəyi olacaq. Bu baş verməsin deyə Putin Ərdoğanla söhbətdə diqqəti münaqişənin yalnız danışıqlar yolu ilə həllinə yönətlməyə çalışıb.

Məsələn telefon danışığıyla bağlı yayılan xəbərdə belə bir hissə var: “Hər iki tərəf münaqişəli vəziyyətin istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. Liderər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub”.

Beləliklə, Kreml Türkiyənin Azərbaycanda var olduğunu qəbul edib. Bundan sonra Putin Ərdoğanla görüşlərində və telefon söhbətlərində Suriya, Liviya və digər mövzularla yanaşı Azərbaycan-Ermənistan qarşıdurmasını da müzakirə etmək məcburiyyətindədir. Rusiya informasiya agentliklərinin prezidentlərin telefon danışığı barədə yaydığı xəbərdə “regionda sabitlik məqsədi ilə səylərin koordinasiyasına hazırlıq vurğulanıb” cümləsi də bundan verir. Bu cümlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni Rusiya-Türkiyə formatının yaradılmasına yol aça bilər.

Türkiyənin və Azərbaycanın Qarabağ planı sadədir:

Ermənistan işğal altındakı Azərbaycan ərazilərini boşaldır;

Azərbaycanlılar geri qayıdırlar;

Dağlıq Qarabağa geniş müxtariyyət və təhlükəsizlik təminatı verilir.

Azərbaycan və Türkiyə Errmənistanla kommunikasiya xətlərini açırlar və beləcə regional əməkdaşlığa Ermənistanın da qoşulması imkanları açılır.

Ermənistan bu təklifləri əvvəlkitək rədd edib danışıqların uzanmasına çalışarsa, gərginliyin artmasına və bundan doğan nəticələrlə barışmalı olacaq”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password