“Azərbaycan-Türkiyə təlimləri işğalçının arxasındakı gücə mesajdır” – Politoloq
“Birgə hərbi təlimlərin coğrafiyası göstərir ki, Türkiyə üçün artıq bütöv Azərbaycanın təhlükəsizliyi önəm daşıyır”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, Azərbaycan və Türkiyənin əməkdaşlığı öz aktuallığını həmişə qoruyub: “Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevral ayında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamada hərb əməkdaşlığın inkişafından da danışmışdı. “Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq”, – deyən dövlət başçısı Azərbaycanın Türkiyədən müasir silahların alınmasını davam etdirəcəyini bu sözlərlə izah etmişdi: “Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq”.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı hər zaman aktualdır. Bölgədə vəziyyət gərginləşən kimi hərbi əməkdaşlığın aktuallığı daha da artır. Çünki Ermənistanın Tovuz istiqamətində təxribatının arxasında geosiyasi faktorların ola biləcəyi istisna deyil. Türkiyə rəsmiləri isə açıq dedilər ki, sərhəddəki gərginliyin arxasında böyük güclər dayanıb, Azərbaycandan keçən regional layihələrə zərər vurmaq istəyirlər. Elə buna görə də başda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla müttəfiq dövlətin xarici işlər və müdafiə nazirləri Azərbaycana istənilən dəstəyi verməyə hazır olduqlarını bildilər. Böyük məna kəsb edən bu ifadə hərbi əməkdaşlığın genişlənməsindən tutmuş Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirməsinə qədər bəndləri nəzərdə tuturdu”.
E.Şahinoğlu vurğulayıb ki, bu il keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərinin coğrafiyası da genişdir: “İyulun 29-da Azərbaycanla Türkiyənin növbəti birgə hərbi təlimləri keçiriləcək. Bu təlimlər əvvəlcədən razılaşdırılmış plana əsasən reallaşacaq. Buna baxmayaraq, builki hərbi təlimlərin coğrafiyasının geniş olması diqqəti çəkir. Cəmi 10 gün ərzində iki ölkə ordusunun hərbi təlimləri Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək, yəni bütünlükdə Azərbaycan əhatə olunacaq. Bu çox vacibdir və işğalçıya, onun arxasındakı güclərə önəmli mesajdır. Türkiyə Qars müqaviləsiylə yalnız Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Ancaq birgə hərbi təlimlərin coğrafiyası göstərir ki, Türkiyə üçün artıq bütöv Azərbaycanın təhlükəsiliyi önəm daşıyır. Bu gedişat iki ölkə arasında yeni hərbi sazişin imzalanmasını diqtə edir”.
Politoloqun fikrincə, Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycan üçün həyati əhəmiyyət daşıyır: “Sərhəddəki münaqişədən sonra Ermənistan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini əldə edə bilməsə də, Moskva İrəvanı yalnız buraxmayıb. Rusiya mediasında Azərbaycan əleyhinə artan xəbər axını da bunu göstərir. İş o yerə çatıb ki, Ukraynada Rusiyaya bağlı separatçılar dezinformasiya yayaraq guya Ukraynanın rəsmi strukturlarının Azərbaycana muzdlu döyüşçülər göndərdiyini iddia ediblər. Rusiyanın Ermənistanla birgə pilotsuz uçuş aparatlarının neytrallaşdırılması ilə bağlı təlimləri də Azərbaycana qarşı yönəlib. Əlbəttə, Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan təklikdə Ermənistanla məsələni həll edə bilər, ancaq Rusiya Ermənistanı tək buraxmayacaq. Ona görə də Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq Azərbaycan üçün həyati əhəmiyyət daşıyır”.