Proqnozlar ümidverici deyil: Ərzaq qiymətinin bahalaşması var, yenə də davam edəcək
Ekspert: “Daxili bazarı qorumaq üçün ölkələr tərəfindən müxtəlif addımlar atılır. Bu addımların nəticəsində də dünyada ərzaq məhsullarının qiymətində artımlar var. Bəzi ölkələr məsələn, taxılın ixracına qadağa qoyub”
Bu ilin 6 ayında Azərbaycanda istehlak qiymətləri 2019-cu ilin yanvar-iyun aylarına nisbətən 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 5,5 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2020-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5 faiz, əvvəlki ilin iyun ayına nisbətən 105,3 faiz təşkil edib.
O deyib ki, ayrı-ayrı kateqoriyalar ilə bağlı qiymət artımının fərqli səbəbləri var: “Bu ilin birinci yarısında tütün məmulatları və spirtli içkilər üzrə qiymət artımının əsas səbəbi ilin əvvəlində aksizlərin artırılması ilə bağlıdır. Aksizlərin artırılması ilə bağlı qərar fevralın əvvəlində qüvvəyə mindi və həmin vaxtdan başlayaraq qiymətlərdə artım müşahidə olundu. Bundan əlavə, bu yaxınlarda tütün məmulatlarında qiymət artımı oldu. Gömrük və vergi dərəcələri dəyişməyib, sadəcə ölkədə bu istiqamətdə bazara nəzarət edən şirkətlərin sayı çox azdır. Onların açıqlaması belə oldu ki, logistika bahalaşıb, yəni karantin rejimi və sərhədlərin bağlı olması ilə bağlı ölkəyə məhsulların gətirilməsi daha çox zaman alır. Bu da logistikanı bahalaşdırıb və ona görə tütün məmulatlarında qiymət artımına gedilib”.
Ekspert qeyd edib ki, bu ilin 6 ayında bir sıra ərzaq məhsullarının qiymətinin artmasının bir neçə səbəbi var: “Birincisi, logistika ilə bağlı qiymət artımı müşahidə olunur. Sərhədlərin bağlanması daşınma xərclərinə birbaşa təsir göstərir. Bəzi hallarda sürücülərin karantin rejimləri ilə bağlı başqa ölkələrin sərhədlərində günlərlə qalması onların xərclərini artırır. Bu da logistikanın dəyərinin artmasına səbəb olur. İkinci səbəb karantin rejimində əksər sahələr bağlı olsa da, ərzaq satışında əksinə artım müşahidə olunurdu. İnsanlar evdə oturduqca ərzağa tələbatın artımı daha çox müşahidə edilirdi. Ərzağa tələbat artan kimi qiymətlərə təsir göstərməyə başladı. Hər bir istiqamət üzrə müxtəlif səbəblər var. Lakin sərhədlərin bağlanması, yükdaşımaların bahalaşması qlobal səbəbdir”.
Ekspert bildirib ki, ilin sonunadək ərzaq qiymətlərində artım gözləniləndir: “Ərzaq məhsulları üzrə Azərbaycanın özünün spesifik xüsusiyyətləri də var. Bayramlar öncəsi tələbatın artması, yerli məhsulların bazardan payızın sonu qışın əvvəlində çəkilməyə başlaması qiymətlərə həmişə təsir edir. Bu, illərdir belə davam edir. Yəqin bunun da qiymətlərə təsiri olacaq. Sərhədlərin tam açılmaması və yük dövriyyəsində müəyyən gecikmələrin olması da qiymətlərin artmasına təsiri olacaq.
Əsas məsələlərdən biri odur ki, dünyada ərzaq məhsullarının qiymətində artımlar müşahidə edilir. Daxili bazarı qorumaq üçün ölkələrə tərəfindən müxtəlif addımlar atılır. Bu addımların nəticəsində də dünyada ərzaq məhsullarının qiymətində artımlar var. Bəzi ölkələr məsələn, taxılın ixracına qadağa qoyub. Ona görə də ərzaq qiymətlərində artımın bu ilin sonunadək davam etməsi ehtimalı çox yüksəkdir”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, qarğıdalı yağının, limonun, bananın, gilasın, alçanın, əriyin, şaftalının, çiyələyin, qurudulmuş meyvələrin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, təzə göbələyin, kartofun, quru noxudun, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, vermişelin, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, süfrə marqarininin, almanın, armudun, göyərtinin, mərcinin, qəhvənin, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.