İqtisadiyyatda tənəzzül var, amma büdcə gəlirləri artıb – ŞƏRH
2020-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında tənəzzülün olmasına baxmayaraq dövlət büdcəsinin vergi və gömrük gəlirlərində artım qeydə alınıb. İlin birinci yarısında iqtisadiyyatda daralma 2,7 faiz, qeyri-neft sektorunda 2,5 faiz olub. Amma dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artıb. İlin birinci yarısında vergi orqanları proqnoza 326,6 milyon manat və ya 8,9 faiz çox əməl edib. Özü də qeyri-neft sektorundan vergi daxilolmaları 367,7 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çox olub. Pərakəndə ticarət dövriyyəsi 1,8 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər 19,2 faiz azaldığı halda, bu sahələrdən vergi daxilolmaları artıb.
Bəs, iqtisadiyyatda daralmanın olmasına baxmayaraq büdcə gəlirləri necə artır?
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, rəsmi açıqlamalarda dövlət büdcəsinin gəlirlərinin artması “kölgə iqtisadiyyatı”nın miqyasının kiçildilməsi ilə izah olunur. “Bu versiyanı şübhə altına almaq istəmirəm”, – deyən ekspert söylədi ki, iqtisadiyyatın “ağardılması” istiqamətində müəyyən işlər görülüb. Lakin o “ağardılma”nın hansı sahələrdə və nə qədər dəyişikliyə səbəb olduğu haqqında müfəssəl məlumatın açıqlanmadığını bildirdi:
“İqtisadiyyatdan əldə edilən əlavə gəlirlərlə bağlı, hesabatlılıq, şəffaflıq olmalıdır. İctimaiyyət dəqiq bilməlidir ki, böhran olduğu şəraitdə əlavə vergi və gömrük gəlirləri hardan, necə və nə qədər əldə edilib. İlin birinci yarısında iqtisadiyyat, o cümlədən qeyri-neft sektoru böhran keçirib, daralma var. Qeyri-neft sektorunda 2,5 faiz, ümumi iqtisadiyyatda 2,7 faiz daralma baş verib. Belə çıxır ki, “ağarma”nın sürəti, böhranın sürətindən çox böyükdür. Çox ciddi şəkildə şəffaflıq, hesabatlılıq olmalıdır”.
R.Ağayev hesabatlılıq dedikdə nəyi nəzərdə tutduğunu da açıqlayıb: “Vergi Xidməti məlumatı tədiyə növləri üzrə açıqlamalıdır. Bilinməlidir ki, əlavə dəyər vergisi, mənfəət vergisi, gəlir vergisi üzrə artım nə qədər olub. Eyni zamanda sahələr üzrə məlumatı açıqlamalıdır. Məsələn, göstərilməlidir ki, ticarətdə “ağarma” nə qədər olub, onun nəticəsində dövriyyənin həcmi və vergi daxilolmaları nə qədər artıb. Eynilə tikintidə, ictimai iaşədə, sənayedə və digər sahələrdə dövriyyə və vergi artımı dəqiq göstərilməlidir. Vergi Xidməti bunların hər birinin hesabatında məlumatları dəqiq qeyd etməlidir, göstərməlidir. Bu məlumatları açıqladıqda, ekspertlər və təhlilçilər həmin məlumatlara əsasən analiz verib dəqiq rəylərini ifadə edə bilər”.
Həmsöhbətimiz qeyd etdi ki, müfəssəl məlumat açıqlanmır, sahibkarların bir çoxu isə başqa məlumatlar verir: “Sahibkarların bir çoxu qeyri-rəsmi, anonim söhbət zamanı deyir ki, onları daha çox sıxırlar, sərəncamlar göndərirlər, artıq vergi alırlar. Müstəqil təhlilçilər iki informasiyanın ortasında qalıb. Hökumət ağarma deyir, bir çox sahibkar isə anonim sorğuda sərəncamların gəldiyini deyir. Həqiqət bu iki məlumatın ortasındadır və həqiqəti bilmək üçün hesabatlılıq, şəffaflıq vacibdir”.
R.Ağayev birinci yarımildə dövlət büdcəsində yaranan əlavə gəlirlərin əlavə xərcləri maliyyələşdirə biləyəcəyinə inanmır. Buna görə də o hesab edir ki, dövlət büdcəsinə yenidən baxılması mümkündür: “Prezidentin yanında keçirilən son müşavirədə də Maliyyə naziri bir fakta diqqət çəkdi ki, ilin birinci yarısında bir qədər artım oldu, amma ikinci yarımildə belə davam edəcəyini demək çətindir. Nazir qeyd etdi ki, artan xərclərimiz var, büdcəyə yenidən baxmaq lazımdır. Maliyyə nazirinin narahatçılığından belə başa düşdüm ki, büdcənin əlavə gəlirləri artan xərcləri ödəyə bilməyəcək və büdcəyə yenidən baxıla bilər. Mümkündür ki, Dövlət Neft Fondundan transfertlər bir qədər artırılsın”.(sfera.az)