Bu mexanizmin qurulması Qarabağda işğalın rəsmiləşməsi demək olardı
“Əslində belə bir mexanizmin qurulması Azərbaycanın suverenlik hüquqlarının pozulmasıdır”.
Bunu açıqlamasında politoloq Şahin Cəfərli silahlı insidentlərin təhqiqi mexanizmlərini tətbiq etmək ideyasını gündəmə gətirməyə çalışan erməni tərəfinin məqsədindən danışarkən deyib. O bildirib ki, bu ideya 2016-ci ilin Aprel döyüşlərindən sonra aparılan danışıqlarda gündəmə gətirilib:
“Həm vasitəçilər, həm də Ermənistan tərəfi bildirirdi ki, atəşkəz pozuntularının qarşısını almaq üçün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində müəyyən bir monitorinq mexanizmi qurulsun. Orada müəyyən texniki vasitələr quraşdırılsın. Beləliklə, təmas xətti fasiləsiz rejimdə nəzarətdə saxlanılsın və atəşkəsi pozan tərəfin kim olduğu orada qeydə alınsın. Amma Azərbaycan tərəfi bu mexanizmin qurulmasına indiyə kimi razılıq verməyib. Bu da əslində haqlı mövqedir. Çünki ilk baxışdan o mexanizmin qurulması ideyası sanki sülhpərvər ideya kimi görünür. Atəşkəsi təmin etmək, guya qan axıdılmasının qarşısını almaq və s… İlk baxışdan sanki humanist, sülhpərvər ideya kimi görünür, amma mahiyyətinə baxanda görürsən ki, əslində belə bir mexanizmin qurulması Azərbaycanın suverenlik hüquqlarının pozulmasıdır. Yəni, orda bizim qoşunlar dislokasiya olunub, qarşıda da işğalçı Ermənistan ordusu var. Əgər bu mexanizm qurularsa, Azərbaycan ordusunun erməni işğalçı qoşunlarına hansısa bir cavab verməsi imkanları aradan qalxacaq. Əslində bizim torpaqlar işğal olunub, Ermənistan ordusu bizim ərazimizdə işğalçı statusdadır. Və bizim ordumuzun hər zaman imkanı olmalıdır ki, yeri gələndə düşmənə müəyyən lokal zərbələr endirə bilisn. Bu, məsələnin birinci tərəfidir.
İkinci tərəfi isə budur ki, Azərbaycanın öz ərazilərini hərbi yolla azad etməyə tam haqqı və hüququ var”.
Şahin Cəfərli bildirib ki, belə bir mexanizmin qurulması Azərbaycanın bu hüququnun məhdudlaşdırılması mənasına gələ bilər:
“Bu baxımdan Azərbaycan haqlı olaraq bu mexanizmin qurulmasına indiyənə kimi razılıq verməyib. Belə bir mexanizmin qurulması həm də faktiki olaraq, işğalın bir növ rəsmiləşdirilməsi demək olardı. Yəni, bu mexanizmi qurmaqla vasitəçi dövlətlər faktiki olaraq bizə deyirlər ki, işğalçı qoşunlara toxunmayın, ümumiyyətlə, bu tərəfə atəş açmayın. Bu, əlbəttə ki, yolverilməzdir. Ermənistan ona görə bunun qurulmasında maraqlıdır ki, öz planlarını həyata keçirsin. Torpaqları işğal edib, oturub orda. Ermənistana lazımdır ki, burada artıq daimi sülh olsun, heç bir atəş açılmasın, müharibə olmasın və sonrakı mərhələdə işğalını qanuniləşdirsin, Azərbaycana və dünyaya qəbul elətdirsin. Ona görə belə bir mexanizmin qurulması Ermənistanın maraqlarına uyğundur.
Azərbaycanın isə maraqlarına ziddir. Yəni, indi də yenidən Tovuz döyüşlərindən sonra bu ideyanı gündəmə gətiriblər. Aydındır ki, bu, onların maraqlarına cavab verir. Düşünürəm ki, Azərbaycan rəhbərliyi yəqin ki, bunu qəbul etməyəcək. Əslində də qəbul etmək lazım deyil”.
Politoloq qeyd edib ki, bu mexanizmin qurulması ideyası həm də ona görə zərərlidir ki, burada həmsədrlər işğal faktı ilə deyil, onun nəticələri ilə sanki mübarizə aparmaq istəyirlər:
“Halbuki bu problemin mahiyyəti Azərbaycan ərazilərinin işğalıdır. Yəni, tutaq ki, cəbhədə atəşkəs pozulur. Lap elə Azərbaycan tərəfdən atəşkəs pozulur. Bunu da qəbul edirəm. Amma bizə niyə atəş açılır, niyə atəşkəs cəbhə xəttində pozulur? Səbəb odur ki, işğal var. Daimi atəşkəsi təmin etməyin ən yaxşı yolu problemi birdəfəlik həll etməkdir. Həmsədr ölkələr isə münaqişəni mahiyyəti üzrə həll etmək əvəzinə nəticələrinə baxırlar, deyirlər ki, atəşkəs pozulub, gəlin qarşısını alaq. Bu problem həll olunsa, yəni işğalçı ordu Azərbaycan ərazisini tərk edərsə, heç bir atəşkəs pozuntusu olmayacaq”. (qaynarinfo)