“Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib”

“Dağlıq Qarabağda erməni separatçılığı 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cavab verəcəyinə ümidlər vardı. Amma cavab verilmədi. Tam əksinə, SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ətrafındakılar erməni separatçılığına açıq rəğbət bəslədilər”.
Bunu açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, erməni separatçılarının silahlanmasına göz yumuldu və azərbaycanlıların kompakt yaşadıqları yaşayış məntəqələrinə silahlı hücumlar oldu:
“SSRİ-nin dağılması ilə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə başladı. Ancaq hətta həmin illərdə belə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla ermənilərin ciddi toqquşmaları qeydə alınmadı. Bu dəfə isə durum fərqlidir.
Ermənistan-Azərbaycan sərhədindəki döyüşlərə dünyanın müxtəlif ölkələrində azərbaycanlılarla ermənilərin qarşıdurması damğasını vurdu. Bəzi ölkələrdə həmvətənlərimiz Azərbaycan səfirliyini ermənilərin hücumlarından qoruyurdular. Demək olar ki, diplomatlarımız soydaşlarımızla birgə mübarizə apardılar”.
E. Şahinoğlu bildirib ki, iyulun 12-də sərhəddə azərbaycanlı hərbçilərə hücum edilməsi, generalımız və digər əsgərlərimizin şəhid olması xaricdə yaşayan milyonlarla azərbaycanlının da hissiyyatına toxunub: “Sərhəddə olduğu kimi, xarici ölkələrdə də təxribatı ermənilər törətdi. Ermənilərin Azərbaycanın Los-Ancelesdəki konsulluğu ətrafına toplaşan azərbaycanlılara hücum etməsi, Brüsseldə erməni qrupun azərbaycanlıları vəhşicəsinə döyməsi ilə fitil yandı. Əgər sərhəddə toplar, raketlər və pilotsuz uçuş aparatları hədəfləri vururdusa, səfirliklər qarşısında yumruqlar və təpiklər havada uçuşurdu. Azərbaycanlılar Los-Ancelesdəki təxribatın intiqamını Moskvada, Kiyevdə və başqa şəhərlərdə aldılar. Bu, Ermənistan hakimiyyətinə, erməni lobbisinə, Los-Ancelesdə, Brüsseldə və digər şəhərlərdə yaşayan ermənilərə xəbərdarlıq idi ki, yenə azərbaycanlılara qarşı təxribatlara baş vursalar, bu, onların özlərinə ziyan vuracaq. Bundan artığına ehtiyac yoxdur, fərqli ölkələrdə erməni təxribatı ilə mübarizəni hüquqi müstəvidə davam etdirmək lazımdır.
Los-Ancelesdə və Brüsseldə azərbaycanlılara qarşı təxribatlar törədildiyi saatlarda Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirirdi. O, müxtəlif ölkələrdəki soydaşlarını təxribatlardan çəkindirmək əvəzinə, vəziyyəti daha da gərginləşdirən açıqlama verdi. Ermənistanın baş naziri dedi ki, sərhəddəki döyüşlər fonunda dünyadakı erməni lobbisinin fəaliyyətindən məmnun qalıb. Bu o demək idi ki, azərbaycanlılara qarşı təxribat əmri elə İrəvandan verilib. Bu, Xocalı soyqırımını planlayan və həyata keçirən düşüncə tərzinin davamıdır”.
Politoloqun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldiyi gündən dəfələrlə söylədiyi tezisləri təkrarlayıb: “”Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır”, “Dağlıq Qarabağın təhlükəsizliyi məhdudlaşdırıla bilməz”, “Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququ olmalıdır”, “Azərbaycan Ermənistana və Dağlıq Qarabağa güc tətbiqi fikrindən rəsmən imtina etməlidir”.
Ermənistanın baş naziri faktiki olaraq, Azərbaycana “kapitulyasiya” təklif edir. Paşinyanın bu bəyanatından sonra işğalçı ölkə ilə danışıqların davam etdirilməsinin mənası yoxdur. Çünki sərhəddəki 4 günlük döyüşlərdən sonra masada dəyişən bir şey yoxdur. Paşinyan bir müddət sonra Şuşada yenidən yallı oynamağa gedəcək. Görünür, sərhəddəki döyüşlərdən sonra erməni hərbçilərin rusiyalı həmkarları ilə Ermənistanda keçirdikləri birgə təlimlər Paşinyanı bir az da cəsarətləndirib. Ancaq başda Rusiya olmaqla, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların erməni təxribatına qarşı verdikləri cavab həm də onu göstərir ki, Ermənistanın torpaqlarımızı işğal altında saxlamasına müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar seyrçi qalmayacaqlar. Ona görə də son günlər Moskvada iş quran həmvətənlərimizin bir qismi ermənilərlə ticarət aparmaqdan imtina ediblər. Bunu işğalçı Ermənistana qarşı azərbaycanlıların birgə başlatdığı təzyiq mexanizmi kimi də anlamaq olar. İranda yaşayan azərbaycanlılar da ermənilərlə ticarət əlaqələrinə göz gəzdirə bilərlər”.
“Nəzərə almaq lazımdır ki, iki ölkə arasında növbəti hərbi qarşıdurma zamanı yenidən xarici ölkələrdəki səfirliklərimiz və soydaşlarımız ermənilərin təxribatları ilə üzləşə bilərlər. Ermənilərin “ASALA” kimi terrorçu təşkilatını hərəkətə keçirəcəkləri də istisna deyil. Onların bu cür işlərdə təcrübələri çoxdur. Bu məqsədlə, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Diaspora Komitəsinin birgə çalışması və müxtəlif ssenarilərə hazır olması lazımdır. Necə ki, azərbaycanlılar 1905-ci ildə erməni terrorçuluğu ilə üzləşəndə təşkilatlanmış və təxribatlara qarşılıq vermişdi, bu gün də həmin tarixi dərsi öyrənməyə ehtiyac var”, – politoloq bildirib.”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password