Adi bir kəndli Şəmkirdə sovet hökumətini necə devirmişdi? – Şəmkir üsyanından 100 il ötür

Azərbaycan xalqının milli-azadlıq mübarizəsi tarixinin parlaq səhifələrindən biri olan 1920-ci il Şəmkir üsyanından 100 il ötür. Təəssüf ki, bu üsyan tariximizin ən az öyrənilən və barəsində az araşdırma aparılan məqamlarından biridir.

Məlum olduğu kimi, 1920-ci il 28 aprel işğalından qısa müddət sonra bütün Azərbaycanı üsyan bürümüşdü. İlk qığılcımlar Qarabağda görünməyə başlamışdı. Həmin vaxt, mayın 18-də bolşeviklər və qırmızı döyüşçülər Şuşada yeni hökumətə qarşı hazırlanan üsyandan xəbər tutub onun qarşısını ala bildilər. Eyni vaxtda Ucar və Bərgüşadda yeni rejimlə razılaşmayan əhali baş qaldırdı, dəmir yolu xəttində qatarların hərəkətini dayandırmağa cəhd göstərdi.

1920-ci il mayın ortalarından Bakıda sovet hakimiyyəti əleyhinə üsyana hazırlıq getdiyi barədə işğalçı bolşevik qüvvələrinə məlumat daxil olmuşdu. Və üsyanın qarşısını almaq üçün tədbirlər görülməyə başlamışdı. Lakin yeni hökumətə qarşı ilk qüvvətli üsyan Qarabağda başladı. Yerli əhali, xüsusən də daşnak Ermənistanının nizami qoşunlarına qarşı mübarizə aparmış Cümhuriyyət Ordusunun əsgər və zabitləri yeni rejimə qarşı nifrətini silahlı çıxışlarla ifadə edirdilər. Bu zaman Şuşada Qarabağ sakinlərindən ibarət 300 nəfərlik silahlı dəstə də formalaşmışdı. Qarabağda yaranmış gərgin vəziyyət, nəhayət, partlayışla nəticələndi. Mayın 21-də Tərtərdə yerli əhali buradakı 11-ci Qırmızı ordu bölmələrinə qarşı hücuma keçdi. Üsyançılar qalib gəldilər. 11-ci Qırmızı ordu hissələri 80 nəfərə qədər itki verdi. Tərtərdəki 11-ci Qırmızı ordu alayının komandiri Naumov öldürüldü. Üsyan Azərbaycanda sovet rejiminə qarşı ilk güclü müqavimət idi.

Bunun ardınca mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq üsyan başlanıb. Bu məşhur üsyana Azərbaycan ordusunun generalı Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları rəhbərlik edirdilər.

Üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı. Bir həftə ərzində hər iki tərəfdən üst-üstə təxminən 20 min adam öldü. Minlərlə gəncəli doğma yurdunu tərk etməyə məcbur oldu. Şəhər, demək olar ki, boşaldı.

Ancaq bu üsyanın vəhşilik və qəddarlıqla yatırılmasına baxmayaraq, Azərbaycanın bölgələrində bolşevik hakimiyyətinə qarşı üsyanlar səngimirdi. Belə üsyanlardan biri də Şəmkirdə baş verdi. Bu üsyan Şəmkirin Müskürlü kəndində başladı. Qırmızı ordu hissələrinə müqavimət göstərmək üçün burada da yerli əhalidən silahlı dəstə təşkil olunmuşdu. Digər bölgələrdə olduğu kimi, 11-ci ordu komandanlığı buradakı üsyanın da yatırılmasına böyük qüvvələr göndərdi. Şəmkirdə sovet qüvvələrinə qarşı qadınlar və uşaqlar da vuruşurdular.

Payızda daha da alovlanan həmin üsyana Namaz adlı bir kəndli rəhbərlik edirdi. Üsyançılar 500 nəfərlik dəstə ilə qəzanın böyük bir hissəsində sovet rejimini ləğv etmişdilər. Üsyan zamanı yerli əhalinin böyük əzmkarlığı və fədakarlığı ilə qarşılaşan Qızıl ordu çoxlu sayda itki verdi. Lakin əlavə qüvvə ilə təchiz olunan Qırmızı ordu hissələrinin çoxsaylı hərbi qüvvələri bu üsyanı da böyük qəddarlıq və amansızlıqla yatıraraq, yerli əhaliyə divan tutdu.

Əlbəttə ki, Azərbaycanın yenidən müstəqillik qazanmasında və adının, bayrağının yenə əziz tutulmasında qeyd etdiyimiz üsyanların şəhid qəhrəmanlarının da böyük mənəvi payı var. Odur ki, əvvəldə qeyd etdiyimiz kimi, bu üsyanların daha dərindən öyrənilməsi və onların qəhrəmanlarının tanıdılmasına ehtiyac var.(azpolitika.info)

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password