QAFQAZDA İSRAİL DRONLARI:Ermənistanın vurulmuş PUA-larla bağlı iddiaları mifdir – TƏHLİL

Set Frantzman

“Jerusalem Post”, 21.06.2020

Çərşənbə axşamı günü Ermənistanda sərgi keçirilib. Bu, sıradan bir sərgi deyildi. O, Ermənistan hərbi qüvvələrinin son münaqişə zamanı vurduğu və ya ələ keçirdiyi söylənən dron parçalarına həsr olunmuşdu.

Əşyalar arasında çox sayda dron var idi, onların bir çoxunu sosial media istifadəçiləri İsrail istehsalı olaraq tanıdıblar.

Son zamanlar Azərbaycan və Ermənistan arasında baş verən toqquşmalarda dronlar böyük rol oynayıb. Onlardan erməni mövqelərini hədəf almaq üçün istifadə olunur və hər iki tərəfin PUA itkiləri var.

Bununla belə, PUA və müdafiə şirkətlərinin məxfi aləmində dronların harada istehsal olunması və neçəsinin vurulduğunu izləmək çətin bir işdir.

Bu, Ermənistanın Azərbaycan tərəfində İsrail dronlarının istifadə olunmasına dair ilk iddiası deyil. “Flight Global” saytına istinadən bildirilir ki, 2016-cı ildə “ThunderB” pilotsuz təyyarəsi Dağlıq Qarabağda qəzaya uğrayıb və ya vurulub. Yenilik budur ki, vurulan və ya əməliyyatda istifadə olunan dronların fotoları iyulun 12-dən, toqquşmalar başlayandan bəri demək olar ki, hər gün yayımlanıb.

Azərbaycan PUA-lardan əməliyyatlarını sənədləşdirmək üçün istifadə edir, dronlardan bağlantılar vasitəsilə erməni mövqelərinə hücum videoları qeydə alınır. Bu, Bakının dronları öz silahlı qüvvələrinə dərin inteqrasiya etdiyini göstərir.

İyulun 21-də Ermənistanda məhv edilmiş Azərbaycan dronlarının nümayişi – Bakıya və İsrailə dronların qəzaya uğraması mesajıdır. Ən azı səthdə görünən budur. “Twitter”-də keçmiş ABŞ dəniz piyadası Rob Li (London Kral Kollecinin Müharibə Tədqiqatları Bölməsinin doktorantıdır) yazıb ki, Ermənistan və Azərbaycan arasındakı dron döyüşlərini sənədləşdirib. “Ermənistan Müdafiə Nazirliyi, İsrail istehsalı olan “ThunderB”, “Orbiter 3” və “SkyStriker” də daxil olmaqla, döyüş zamanı qəzaya uğrayan və ya vurulan bəzi Azərbaycan PUA-larını nümayiş etdirib”. Fotolardan görünür ki, bir neçə dron ələ keçirilib və bəlkə də vurulan çoxsaylı dron parçaları tapılıb.

Ancaq Ermənistanın görüntüsündə problem var. Bəzi dronların hələ əvvəllər, 2012 və 2016-cı illərdə sərgiləndiyi aydınlaşır.

Gəlin bildiyimizdən başlayaq. Bard Kolleci Dron Tədqiqatları Mərkəzinin tərtib etdiyi “Drone Databook”unun son nəşrində deyilir ki, Azərbaycanın İsraildən aldığı 8 fərqli dron növü var. Bunlara “Aerostar”, “Orbiter 1K” və “Aeronavtika Orbiter 3” daxildir.

“Orbiter 1K” – “boşaldılan silah” və ya kamikaze pilotsuz təyyarəsi kimi tanınır. Pilotsuz aparat təyyarə kimi davranır, ətrafında hədəf tapır, sonra kruiz raketi kimi ona çırpılır. 2019-cu ilin fevral ayında “Aeronautics”-in Azərbaycana yeni satışlarının başa çatdığı bildirilib. Ölkənin İsrail istehsallı kamikadze tipli dronlara təşnəsi var.

“Washington Post” qəzeti 2016-cı ildə ermənilərə qarşı bir “IAI” (İsrail Aerokosmik Sənayesi) “Harop”-undan istifadə etdiyini bildirib. Ermənistan 2016-cı ildə həmin hadisədən şikayət edib.

“Drone Databook”-a görə, “Harop” Bakı tərəfindən satın alınan digər PUA-larla birlikdə 2011-ci ildə ölkəyə idxal olunub. Bunlara “Elbit Systems Hermes 450” və eyni ildə əldə edilən “Orbiter 1K” daxildir. Bu o deməkdir ki, 2011-ci ildə Azərbaycan pilotsuz arsenalında inqilab etməyə çalışıb.

Məqsədli qətllərdə və ya silahlı hücumlarda dronlardan istifadə nisbətən yeni bir hadisədir. ABŞ terrorla qlobal müharibə zamanı silahlı dronlardan istifadəni sürətlə artırıb. 2011-ci ilə qədər yalnız bir neçə ölkənin silahlı dronları var idi və kiçik Azərbaycan onlardan biri idi. 2016-cı ildə ölkə “Orbiter 3” və böyük “Heron TP” əldə edib.

“Drone Databook”-a görə, 2018-ci ildə İsrailin “Hermes 900” və “SkyStriker”-i satın alınıb. 2019-cu ilin yanvar ayında “Azeri Defence”-in veb saytında “SkyStriker” satışı ilə Bakının pilotsuz arsenalını növbəti səviyyəyə qaldırdığı bildirilib.

Həmçinin, “Drone Databook” Azərbaycanın əldə etdiyi dron sayını bir foto ilə göstərib. Ölkədə 100 – “SkyStriker” və 50 – “Harop”-un olduğu iddia edilir, halbuki o, “Hermes 900” və “450” kimi bir neçə daha böyük nəzarət dronuna sahibdir.

Azərbaycan, eyni zamanda, “Azad” sistemi vasitəsi ilə “Aeronavtika”-nın yerli iki növ dronunu istehsal etmək üçün lisenziyalar əldə edib.

Ümumi məbləği müəyyənləşdirmək çətindir. Bəzi dronlar döyüşdə itirilib. Erməni qüvvələri 2018-ci ilə qədər ən azı 22-ni endirdiyini iddia edirlər. İndi bu siyahı daha böyükdür.

“Elbit Systems”-in onlayn sənədində “SkyStriker”-in 5 kq-lıq döyüş başlığı ilə hədəf üzərində iki saata qədər dolaşa bildiyi söylənir. O, 20 km məsafədəki hədəfi vura bilər.

“Flight Global” “Orbiter 1K”-ın kiçik (çəkisi 1 ilə 2 kq arasındadır) bir neçə saat, döyüş başlığı 15 kq olan “Harop”-un daha çox uça biləcəyini iddia edir.

Erməni mənbələri iyulun 12-dən bəri İsrail dronlarının endirildiyini iddia etdiklərini göstərən çox sayda foto yayımlayıblar: iyulun 20-də bir “SkyStriker”-in fotosu, digər bir fotoda “SkyStriker”-in (iyulun 17-də) yanında iki nəfər… Otlaq sahəsində “Orbiter 3” (iyulun 18-i)…

Dron görüntülərindən hər iki tərəf istifadə edib, lakin Azərbaycanın pilotsuz təyyarələri Ermənistanın görüntülərindən daha aydındır. Ermənistan yerli istehsal olan dronlardan istifadə edir və Azərbaycanla eyni texnologiyaya malik deyil. Azərbaycan iyulun 16-da ən azı bir erməni pilotsuz təyyarəsini vurduğunu deyib.

Rob Linin erməni hədəflərinə hücumlarla bağlı Azərbaycan videolarının təhlilinə əsasən, İsrailin başqa silahlarından da istifadə olunur. İyulun 15-də bir videoda İsrailin “Rafael”-nin “SPIKE NLOS”-u ortaya çıxıb. O, “NLOS” raketlərinin istifadə oluna biləcəyi bir neçə videonu müəyyənləşdirib. Bu həmlələrin əksəriyyəti iyulun 15-də olub. Azərbaycanın “SPİKE” ailəsi raketlərindən istifadəsi ən azı 2016-cı ilə təsadüf edir.

“Rafael” 33 ölkənin istifadəsində olan çox sayda “SPIKE” raketi istehsal edir. 30.000 raket satılıb və 5 mini atılıb, lakin bütün müştərilərə dair təfərrüatlar açıqlanmır, o cümlədən Azərbaycanla bağlı. “NLOS”-un 30 km radius məsafəsi var. “Rafael”, eyni zamanda, 10 km məsafəyə sahib olan “SPIKE ER2” və ya uzaqmənzilli raket hazırlayır.

Azərbaycanla Ermənistan arasındakı toqquşmaların nəticəsi həlledici olmayıb, lakin gərginlik artmaqdadır. İndi həm Rusiya, həm də Türkiyə rollarını oynayır, habelə İran vasitəçilik təklif edir. Böyük ölkələrin hamısı Suriya ilə bağlı müzakirələrdə iştirak edir. Bu o deməkdir ki, Qafqazdakı münaqişə daha böyük nəticələrə səbəb ola bilər.

Türkiyə Azərbaycana, özünün “Bayraktar” dronları da daxil olmaqla, daha çox silah tədarük etmək istədiyini açıqlayıb. Rusiya Ermənistanın silahlarını artıra bilər.

İsrail əvvəllər də Qafqazdakı qarşıdurma mövzusunda mübahisələrin ortasına düşüb. Rusiyanın “MiG-29”-ları ilə dəstəklənən Gürcüstandakı Rusiyayönümlü qruplar, BMT-nin 2008-ci ildəki hesabatına görə, İsrail istehsalı olan “Hermes 450” dronunu vurub.

Rusiya Gürcüstanın dronlardan istifadə etməsini aşkarladıqdan sonra daha çox drona ehtiyac duyduğunu müəyyənləşdirib və 2015-ci ildə 10 ədəd “IAI Searcher MK II” dronu satın alıb. Nəticədə, onları öz “Forpost” PUA-sının hazırlanmasında istifadə edib. 2016-cı ildə “Defense24” Rusiyanın ABŞ-ın təzyiqi ilə İsrail lisenziyası olan dron istehsalını dayandıracağını bildirib.

Ancaq Rusiya bəzi hallarda İsrail modellərinə əsaslanan dron hazırlamaqda davam edir. 2019-cu ildə yerli KİV-lər Rusiyanın İsrail texnologiyasını, əsasən optikanı özününkü ilə əvəzlədiyini bildirib.

1970-ci illərdən etibarən münaqişələrdə dronların istifadəsinə İsrailin təsiri böyükdür. İndi o, Azərbaycan və Ermənistan arasındakı münaqişəyə kölgə salır. Sosial media analitikləri sual verir: Ermənistan vurulan və ya qəzaya uğrayan dronlarla bağlı bütün təfərrüatı açıqlayırmı? O cümlədən İsrail dronlarının uğurlu olub-olmamasını…

Dronları vurmaq üçün müxtəlif sistemlər mövcud olsa da, Ermənistanın bu sistemlərə sahib olub-olmadığı bəlli deyil. PUA-ların vurulduğuna dair bəzi iddialar, daha dərindən yoxlanıldıqda, mif kimi səslənir. Məsələn, Liviyada onlarla pilotsuz təyyarənin vurulduğu iddia olunur, halbuki, “Drone Wars UK”-in bildirdiyinə görə, aprel-may ayları ərzində cəmi 14-ə yaxın PUA vurulub.

İsrail hakimiyyəti Azərbaycanın İsrail dronlarından istifadəsi və şirkətlərlə bağlı şərh verməyib. Bakının dronlardan necə istifadə etdiyini və Ermənistanın onları vurmasını qiymətləndirmək çətindir. Lakin görüntülər göstərir ki, Azərbaycan artilleriya atəşi zamanı onlardan səmərəli istifadə edib, həmçinin Ermənistana qarşı aparılan informasiya müharibəsi çərçivəsində Azərbaycanın imkanlarını nümayiş etdirən videoçarx bunu isbatlayır.

Tərcümə: Strateq.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password